Etnik ayrı-seçkiliyin növbəti təzahürü:Şarl Mişelin qərəzli fikirləri
Siyasət

Etnik ayrı-seçkiliyin növbəti təzahürü:Şarl Mişelin qərəzli fikirləri

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılsa da, prosesə əngəl yaratmaq istəyənlər qərəzli açıqlamaları ilə gündəmə gəlir. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azadlıq radiosuna verdiyi müsahibəsində Qarabağ ermənilərinin qayıtması ilə bağlı müəyyən fikirlər söyləyib. Ərazini könüllü şəkildə tərk edən ermənilərin taleyi barədə düşünən Şarl Mişelin deportasiyaya məruz qalan qərbi azərbaycanlıları gözardı etməsi onun qərəzinin göstəricisidir.

Bu il iyulun 15-də baş tutan Brüssel görüşündə sözügedən məsələnin müzakirəsi zamanı Aİ Şurasının Prezidenti bildirib ki, etnik ermənilərin Qarabağa geri dönmək, ən azından ora səfər etmək hüquqları təmin edilməlidir: "Beynəlxalq standartlara uyğun olaraq, milli azlıqların təhlükəsizliyinin qorunması baxımından buna təminat verilməlidir. Azərbaycan Konstitusiyasında yer alan milli azlıqların qorunması çərçivəsində buna təminat olmalıdır". Əslində, rəsmi Bakının dəfələrlə bu barədə verdiyi açıqlamaların fonunda Şarl Mişelin söylədikləri yersizdir. Çünki Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə daim zəmanət verib. Eyni zamanda etnik ermənilər ərazini könüllü şəkildə tərk ediblər. Onlar vətəndaşlığımızı qəbul edərək Konstitusiyamızda nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilərlər.

30 illik işğal dövründə Qarabağdakı erməni əhalisinin aclıq və səfalət içində yaşadığı hər kəsə məlum idi. Tarixin arxivinə gömülmüş xunta rejiminin oyuncağına çevrilmiş ermənilərin vəziyyəti getdikcə pisləşirdi. Yalnız bu ilin sentyabr ayında baş tutan lokal antiterror tədbirlərindən sonra Qarabağdakı erməni əhali keçmiş qondarma rejimin zülmündən xilas oldu. Keçmiş xunta rejimi öz yalanlarını onların beyinlərinə doldurmaqla "suları bulandırmağa" çalışırdı. Bütün bunlar ölkəmizi haqlı mövqeyindən döndərə bilmədi. Azərbaycan etnik ermənilərə sülh, qarşılıqlı anlaşma, hörmət əsasında birgəyaşayış təklifi baxımdan, Şarl Mişelin "narahatlığı" onun vasitəçi imicinə də xələl gətirir. Milli azlıqların hüquqlarının qorunması və beynəlxalq standartlara əməl olunması məsələsinin üzərində dayanan Şarl Mişelin Azərbaycanın sülh prosesində əsas şərtlərindən biri olan Qərbi azərbaycanlıların taleyi haqda danışmaması selektiv yanaşmanın növbəti təzahürüdür. Əminliklə deyə bilərik ki, Aİ Şurasının Prezidenti Qərbi azərbaycanlıların yurd yerlərinə qayıtmalı olduğundan xəbərdardır. Amma qurum rəsmisinin bu ritorikası Brüsselin vasitəçilik səylərinə etimadı azaldır. Əgər söhbət ədalətdən gedirsə, etnik ermənilərin məsələsi qabardıldığı zaman Qərbi azərbaycanlıların da Ermənistandakı evlərinə köçməsinin təmin olunması diqqət mərkəzində saxlanılmalıdır.

Qarabağdakı erməni əhalisi ərazini könüllü şəkildə tərk edərkən prosesə saxta don geyindirməyə çalışanlar da oldu. Amma pozucu qüvvələrin bu ssenarisi uğursuzluqla nəticələndi. Belə ki, BMT missiyası ərazidə araşdırma apardı, Təhlükəsizlik Şurası hər hansı sənəd qəbul etmədi. Bir sıra beynəlxalq qurumların ölkəmizə böhtan atmaq cəhdləri də heç bir nəticə vermədi. Çünki nəinki etnik təmizləmə ərazidə ermənilərin buranı tərk etməsi üçün zorakılıq, psixoloji basqı belə qeydə alınmayıb.

Şübhəsiz, Mişelin mənasız açıqlamaları cavabsız qalmayıb. Qərbi Azərbaycan İcması Aİ Şurası Prezidentinin fikirlərini "etnik və dini əsasda ayrı-seçkiliyə yol vermə" kimi dəyərləndirib və bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən şəxsən Şarl Mişelə dəfələrlə müraciət edib: "Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb. Avropa İttifaqının bu cür ayrı-seçkilik mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir. Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrı-seçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır".

Daha bir mühüm məqam isə Qərbi azərbaycanlıların Qarabağı könüllü şəkildə tərk etmiş erməni əhalidən fərqli olaraq beynəlxalq hüquq çərçivəsində "qaçqın" sayılmasıdır. Bu baxımdan onlar Ermənistan ərazisində mülkiyyət haqlarına sahibdirlər. Bu gün Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Ermənistan tərəfindən müsbət addımlar atılmasa da rəsmi Bakı Qarabağa qayıtmaq istəyən ermənilərin vətəndaşlığı qəbul edərək bunu reallaşdıra biləcəyini bəyan edib. Şarl Mişelin bu cür mühüm faktı gözardı etməsi onun vasitəçilik fəaliyyətinə şübhə yaradır.

Nəzrin ELDARQIZI,

"Respublika".