Yalanlara inanan BMT-nin növbəti qərəzi
Siyasət

Yalanlara inanan BMT-nin növbəti qərəzi

Həyat mübarizə, güclərin bir-birinə qarşı açdığı savaşdır. Kimi buna müharibə, kimi də haqq-ədalət davası deyir.

Döyüşürsən,  mübarizə aparıb sonunda ya qalib olursan, ya da məğlub. Bəzən haqlı ikən haqsız vəziyyətə düşürsən. Susursan,  ona görə yox ki, haqsızsan. Məqamı, vaxtı dəyərləndirib, gücünü, qüvvəni səfərbər edib mübarizəni davam etdirirsən. O zaman qalib,  güclü və haqlı tərəf sən olursan. Bu fikirlər yalnız insanlara,  ayrı-ayrı fərdlərə aid deyil. Dövlətlər,  millətlər də belədir. Düzgün siyasi gediş, diplomatik manevrlər, ədalət prinsipinin aliliyi və əlbəttə ki, sədaqət hissi sonunda Zəfərlə yekunlaşır.

Biz tam 30 il haqlı ikən haqsız duruma düşdük. Bəziləri "arxalı köpək qurd basar" prinsipi ilə havadarlarının kölgəsində "şirə", "qəhrəmana" çevrildi. Torpağımızı işğal etdi, millətimizi məcburi köçkün, qaçqın vəziyyətinə saldı. Amma Azərbaycan xalqı sınmadı, yorulmadı, nə də bir an olsun belə, azadlıq hissini itirmədi. Dövlət-millət birliyi bizi sonunda Qalib xalqa çevirdi. Dostumuz dost kimi, düşmənimiz isə düşmən kimi öz simasını göstərdi. İkinci Qarabağ müharibəsində ərazilərimizi işğaldan azad etməklə qələbə qazandıq, həm də dünyaya yeni Azərbaycan təqdim etdik. Müharibə meydanında hərbin şərtlərinə uyğun mübarizə apardıq. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının bir şüarı oldu - biz döyüş meydanında mübarizə aparırıq. Təəssüflər olsun ki, qarşı tərəfdən heç vaxt adekvat cavab olmadı. Bütün dövrlərdə öz xain, xəbis niyyətini büruzə verdi. Ya da havadarlarının yalançı kölgəsində qürrələndi.

Ermənistan təkcə Azərbaycan torpaqlarını işğal etmədi. Ötən 30 ildə bütün maddi-mənəvi dəyərlərimizin məhvinə çalışdı. Tarixi-mədəni abidələrimizin əksəriyyətini dağıdıb yer üzündən silməyə cəhd etdi. Özü də bu proses yalnız Qarabağda deyil, eyni zamanda Qərbi Azərbaycan ərazilərində də eyni qaydada aparıldı. Böyük şairimiz Səməd Vurğun deyir: "Qızılı udsa da qara torpaqlar, yenə qiymətini özündə saxlar". Ermənilər dağıdıb, talan etsələr də, sonda o abidələr yenə də sahibinə qayıtdı. Çünki bu abidələr qədim tariximizin, böyük mədəniyyətimizin yadigarlarıdır. Azərbaycan isə əksinə, yaxın tarixə aid olsa da, ərazisində olan erməni abidələrinə qarşı xüsusi diqqət göstərdi. Tolerant dövlət olaraq, ölkədə olan azsaylı xalqların nümayəndələri kimi, erməni millətindən olan vətəndaşlara və onlara aid milli irsə qarşı da olduqca humanist yanaşdı. Hətta Bakı şəhərinin mərkəzində yerləşən erməni kilsəsini belə ən çətin, gərgin vaxtlarda qoruyub, mühafizə etdi. Bu mənada hər iki dövləti müqayisə edəndə əlbəttə ki, sözlə ifadəsi olmayacaq dərəcədə fərqi görürük. Ermənistan təkcə dövlətimizə, millətimizə deyil, tariximizə, mədəniyyətimizə qarşı da düşmən mövqeyindən çıxış etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsində salamat abidə tapmaq müşkül işdir. Onlar Azərbaycan xalqına məxsus inanc yerlərini də təhqir etməkdən çəkinmədilər. Şuşada, Ağdamda və digər şəhər və rayonlarımızda olan məscidlərin dağıntıları erməni vandallığının bariz sübutudur. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin bölgəyə səfəri zamanı Zəngilan məscidində qarşılaşdığı mənzərə hamımızın yadındadır. "Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidi, Şuşa məscidlərini, o vaxtı işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib. Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdi. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb?".

