Əkinlərin vaxtlı-vaxtında və keyfiyyətlə suvarılması bol məhsulun başlıca şərtidir
İQTİSADİYYAT

Əkinlərin vaxtlı-vaxtında və keyfiyyətlə suvarılması bol məhsulun başlıca şərtidir

Hamıya məlumdur ki, kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə olunmasında melioratorların üzərinə böyük vəzifələr düşür. Əkinlərin vaxtlı-vaxtında və keyfiyyətli suvarılması bol məhsulun başlıca şərtidir. Ona görə də yeni ilin ilk aylarından etibarən bütün bölgələrdə melioratorlar səylə çalışırlar. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Yevlax rayonunda meliorativ tədbirlər uğurla davam edir.

Yevlax Suvarma Sistemləri İdarəsi rayonun 42400 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edir. Əkin sahələri 2 üsulla (mexaniki və öz axımı ilə) suvarılır. Öz axımı ilə 29496 hektar, mexaniki üsulla isə 12901 hektar. Mexaniki üsulla suvarma 41 ədəd nasos stansiyası  vasitəsilə həyata keçirilir. İdarənin əsaslı təmir hesabına Aran, Aran-2 və Malbinəsi nasos stansiyalarında elektrik avadanlıqları yenilənib, torpaq məcralı Qum kanalında 1 kilometr, Salahlı beton kanalında 0,5 km hissəsində üzərindəki qurğularla birlikdə əsaslı təmir olunaraq istifadəyə verilib. Görülmüş işlər nəticəsində su itkisinin qarşısı alınıb. Hazırda torpaq məcralı kanala beton üzlük çəkilir.

Qeyd edək ki, Yevlax rayonunda əsas su mənbələri Kür çayı, Əlican çayı, Tərtər çayı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı və subartezian quyularıdır.

Tərtər  rayonunda   da  əkin sahələrinin növbəti suvarma mövsümündə su ilə təminatının yaxşılaşdırılması üçün Tərtər Suvarma Sistemləri İdarəsi tərəfindən hazırlıq işləri davam edir. Su itkisinin  qarşısının  alınması  üçün arxların lildən və kol-kosdan təmizlənməsi, o cümlədən torpaq məcralı kanalların beton üzlüyə alınması da görülən işlərdən biridir. Əkin sahələrinin suvarılmasına 627 kilometrə yaxın təsərrüfatlardaxili və təsərrüfatlararası arxlar xidmət göstərir.

Qeyd edək ki, Tərtər Suvarma Sistemləri İdarəsi  29133 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Əkin sahələri Tərtər çay, İncə çay, subartezian quyuları və Yuxarı Qarabağ kanalı üzərində quraşdırılmış Bəyimsarov nasos stansiyası vasitəsilə suvarılır.

Nəriman  CAVADOV,

“Respublika”.