Ərgünəş  dağının ətəyində ucalan şəhər
Digər xəbərlər

Ərgünəş  dağının ətəyində ucalan şəhər

İşğalçı üzərində böyük Qələbənin və şanlı Zəfərin iki ili tamam oldu. Otuzillik işğala və hərbi təcavüzə son qoyan qüdrətli Azərbaycan dövləti bəlkə də dünya tarixində olmayan bir ilkə imza atdı, qəsbkarlardan azad edilən torpaqlarda dərhal minaların təmizlənilməsinə başlanıldı və ardınca isə ilk infrastruktur layihələrin icrası həyata keçirildi. Əlbəttə, bu, Azərbaycanın iqtisadi gücünü, əzmini, iradəsini aydınlığı ilə əks etdirir, həmçinin torpağa məhəbbətin, yurda sevginin, ocağa hörmətin ən dəyərli əlaməti hesab olunur. Dövlətimizin başçısının Sərəncamı ilə iqtisadi rayonların yeni bölgüsü aparıldı,  iki yeni -Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. İşğaldan azad edilən ərazilərdə yolların çəkilməsinə,  körpülərin tikilməsinə başlanıldı. Tamamilə dağıdılmış enerji təsərrüfatının yenidən qurulması, kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi, Qarabağ və Şərqi Zəngəzurda üç hava limanının tikilməsi düşmən tərəfindən yandırılmış və dağıdılmış torpaqlara qayıdışın bünövrəsini qoydu. Artıq iki yeni və müasir hava limanı Füzuli və Zəngilan rayonlarında qısa müddət ərzində tikilərək istifadəyə verilib. Qısa müddətdə iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verir.

Qarabağda və Şərqi Zəngəzurda son iki il ərzində tamamlanmış və istifadəyə verilmiş obyektlərin siyahısı adamda qürur və iftixar hissi yaradır.  Hava limanları,  yaşayış məntəqələri,  avtomobil və dəmir yolları,  körpülər,  tunellər,  su anbarları,  elektrik stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması təkcə qonşuların deyil, bütün dünyanın diqqətini cəlb edir.  Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb və bu mühüm dövlət sənədində altı strateji hədəf əsas məqsəd kimi qarşıya qoyulub. Bura təhlükəsizlik,  müasir yaşayış məntəqələrinin salınması,  əhalinin dayanıqlı məskunlaşması,  əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması,  ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsi daxildir. Hazırda həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə,  əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafının təmin olunmasına xidmət edir.  

Böyük Qayıdışla bağlı Dövlət Proqramının birinci mərhələsi (2022-2026-cı illər) müasir infrastrukturu və tarixi məskunlaşmanı özündə ehtiva etməklə yanaşı, 30 ilə yaxın doğma yurd yerlərindən,  elindən, obasından didərgin düşmüş,  ata-baba ocağı sönmüş  keçmiş məcburi köçkünlərin nisgilinin,  həsrətinin bitdiyini göstərən yeni bir tarixin şərəfli səhifəsinə çevrilir. İşğaldan azad edilən ərazilərdə həyata keçirilən kompleks tədbirlər və yeni quruculuq işləri Qarabağda və Şərqi Zəngəzurda iqlimdən,  yeraltı və yerüstü təbii sərvətlərdən,  əkin sahələrindən,  su ehtiyatlarından,  termal mənbələrdən və s.  səmərəli istifadə ölkəmiz və region üçün yeni imkanlar açacaq. Bu torpaqlarda keçmiş məcburi köçkünlərin yerləşməsi milli qürurun təntənəsinə çevriləcək,  qədim torpaqlarda təkamül dövrü başlayacaq.