Bu gün hayların yalanlarını müdafiə edən ermənipərəst qüvvələr Azərbaycan həqiqətlərini görməzdən gəlirlər. Hətta nüfuzlu təşkilat və qurumlar belə soyuqqanlılıq nümayiş etdirirlər. Bu günlərdə BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantaki guya "Qarabağda erməni mədəni irsinin dağıdılması" barədə heç bir əsası olmayan iddialarla çıxış edib. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat verib. Bəyanatda deyilir: "İlk öncə vurğulamaq istərdik ki, xüsusi məruzəçinin məktubunun başdan-başa anti-Azərbaycan xarakter daşıyan məzmunu, tonu və erməni diplomatlarının dərhal onu sevinclə paylaşması məktubun Ermənistan Xarici İşlər Nazirliyində yazıldığını deməyə əsas verir. Xüsusi məruzəçinin Azərbaycanın suverenliyini təhdid edən iddialarını kəskin şəkildə pisləyir və qətiyyətlə rədd edirik. Xüsusi məruzəçinin "Dağlıq Qarabağ", "Mardakert", "Karmir Şuka", "Xramort" kimi qondarma toponimlərdən istifadə etməsi də yolverilməzdir. BMT-nin xüsusi məruzəçisi qoy gedib elə BMT-nin özünün məhz ölkələrin təqdim etdiyi toponimlərdən istifadə edilməsinin vacibliyinə dair sənədləri ilə tanış olsun".

Təəccüblü olan məqamlardan biri də odur ki, BMT kimi nüfuzlu bir təşkilat erməni yalanlarına inanır və onun müdafiəsinə qalxır. O zaman "haqq savaşına" çıxan BMT-ni İrəvan olan yüzlərlə Azərbaycan abidələrinə baxmağa dəvət edirik. Əgər XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində 310 məscid var idisə, hazırda yalnız bir məscid-Göy məscid qalıb. Onu da dünyaya "fars" məscidi adı ilə təqdim edirlər. Və yaxud da ermənilərin hazırda Kond adlandırdıqları məşhur tarixi Təpəbaşı məhəlləsinin bu gün dağıdılmış formada yalnız kiçik bir hissəsi qalıb. Tarixi mənbələrə görə, bu məscidi İrəvan şəhər hökumətinin üzvü, xan nəslinin nümayəndəsi İrəvan xanı Abbasqulu xan tikdirib. Xanın evi də bu məhəllədə yerləşib. Ermənilər özləri də Abbasqulu xanın xaraba vəziyyətdə olan evini bu günə kimi "Xan evi" adlandırırlar. Hazırda məscidin həyətində və onun ətrafında ermənilər gecəqondular salıblar. Erməni vandalizminin daha bir sübutu isə XVII-XVIII əsrlərdə tikilmiş və İrəvanın eyniadlı məhəlləsində yerləşən "Dəmirbulaq məscidi"nin dağıdılmasıdır. 1988-ci ildə məscid yandırılıb, 1990-cı ildə isə tamamilə yerlə-yeksan edilib. Vaxtilə azərbaycanlıların burada yaşamasını isə artıq heç nə xatırlatmır.

Ramidə YAQUBQIZI,

"Respublika".