Avropanın
Siyasət

Avropanın "hay" aləti

Avropa Parlamentinin timsalında bəzi qərəzli beynəlxalq subyektlər çirkin məqsədlərini həyata keçirmək üçün ənənəvi ermənilərdən alət kimi istifadə edirlər.

Paşinyanın Avropa Parlamentində Azərbaycanla bağlı çıxışı əslində Avropa İttifaqının ölkəmizə qarşı riyakar fəaliyyətini sübut etdi, Ermənistanı alətə çevirməsini bir daha göstərdi. Paşinyan bununla nəyə nail oldu? O, yalnız və yalnız bölgədə sülh perspektivlərini yenidən zərbə altına atdı. İndi Avropa Parlamentinin kürsüsündən Azərbaycanla mehriban qonşuluq barədə danışmaq açıq riyakarlıqdır.

Keçirilən antiterror tədbirləri nəticəsində regionda sabitliyin təməlinin qoyulması Ermənistan və havadarlarını ciddi narahat etdi. Separatçı ünsürlərin məhvinə, Azərbaycanın ərazilərində suverenliyini tam bərpa etməsinə qısqanclıqla yanaşan bu qüvvələr anti-Azərbaycan fəaliyyətlərindən geri addım atmırlar. Azərbaycana qarşı nifrət dolu bəyanatlar səsləndirilir. Belə olan halda Avropa Parlamenti bölgəyə hansı töhfəsini verə bilər?  Bu gün Azərbaycan Qarabağın erməni əsilli sakinlərinin dinc şəkildə inteqrasiyasını həyata keçirir. Amma Avropa Parlamenti kimi qurumlar bu inteqrasiya yolunda bir əngələ çevrilmək istəyirlər. Avropa İttifaqı həqiqətən insan haqları məsələsində səmimidirsə, niyə Ermənistanda insan haqlarının pozulması ilə bağlı bəyanat verməyib. 1 milyona yaxın soydaşımızın didərgin düşməsi faktı hələ də kompensasiya edilməyib. Torpaqlarımız işğal altında olan zaman heç kim bizim tərəfimizdə dayanmayıb.

Antiterror tədbirlərindən sonra Ermənistan hökumətinin istefasını tələb edən etirazçılara qarşı polis tərəfindən zor tətbiq olunub. Xatırladaq ki, sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryanın döyülərək polis maşınına oturdulması görüntüləri də yayılmışdır. Amma bu barədə Qərb ağzına su alıb. Bu gün Cənubi Qafqazda ən çox siyasətçi məhz Ermənistanda həbsdədir. Eyni zamanda Ermənistanın keçmiş dövlət başçılarının açıq cinayət təqibləri davam edir. Avropa İttifaqı, Avropa Parlamenti, Fransa, digər beynəlxalq hüquq və insan haqları təsisatları bu məsələlərlə bağlı bir kəlmə də olsun danışmırlar. Media azadlığı və jurnalistin təhlükəsizliyi məsələsinə həssas olan qurumlar bu gün Ermənistana sanki media cənnəti kimi baxırlar. Bu, əlbəttə ki, ikili riyakar standartlardır. Bütün bunlar Avropa Parlamentinin necə çirkab yuvası olduğunu göstərir. Azərbaycanda elə bir geosiyasi konfiqurasiya formalaşdırılıb ki, istər Avropa Parlamenti, istərsə də Fransa bölgənin yalnız sərhədlərindən çox uzaqdan bura baxa bilərlər.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı, xüsusən də Rusiya və Ermənistan münasibətləri ilə bağlı deyilənlər Moskvanın Paşinyana məsuliyyətsiz və təxribat xarakterli çıxışından sonraki baxışını daha da kəskinləşdirib. Ermənistan baş nazirinin Avropa Parlamentində isti və səmimi qarşılanması təsdiqləyir ki, onun simasında yeni Zelenski görürlər. Bu barədə  Ermənistan parlamentinin deputatı Armen Rüstəmyan da bildirib. O bildirib ki, Avropa siyasəti belədir. Paşinyan onların maraqlarına cavab verdiyi müddətcə alqışlanacaq. Baş naziri orada ayaqda sürəkli alqışlarla qarşıladılar. Buna qədər yalnız Zelenski belə alqışlanmışdı. Başqa sözlə, aydın olur ki, onlar regionda yeni planlar qururlar. Rüstəmyan ölkənin xarici siyasətini tam biabırçı adlandırıb. Belə ki, o hazırda İrəvanın nə gündəliyi, nə də doktrinal əsasının olmadığını bildirib:  "Bu gün Rusiyayönlü sabah qərbyönlü mövqedən danışmaq olmaz. Bu yolla bütün tərəfdaşlarınızı və müttəfiqlərinizi itirə bilərsiniz. Elə təəssürat yaranır ki, onlar xarici siyasətlə məşğuldurlar. Ancaq əsas dövlət maraqları gündəmdə deyil. Strasburqda onların xoşuna gələni söyləyin. Moskvaya gedin və Moskvaya uyğun gələni söyləyin. Tehrana və Vaşinqtona da bunu edin".

