Ermənistan hərbə meyillənir
Siyasət

Ermənistan hərbə meyillənir

Regionda baş verən hadisələr fonunda Ermənistanın revanşist mövqeyi sülh prosesinə əngəl törədir. 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirlərində məğlubiyyətlərindən nəticə çıxarmayan haylar Azərbaycanın sülh təklifini hələ də geri çevirir.

Sərhədlərin delimitasiya və demarkasiyası, mina xəritələrinin tam təhvil verilməməsi, kommunikasiyaların bərpa edilməməsi ilə yanaşı, kütləvi şəkildə silahlanma prosesinə start verən rəsmi İrəvan öz labüd sonunu hazırlayır. Məlumdur ki, silahlandırma prosesində yaxından iştirak edən xarici oyunçular siyahısının başında Fransa və Hindistan durur. Anti-Azərbaycan mövqeyi sərgiləyən bu qüvvələr hər vəchlə regional destabilliyi qorumağa çalışırlar. Bu mənada, Ermənistanın hərbi-diplomatik müstəvidə ruhlandırılması prosesi vüsət alıb. Erməni lobbisinin vəd etdiyi müxtəlif dividendlər əsasında reallaşdırılan bu çirkin planlar Azərbaycan dövlətinin diqqətindən yayınmır. Düşmənə “dəmir yumruğun” yerində olduğu daim xatırladılır.

Qeyd edək ki, Fransanın Ukrayna üçün nəzərdə tutduğu "Bastion" zirehli texnikasını Ermənistana göndərməsi, bundan başqa, yaxınmənzilli "Mistral" HHM sistemlərinin satın alınması barədə memorandum imzalanması Ermənistanı növbəti münaqişələrə sövq etmək üçün atılan addımdır. Bununla yanaşı, Hindistandan çoxlüləli "Pinaka" reaktiv raket qurğularının, tank əleyhinə "Konkurs" raketlərinin alınması onu deməyə əsas verir ki, iqtisadi, siyasi və sosial xaosun hökm sürdüyü Ermənistanda sular daha çox bulanacaq. Bununla da Paşinyan hökumətinin üzləşdiyi dilemmalar daha çox artacaq. Rusiyanın orbitindən uzaqlaşan hayların yeni "qoruyucuları" onlara güc, əmin-amanlıq, bir sözlə rifah vəd etsələr belə hərbi aktivliyin hökm sürməsinə paralel verilən sözlərin nə qədər boş olduğu ortadadır. "Pinaka", "Bastion", "Konkurs", "Mistral", indi isə "Akaş"larla aldadılan Ermənistan dövləti anlamalıdır ki, "sınıq-salxaq" hərbi texnikalarla Azərbaycana qarşı üstünlük əldə etmək qeyri-mümkündür. Üstəlik, alınan həmin silahlardan ölkəmizə qarşı istifadəyə cəhd Hayastan üçün növbəti fəlakətin başlanğıcı olacaq.

Ermənistan hökumətinin yaydığı məlumata görə, haylar ötən illə müqayisədə hərbi xərcləri 11 faiz artıraraq 640 milyon dollardan 710 milyon dollara çatdırıb. Maraqlıdır, iqtisadi kollapsın həndəvərində fırlanan Ermənistan bu gəlirləri necə əldə edir? Əlbəttə ki, ABŞ-ın Rusiyaya qarşı tutduğu mövqe bu məqamda da özünü büruzə verir. Məhz ABŞ-Ermənistan hökumətlərarası məsləhətləşmələr nəticəsində Rusiyadan "qorunmaq" üçün bir sıra qərarlar alınmışdır. Rusiya Ermənistana təzyiq göstərərsə və ya embarqo tətbiq edərsə, ABŞ-ın Ermənistana dəstəyi daha da artacaq. Razılaşmalara əsasən, Ermənistan dizel yanacağı və lazımi enerjidaşıyıcılarla, "Metsamor" Atom Elektrik Stansiyasının alternativ nüvə yanacağı ilə tam təchiz ediləcək. Digər tərəfdən Ermənistan ordusu lazımi hərbi texnika, uniforma və silahlarla təmin olunacaq, ölkənin təhlükəsizlik orqanları, o cümlədən polisi lazımi texniki dəstək alacaq.

İstənilən halda Ermənistanın yardımlar hesabına formalaşdırdığı hərbi "gücü" sadəcə özünə ziyan verə bilər. Son olaraq ölkələrin hərbi güc üzrə reytinqini tərtib edən "Global Fire Power"in 2024-cü il üzrə hesabatına nəzər salsaq, Ermənistanın 102-ci yerdə qərarlaşdığını görərik. Region ölkələri arasında ən aşağı göstəriciyə sahib olan Ermənistanın revanşist yanaşmasının artması isə heç bir məntiqə uyğun gəlmir. Bu məqamda Albert Eynşteynin sitatını vurğulamaq yerinə düşər: "Eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləyən insan axmaqdır. Axmaqlarla dolu dünya dözülməzdir. Çünki dahiliyin mütləq bir sərhədi vardır, lakin axmaqlığın isə əsla…". Yəni Ermənistan siyasi-diplomatik müstəvidə nə qədər bu xətt üzrə irəliləsə də, "müsbət" nəticə əldə edə bilməyəcək. Destruktivlik, pozuculuq və hədə-qorxu davamlı inkişaf və tərəqqini gətirməyəcək.

Ölkəmiz, xüsusilə son üç il ərzində hərbi sahədə böyük inkişaf yolu keçmişdir. Keçirilən antiterror tədbirləri bunu bir daha sübut etdi. Bununla yanaşı, bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlara həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı bu məsələyə bir daha aydınlıq gətirib: "Yəni, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq "Bastion" maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik".

Sadalananların fonunda baş verəcək hər hansı bir təhlükədə Ermənistan kimi Fransa, Hindistan və ABŞda məsuliyyət daşıyacaq. Ermənistan nə qədər silahlansa da, Azərbaycanla ayaqlaşa bilməyəcək. Regionda sülh və sabitlik üçün Ermənistana silah və hərbi texnika əvəzinə, düzgün yol göstərilməlidir. Çünki Azərbaycan ilə normal qonşuluq münasibətlərinin qurulmaması, öhdəliklərin yerinə yetirilməməsi və sülh müqaviləsinin imzalanmaması Ermənistanın sonunu gətirə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, Ermənistana silah verilməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı qarışıqlıq baş verərsə, bunun günahkarı regiona təsir etməyə çalışan qüvvələrdir.

Nurlan ABDALOV,

"Respublika".