Ermənistanın regionda xəyanət ritorikası
Digər xəbərlər

Ermənistanın regionda xəyanət ritorikası

Böyük güclərin ərköyün övladına çevrilən Ermənistan uzun illərdir ki, etdiyi səhvlərə görə cəzalandırılmadığı üçün bu gün onun bir dövlət kimi formalaşmasında əsas pay sahibi olan Rusiyanın üzünə ağ olmaqda özündə cəsarət tapa bilib. Xüsusilə, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra çoxvektorlu siyasət bəhanəsilə üzünü Moskvadan döndərən İrəvan ABŞ və Fransa kimi dövlətlərin təsiri ilə tamamilə Qərbə tərəf meyillənmək niyyətindədir.

Baş verən son hadisələr, Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi deyilənləri bir daha təsdiq edir. Təbii olaraq Rusiyaya qarşı yönəlmiş bu destruktiv yanaşma Moskva rəsmilərinin gözündən qaça bilməzdi. Rusiyanın Kollektiv Qərblə apardığı soyuq müharibə fonunda tərəfdaş ölkəsinin ona arxa çevirməsi artıq səbir kasasının daşmasına səbəb olub. Azərbaycan və Gürcüstandan fərqli olaraq Cənubi Qafqazda Rusiyaya daha yaxın olan Ermənistanda vətəndaşlar arasında keçirilən sorğunun da nəticələri onu göstərir ki, şimal qonşumuz bu ölkədə əvvəlki reputasiyaya sahib deyil.

Son günlərdə iki ölkənin rəsmi şəxsləri arasındakı söz davası gərgin münasibətləri pik həddə çatdırıb. Belə ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, Rusiya tərəfi son vaxtlar Ermənistan rəsmi dairələrində və siyasi elitasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük və ikitərəfli müttəfiqlik əlaqələrinin davam etdirilməsi ilə bağlı, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair 2020-2022-ci illərdə Moskva, Bakı və İrəvan tərəfindən imzalanmış sazişlərin həyata keçirilməsinə müəyyən şübhələrin olduğunu qeydə alıb. Həmçinin Ermənistan rəhbərliyi bir sıra tədbirlər, o cümlədən Roma statusunun ratifikasiya edilməsi, baş nazirin arvadı Anna Akopyanın Kiyevə səfər etməsi və humanitar yardım aparması, Ermənistan ərazisində ABŞ-ın iştirakı ilə hərbi təlimlər keçirilməsi kimi, qeyri-dost tədbirlər həyata keçirir. Bununla əlaqədar, Rusiya XİN Ermənistanın Moskvadakı səfirini xarici siyasət idarəsinə çağıraraq kəskin etiraz edib və ona nota verib. Rusiyanın kəskin etirazı Paşinyan hökumətinə müxalif olan dairələri daha da hiddətləndirib. Ermənistanın "Hraparak" nəşri Rusiyanın Ermənistana nota verməsini qarşı tərəfin vurduğu yumruq, Ermənistan hökumətinin isə bundan ləzzət aldığını deyib. "Ancaq əminik ki, bu sərt bəyanat onların əhvali-ruhiyyəsinə heç bir şəkildə təsir etməyib, əksinə olaraq bir tərəfdən, bu, Qərbə onların göstərişlərini nə dərəcədə yaxşı yerinə yetirdiklərini və Ermənistan-Rusiya münasibətlərini hansı ardıcıllıqla korladıqlarını göstərmək üçün çox yaxşı fürsət oldu", - deyə nəşr yazıb.

Ermənistanın son illər sürətlə Rusiya və KTMT-dən üz döndərməsinin digər səbəbi İkinci Qarabağ müharibəsində cərəyan edən hadisələr olub. İşğalçı ölkənin strateji tərəfdaşlarının İkinci Qarabağ müharibəsinə müdaxilə etməməsi İrəvan rəhbərliyində və erməni xalqında böyük qıcığa səbəb olmuşdu. Çünki Ermənistanda hər zaman böyük inam hissi ilə ümid olunub ki, əgər Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlasa, KTMT dərhal bunun qarşısını alacaq. Lakin bu nə beynəlxalq hüquqa, nə də KTMT-nin nizamnaməsinə uyğun gəlir. Hələ 2020-ci ildə Tovuz döyüşlərində Nikol Paşinyanın KTMT-ni münaqişəyə cəlb etmək cəhdləri faydasız olmuşdu. İkinci Qarabağ müharibəsində isə Rusiyadan gözlədiyi dəstəyi ala bilməməsi vəziyyətin bugünkü gündə bu dərəcəyə gəlməsində əsas səbəblərdəndir.

Ermənistan hər zaman olduğu kimi, təxəyyülündə yanlış fikirlər formalaşdıraraq Rusiya kimi iri dövlətlərin nəyin bahasına olursa-olsun onları himayə etməyə borclu olduğunu zənn edir. Lakin unudur ki, düşmən hesab elədiyi Azərbaycan regionun əsas güc mərkəzlərindən biridir və Rusiya da daxil olmaqla hər hansı bir ölkə Cənubi Qafqazda atacağı addımda Azərbaycanla hesablaşır. Dövlət başçısı İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində KTMT-yə üzv dövlətlərlə ölkəmiz dostluq əlaqələrinə malikdir. Belə olan təqdirdə isə heç bir KTMT üzvü Ermənistan kimi yoxsul və perspektivsiz ölkəyə görə Azərbaycanla silahlı münaqişəyə girməyi gözə ala bilməzdi.

Rusiyanın Cənubi Qafqaza geosiyasi təsirinin ən çox Ermənistan üzərindən olması danılmaz faktdır. Elə bu səbəbdən, Rusiyanı regiondan sıxışdırıb çıxartmaq üçün Qərb Ermənistanı qanadının altına almağa çalışır. Artıq Nikol Paşinyan da məsələ ilə bağlı danışıb. Onun sözlərinə görə nə vaxtsa oyanıb görə bilərik ki, Rusiya Federasiyası artıq regionda deyil...

Rusiyanın Ermənistandan gördüyü xəyanət və satqınlıq bir tərəfdən gözləmədiyi zərbə olsa da, əslində ermənilərdən başqa bir müsbət addım gözləmək ən böyük sadəlövhlükdür. Çünki onların xəmiri yalan, satqınlıq və xəyanət üzərində yoğrulub. Əslində son hadisələr Ermənistanın digər tərəfdaşlarını da düşündürməlidir. Bu konteksdə İranın Ermənistan-ABŞ əlaqələrinə hansı münasibət bildirəcəyi də maraqlıdır. İranın əzəli rəqibi olan ABŞ uzun müddətdir ki, bu ölkəyə tədbiq olunan sanksiyaların əsas təşəbbüskarıdır. Hətta yaxın Şərqdə iki ölkəyə məxsus orduların zaman-zaman silahlı münaqişəyə girdiyi də bəllidir. Belə olan halda Ermənistanla ABŞ arasında baş tutan hərbi təlimlərdən ən çox narahat ölkələrdən biri də İran olmalıdır.

Beləliklə, Ermənistanın regionda sərgilədiyi xəyanətkar ritorika bu gün bölgə ölkələrini dərindən düşündürməlidir. Baş verən hadisələr bir daha sübut edir ki, Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq böyük geosiyasi səhvlərdən biridir. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq hər zaman xarici siyasət kursunda qonşu ölkələrin maraqlarını nəzərə alır və ölkənin qlobal güclərin qarşıdurma meydanına çevrilməsinə imkan vermir.

Musa BAĞIRLI,

"Respublika".