Paşinyana birtərəfli qaydada tribuna vermək Avropa Parlamentinin Cənubi Qafqazdakı alətini real olaraq göstərir. Baş nazirin Avropaya bu qədər sərt dönüşünün və qoca qitənin bəzi qütblərində ona göstərilən isti münasibətin Qərbin demokratiya istəyi ilə heç bir bağlılığı yoxdur. Rusiya rəhbərliyi açıq şəkildə ifadə etdi ki, Ermənistan NATO vasitəsilə Cənubi Qafqazda Rusiyaya problemlər yaratmaq niyyəti güdür. Digər tərəfdən, 2022-ci ildə Ermənistana gəlmiş Avropa İttifaqının Monitorinq Missiyası sentyabr ayında Yeğeqnadzorda növbəti bazasını açdı. Bu, missiyanın planına uyğun olaraq, açılan son bazadır. Missiyanın rəhbəri Markus Ritter və Yeğeqnadzor merinin müavini Ararat əyalətinin sərhədyanı ərazilərinə yönələcək yeni bazanın açılışında iştirak etdilər. Nəzərə almaq lazımdır ki, bu məsələdən Türkiyə, İran, Azərbaycan kənarda deyillər. Belə bir addımın qonşuluqdakı bütün dövlətlərə təsiri mövcuddur. Məzh bu baxımdan xain planların icrası yolverilməzdir.

Mövcud vəziyyət açıq göstərir ki, baş nazir Nikol Paşinyanın Avropa Parlamentində bu qədər təmtəraqla qarşılanmasının təməlində Ermənistan hökumətindən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək dayanır. Parisdə Makronun ofisində hazırlanmış, indiyə qədərki böhtan kampaniyalı, cızma-qaralardan ibarət çıxış bir daha təsdiqlədi ki, Ermənistan hələ də Azərbaycanın regionda sülh, sabitlik, inkişaf və birgəyaşayış istəyini  düzgün qiymətləndirə bilməyib. Əgər Paşinyanın məlum səfəri Ermənistan-Avropa əməkdaşlığını xarakterizə etmiş olsaydı, bunu təbii qəbul etmək olardı. Belə olan halda baş nazirin çıxışının motivləri də fərqli olmalı idi. Məsələn, o deyə bilərdi ki, Ermənistanın işğalçılıq siyasəti keçmiş SSRİ-nin süqutu dövründən başlayaraq Cənubi Qafqazda müharibə qaynağı olub. Amma təəssüf ki, Paşinyanın və yeni ağalarının məqsədi başqa olduğu üçün onu tamamilə fərqli mətn üzərində danışdırıblar. Çıxışı əvvəldən sona qədər ziddiyyətli məqamlarla dolu olan Paşinyan Avropa Birliyinin tribunasında bir tərəfdən Azərbaycanı ittiham edir, digər tərəfdən ölkəmizlə mümkün sülhdən danışır, azərbaycanlıların guya ermənilərə təzyiq göstərməsi barədə cəfəng ifadələr dilə gətirir, Azərbaycanın şərtlərini qəbul etməyə hazır olduqlarını deyir.

Bütün bunlar bir daha göstərir ki, müstəmləkəçilik məqsədilə Cənubi Qafqaza yaxınlaşmaq istəyən Fransa regiondakı faktiki sabit vəziyyəti gərginləşdirməkdə davam edir. Bütün bunlar onu deməyə əsas verir ki, Qafqazda baş verə biləcək növbəti xoşagəlməz vəziyyətə görə Fransa prezidenti Makron və Ermənistanın baş naziri Paşinyan birbaşa və eyni dərəcədə məsuliyyət daşıyırlar. Avropa Parlamenti isə Ermənistanın baş nazirinə birtərəfli qaydada tribuna verməklə bu məsuliyyətə şərik çıxır.

Nurlan ABDALOV,

"Respublika".