Estoniyada Ulu Öndərin Vətən qarşısındakı misilsiz xidmətlərindən danışılıb
Digər xəbərlər

Estoniyada Ulu Öndərin Vətən qarşısındakı misilsiz xidmətlərindən danışılıb

Azərbaycanın Estoniyadakı səfirliyi və Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə açılış nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi Vətən qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Səfir Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu, bütün ömrünü xalqın və vətənin rifahı və inkişafına həsr etdiyini, məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb. Ümummilli Liderin rəhbərlik etdiyi illərdə uğurla həyata keçirdiyi daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzunun daha da artdığını, müstəqilliyimizin əbədi və dönməz olmasında Ulu Öndərin müstəsna xidmətlərini qeyd edib.

Vurğulanıb ki, vətənimizin ən çətin vəziyyətində Ulu Öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan Azərbaycanın qarşısında dayanan həlli vacib məsələlərdən bəhs edərkən dünya dövlətləri, o cümlədən region ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasını əsas amil kimi daim önə çəkib.

Bildirilib ki, Ulu Öndərin rəhbərliyi ilə bir çox ciddi iqtisadi islahatlara start verilib. İlk növbədə, iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək məqsədilə 1994-cü il sentyabrın 20-də dünyanın nəhəng transmilli şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan sonrakı illərdə dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verən ölkə kimi nüfuz qazandı. Bu gün Azərbaycanın təşəbbüsçüsü və müəllifi olduğu "Cənub Qaz Dəhlizi" layihəsinin, onun əsas tərkib hissələri olan TANAP və TAP-ın uğurla reallaşması ölkəmizi dünyanın, o cümlədən Avropanın enerji təminatında əsas söz sahiblərindən birinə çevirib.

Xüsusi olaraq vurğulanıb ki, məhz Ulu Öndərin rəhbərliyi dövründə region ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurulub, bir sıra ölkələrlə münasibətlər strateji səviyyəyə çatdırılıb. Əsası Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun günü-gündən artdığı və regional liderə çevrildiyi qeyd olunub.

Türkiyənin Estoniyadakı səfiri Başak Türkoğlu çıxışında Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın və siyasi sabitliyin təmin olunmasında, ölkəmizin mühüm regional aktora çevrilməsində, o cümlədən ölkəyə xarici sərmayələrin cəlb olunmasında və tarixi İpək yolunun bərpasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən xanım səfir Ümummilli Liderin bu əlaqələrə daim xüsusi önəm verdiyini, onları "Bir millət, iki dövlət" kimi səciyyələndirdiyini vurğulayıb.

Tədbirin davamı olaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Estoniyada tanınmış musiqiçilər Nəriman Əmiraslanov və Mari-Lis Uibo tərəfindən lirik musiqi parçaları ifa edilib. Daha sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş foto və kitab sərgisinə baxıblar.

Tədbirdə, həmçinin Qazaxıstanın Estoniyadakı səfiri Nurlan Seitimov, Moldovanın bu ölkədəki səfiri İon Stavila iştirak ediblər. Bundan əlavə, tədbirə Türkiyənin və Moldovanın Estoniyadakı səfirliklərinin əməkdaşları, bu ölkənin Azərbaycan icmasının nümayəndələri, ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıblar.