Elton  İsgəndərov
Sosial həyat

Elton  İsgəndərov

Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun. Tarixin bütün dönəmlərində sərhədlər mühüm əhəmiyyət daşıyan atribut kimi dəyərləndirilib və bu gün daha böyük önəm kəsb edir. Sərhədləri qorumaq isə hər bir vətəndaş üçün ən müqəddəs vəzifələr sırasında olub. Bu ünvanlar həm də mənsub olduğu dövlətin qapısı sayılıb. Məhz ona görə də “Vətən sərhəddən başlayır” deyimi dünən də, bu gün də işlətdiyimiz çox dəqiq ifadədir. Sərhədçi qəhrəmanımız İsgəndərov Elton Xaləddin oğlu 21 oktyabr 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olub. 1997-2008-ci illərdə doğulduğu kənddə orta təhsil alıb. Elə həmin il Samux Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb.

 Onun dünyaya gəlişi elə bir vaxta təsadüf edirdi ki... Bir tərəfdən Qanlı yanvar faciəsi, digər tərəfdən isə Qarabağda erməni ordularının törətdikləri qatı cinayətlər... Elton hələ lap gənc yaşından Vətəni qorumağı, ona şərəflə xidmət etməyi öyrənmişdi. Hərbiyə getdiyi ilk gündən özünü nümunəvi əsgər kimi göstərərək əsgər və zabitlərin dərin hörmətini qazanmışdı. Elton qısa müddət ərzində Sərhəd Qoşunlarında təlim keçdikdən sonra Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı Hərbi Hissədə xidmətə başlayır. Xidmət etdiyi dövrdə Sərhəd Xidmətinin Komandanlığı tərəfindən dəfələrlə ailəsinə “Təşəkkür məktubu” göndərilmiş, “Dövlət sərhədlərinin mühafizəsində göstərdiyi xidmətə görə” döş nişanı ilə təltif edilmişdi.

Şəhidin mənzil-muzeyində nümayiş olunan həmin məktublardan birində deyildiyi kimi:  “Əziz valideynlər, siz intizamlı, hünərvər, çalışqan oğlunuzla fəxr edə bilərsiniz...”.

 Qəhrəmanın mənzil-muzeyindəki başqa bir sənəddə polkovnik Zəki Cəlilovun imzaladığı bir əmrdə deyilir: “10 may 2009-cu il tarixində dövlət sərhədinin mühafizəsi zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə, sayıqlıq və peşəkarlıq göstərərək sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycana narkotik vasitənin keçirilməsinə cəhdin qarşısının alınmasında fəallıq göstərdiyinə görə əsgər Elton Xaləddin oğlu İsgəndərov “Xidmətdə fərqlənmiş sərhədçi döş nişanı” ilə təltif edilsin”. Elton İsgəndərov belə bir oğul idi - mərd, cəsur və fədakar!

18 iyun 2009-cu il... Sərhəd məntəqəsində qəfildən bir qrup sərhəd pozucuları görünür. Daim sərhədi göz bəbəyi kimi qoruyan əsgərlərimiz öz yerlərində möhkəm dayanmışdılar. Az sonra sərhəd pozucuları yaxalandıqlarını hiss edib əsgərlərimizi atəşə tuturlar. Güclü döyüş başlanır. Döyüşün həlledici anıydı. Cinayətkar dəstə sərhədçilərdən yaxa qurtarmağa çalışırdı. Elə bu an cinayətkarlardan biri sərhədçilərimizin cəmləşdiyi mövqeyə qumbara atır. Elton dərhal özünü partlayacaq qumbaranın üzərinə atmaqla zabit və əsgər yoldaşlarını ölümün pəncəsindən xilas edir.

       Qəhrəmanımızın atası Xaləddin İsgəndərov oğlunun göstərmiş olduğu qəhrəmanlıqla fəxr etdiyini və Azərbaycanımızda Elton kimi vətənpərvər oğlanların sayının on minlərlə, yüz minlərlə olduğunu bildirir. Eltonun qəhrəmanlığı gənclərimiz üçün ən böyük örnəkdir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli fərmanı ilə İsgəndərov Elton Xaləddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

 2019-cu ilin iyununda Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Elton İsgəndərovun adı verilmiş və məktəbin qarşısında büstü qoyulmuşdur. Qəhrəmanlarımızın, Vətən, dövlət uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək hamımızın mənəvi borcudur.

                                                                                             M.MİRZƏ,

                                                                                          “Respublika”.