Yuxarıda qeyd etdiyimiz kimi, ötən iki il ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırıldı,  eyni zamanda yeni layihələrin təməli qoyuldu.  Ermənistanın xarabalığa çevirdiyi Füzuli şəhərinin qalıqları,  azərbaycanlıların evlərinin dağıdılması,  yarıuçuq divarların görkəmi erməni vəhşiliyinin necə amansız olduğunu göstərir. Qeyd edək ki, tarixi qələbəmizin ilk müjdəsi  və işğaldan azad edilən ərazilərdə ilk layihələrin icra edilməsi Füzuli rayonundan başlandı.  Füzuli şəhərinin Baş planı təsdiq edilib və burada yeni, müasir, modern bir şəhər tikilir. Lazımi infrastrukturun yaradılması ilə yanaşı, şəhərdə yeni yaşayış məhəllələrinin inşası da sürətlə aparılır.  Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi 8, 9 hektar ərazini əhatə edir.  Ərazidə 846 mənzildən ibarət 38 bina inşa olunacaq.  Binalar 4,  5,  6 və 7 mərtəbəli olacaq.  Mənzillərin 318-i ikiotaqlı,  430-u üçotaqlı,  98-i isə dördotaqlıdır.  Bütün binalar yeraltı dayanacaqla və liftlə təmin olunacaq.  Yaşayış məhəlləsində hər biri 950 kubmetr olan 2 su anbarının,  qazanxananın,  elektrik yarımstansiyasının da tikintisi nəzərdə tutulub.  Binalar mərkəzləşmiş istilik sistemi ilə təchiz ediləcək.

Artıq 24 binada tikinti işləri aparılır,  14 binada isə tender həyata keçirilir.  Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. İş icraçısı Yengibar Məmmədhəsənov yaşayış məhəlləsində görülən işlər barədə məlumat verərək bildirir ki,  hazırda birinci məhəllədə inşa olunan 6 binada dəmir-beton konstruksiyaların quraşdırılması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.  Bununla yanaşı,  xarici divarların hörgüsü və suvaq işləri də həyata keçirilir. Füzuli sakini Vüqar Hüseynov deyir:

 -Ermənistan Füzuli şəhərini işğal edəndə 14 yaşım var idi. Valideynlərimlə birlikdə köçkünlüyün ağır şərtləri altında yaşadıq, lakin bircə gün də olsun inamımızı itirmədik. 29 ildən sonra ayaqlarım Füzuli torpağına dəydi.  Allah şəhidlərimizə rəhmət eləsin,  qazilərimizə cansağlığı versin.  Xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində torpaqlarımız işğaldan azad edildi və mən bu gün öz rayonumda tikinti işlərində iştirak edirəm.  İnşallah tezliklə tikinti işləri yekunlaşar,  qayıdıb öz torpağımızda, öz evlərimizdə yaşayarıq.

Rayonun Zərgər kəndindən olan Elçin Quliyev isə ikiqat sevinc keçirdiyini bildirir:

-Vətən müharibəsi iştirakçısıyam.  Füzuli,  Xocavənd,  Qubadlı,  Zəngilan,  Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Dövlətimiz tərəfindən medallarla təltif edilmişəm.  İndi isə Füzuli şəhərinin tikintisində çalışıram.  Sevincimin həddi-hüdudu yoxdur.  Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm.

Keçmiş döyüşçünün Vətən müharibəsində silah tutan əlləri indi maladan, çəkicdən yapışıb, alın təri ilə öz doğma şəhərinin ucalması üçün var qüvvəsini əsirgəmir, inşa etdikləri binaların əzəməti ilə haqlı olaraq fəxr edir.  Şanlı Azərbaycan ordusu Füzulini işğalçılardan azad ediləndən sonra dövlət tərəfindən burada yenidənqurma və bərpa işlərinə başlanıldı və hazırda sürətlə və keyfiyyətlə davam etdirilir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva keçən il  oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar.  Baş plana əsasən Füzuli şəhəri ən müasir və analoqu olmayan bir yaşayış məskəninə çevriləcək. Yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik  və həm də analoqu olmayan bir şəhər olacaq.

Salman ALIOĞLU,

“Respublika”.