Ədalətə qarşı yönələn etirazlar fayda verməyəcək
Siyasət

Ədalətə qarşı yönələn etirazlar fayda verməyəcək

Azərbaycan öz gücünü, qüdrətini dəfələrlə təsdiq edib. 44 gün davam edən haqq savaşımızdan sonra 23 saatlıq lokal xarakterli antiterror tədbiri ilə bir daha sübut etdik ki, Odlar yurdu qarşısına qoyduğu bütün hədəflərə nail olur. Biz sadəcə illərdir beynəlxalq güclər tərəfindən bərpa olunmayan ədaləti öz gücümüzə bərpa etdik.

Odur ki, son günlərin əsas müzakirə mövzularından biri hələ də Ermənistanın işğalı altında olan Azərbaycan kəndlərinin təhvil verilməsidir. Azərbaycan qəti tələbini səsləndirib və indi növbə Ermənistanındır. Ədalət prinsipinə əsaslanaraq qarşı tərəfə vaxt verilib ki, necə deyərlər, yüz ölçüb, bir biçib düzgün qərar versin.

Hazırda görünən mənzərə odur ki, baş nazir Nikol Paşinyan həmin kəndlərdəki ermənilərə başa salmağa çalışır ki, əgər bu əraziləri könüllü boşaltmasalar, Azərbaycan hərbçiləri hərəkətə keçəcək. "Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, həftənin sonuna qədər yeni müharibə ola bilər. Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: "Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma axı siz hər şeyi bilirdiniz". Baş nazir həmçinin deyib ki, Ermənistan Azərbaycanla müharibəyə yol verməməlidir. Tovuz rayonunda Baqanis kəndindən Berkaber kəndinə qədər sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var. Qeyd edək ki, N.Paşinyan Tovuz sakinləri ilə görüşə əlinə Ermənistanın xəritəsinin maketini alaraq gedib. Bu da o deməkdir ki, "bizim ərazimizdən kənar kəndlər bizim deyil".

Bununla yanaşı, Paşinyan hakimiyyətin Tovuzda erməni kəndlərinin mühasirəsini istisna etmək üçün yeni yollar salmağı planlaşdırdığını açıqlayıb. Buna əsasən, baş nazirin Milli Assambleyada "Vətəndaş paktı" fraksiyasının deputatları ilə qapalı görüşü baş tutub. Qeyd edək ki, əvvəlcədən planlaşdırılan görüş Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün müraciətinin müzakirəsi ilə bağlı olmalı idi, amma dörd yaşayış məntəqəsinin gündəmə gəlməsi ilə hər iki məsələ müzakirə edilib. Ermənistan baş naziri açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O, kobud şəkildə eyham vurub ki, yaxın günlərdə üçüncü ordu korpusu həmin ərazilərdən çıxarıla, Azərbaycanın 4 yaşayış məntəqəsi öz sahiblərinə qaytarıla bilər. Əks halda, Azərbaycan müharibə ilə qalib gələcək. Maraqlıdır, Nikol Paşinyan birtərəfli güzəşt deyəndə nəyi nəzərdə tutur? Nə vaxtdan başqasının torpaqlarından çıxmaq qarşı tərəfə güzəştə getmək sayılır? Bundan başqa, Ermənistan hakimiyyətinin 4 kəndin qaytarılması ilə bağlı verdiyi açıqlamalardan onu anlaya bilərik ki, burada söhbət kəndlərin mərhələli şəkildə qaytarılmasından gedir. Azərbaycan tərəfi yarımçıq anlaşmalara bu günə qədər heç vaxt razı olmayıb. Bir tərəfin bizə verilib, digərinin yenə illərlə düşmən tapdağı altında qalması şübhəsiz ki, qəbuledilməzdir. Odur ki, "Dəmir yumruğ"u yaxşı tanıyan Qərb qonşumuz yəqin ki, belə addım atmaz.

Görüş çərçivəsində bəzi deputatlar bildiriblər ki, kəndləri müharibə yolu ilə vermək daha yaxşıdır, çünki birinci halda xalqın etirazı ola bilər. Nikol Paşinyan isə açıqlayıb ki, o, belə yolu istəmir, çünki Azərbaycan hərbi yolla nəinki mənsub olduğu əraziləri ala bilər, hətta Loriyə, İrəvana da çatar. Baş nazir deyib ki, başqa variant yoxdur, kəndlər geri qaytarılmalıdır. Lakin hazırda Ermənistanda olan revanşistlər və keçmiş Qarabağ klanının üzvləri anklav olmayan kəndlərin qaytarılmasına müqavimət göstərirlər. Həmçinin keçmiş müdafiə naziri Seyran Ohanyan ordunu hökumətə tabe olmamağa çağırıb. Paşinyan administrasiyası onları zərərsizləşdirmək istiqamətində işlər aparır. Baş nazir yaxşı bilir ki, bu addımlar düzgün deyil və Azərbaycana qarşı olan hər hansı çıxış Ermənistanın sonu ola bilər.

Həmin kəndlərin nə vaxt geri qaytarılacağı isə əsas müzakirə mövzularından idi. Martın son həftəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistan İctimai Televiziyasının efirində sərhədlərin delimitasiyası və demarkasiyası xəritəsini nümayiş etdirib. Burada İrəvanın nəzarətində olan və yaxın vaxtlarda Azərbaycana qaytarılacaq 4 kəndin yeri də göstərilib. Qırmızı ilə işarələnən hissələrə diqqət yetirən televiziya anons edib ki, işarələnən kəndlər tezliklə Azərbaycana təhvil veriləcək. Yəni Ermənistan hakimiyyəti rəsmi telekanaldan bunu açıqlayaraq əhaliyə hər şeyi bəyan edib. Odlar yurdunun himayəsindən məhrum qalan kəndlərimiz tezliklə əsl sahiblərinə qovuşacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".