Yeni parklanma qaydaları: müsbətdir, yoxsa mənfi?
Sosial həyat

Yeni parklanma qaydaları: müsbətdir, yoxsa mənfi?

İctimai nəqliyyatdan istifadə edən şəxslər düşünür ki, yəqin maşını olanlar ən xoşbəxt insanlardılar, ürəkləri nə vaxt istəsə rahat gəzə bilirlər. Lakin avtomobili olanların da həyatı heç də elə asan deyil. Maşının təmiri, benzini, aylıq qulluğu, təmizliyi və nəhayət, parklanmaq üçün yerin tapılması minik avtomobillərindən istifadə edən şəxslərin problemidir. 

Son günlər paytaxt ərazisində narazılığa səbəb olan məsələlərdən biri də məhz parklanma ilə bağlıdır. Bir sıra yerlərdə bölgənin tamamilə maşınlara qapalı olması və paytaxtda minik avtomobillərinin həddindən artıq çoxluğu, parklanmaq üçün yerin kifayət etməməsi və yaxud da mövcud olan yerlərin bahalılığı etirazla qarşılanır. Xatırladaq ki, ötən il iyun ayının 25-də Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"ni təsdiq edib. Təsdiq edilmiş sənədə görə, Bakının parklanma yerləri "Mərkəz", I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb. Hər saat üçün "Mərkəz"də 1 manat, I zonada 0,70, II zonada 0,40 və III zonada isə 0,30 manat ödəniş tələb olunacaq. Sonuncu IV zonada isə parklanma ödənişsizdir. Bundan əlavə, digər parklanma zonalarında həftə sonu və həftə içi 22:00-dan səhər 07:00-dək avtomobillərin parklanması ödənişsiz olacaq. Qərara əsasən  parklanma yerlərində xüsusi lövhələr qurulub. Həmin lövhələrin üzərində parklanma ərazisinin hansı zonaya aid olması, parklanma məntəqəsinin nömrəsi və ödəniş qaydaları var.

Yeri gəlmişkən, belə parklanma yerlərində ödənişlər nağdsız qaydada və iki üsulla olur. Onlardan birincisi SMS vasitəsilədir. Hansı ki, sürücü parklanmaya başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsini və parklanma yerini SMS vasitəsilə 1181 nömrəsinə göndərməlidir. Parklanma başa çatdıqda isə "SON" yazıb yenə 1181 nömrəsinə qısa ismarış atmalıdır. İkinci ödəniş üsulu "Azparking" adlı xüsusi mobil tətbiq vasitəsilə həyata keçirilir. Burada da ardıcıllıqla tələbləri yerinə yetirməklə ödənişi uğurla icra etmək olur. Bundan başqa, sürücülər ərazidə və şəhərin müəyyən yerlərində quraşdırılan ödəmə terminalları vasitəsilə mobil tətbiqdə olan hesabı artırmaq imkanına malikdir. Parklanma ərazisində quraşdırılan lövhələrin bəzilərinin, həmçinin asfalt örtüyünün üzərində fiziki məhdudiyyətli şəxslərin arabalarının dayanması üçün xüsusi bildiriş öz əksini tapıb. Bu isə həmin ərazidə yalnız həmin qrupa daxil olan insanların avtomobillərini park edə biləcəyini göstərir. Bundan əlavə, parklanma ərazisində həmçinin avtomobillərin hansı formada saxlanması göstərilir və həmin yerlər xüsusi olaraq nömrələnib.

Aprelin 1-dən Azadlıq meydanındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunur. Məlumata görə, 0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb edilir. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140, "Qonşular" paketinə görə isə 75 AZN ödəniləcək. Qış parkı və Mərkəzi parkda da parklanma eyni vəziyyətdədir. Belə ki, orada da aylıq ödənişlər 50-120 AZN arası dəyişir.

Bundan başqa, Bakı Dəmiryolu Vağzalı ərazisində olduqca bahalı tariflə hesablanan parklanma qiymətləri də etirazlara səbəb olub. Belə ki, yeni tariflərə görə, parklanmanın qiyməti 1 manatdan 30 manatadək müəyyən edilib. Dəmiryolu ərazisində 3 saatlıq dayanmaq üçün 10, 14 saat üçün 30 manat ödəniş tələb olunur. Mediada və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olan bu məsələ, hətta Avropa və region ölkələri ilə də müqayisə edilib. Belə ki, qonşu Gürcüstanın paytaxtında parklanma  qiymətləri belədir: 1 həftə - 4 GEL (ödəniş anından sonrakı 6 təqvim günü ərzində); - 2 manat 50 qəpik, 6 ay - 25 GEL (ödəniş anından sonrakı 182 təqvim günü ərzində); 15 manat 67 qəpik 1 il - 50 lari (ödəniş anından növbəti ilin müvafiq təqvim gününə qədər) 31 manat 34 qəpik  təşkil edir. Tbilisinin istənilən yerində isə 1 saatlıq parklanma cəmi 1 lari, 62 qəpikdir. Lakin qonşu ölkədə paytaxt küçələrində hərəkətin intensivliyi Bakı qədər deyil. Bundan başqa, dünya praktikasında vahid parklanma sistemləri mövcuddur. Bütün parklanma sistemlərində durma, minib-düşürmə və texniki nasazlıq yaranan zaman dayanmalar ödənişsizdir. Bu da maksimum 15-20 dəqiqəni əhatə edir. Həmçinin Avropada parklanma yerləri təşkil edilərkən "shared street" - "paylaşılmış küçə" konsepsiyası tətbiq edilir. Konsepsiyaya əsasən küçələr piyadalar üçün prioritetdir və bir istiqamətli küçələrdə az sayda avtomobilin dayanması üçün yer ayrılır, daha çox fiziki məhdudiyyətli insanların, qocaların avtomobillərinin dayanmasına icazə verilir. Əgər yaxınlıqda xəstəxana varsa, bu da nəzərə alınır. Amma restoranlar, əyləncə mərkəzləri nəzərə alınmır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilir ki, parklanma yerləri "Yol hərəkəti haqqında" qanunun tələblərinə uyğun olaraq, mərhələli qaydada və bacardıqca effektiv təşkil edilir: "Mərkəzi zonada işlər artıq yekunlaşıb. 1-ci zona üzrə 95, 2-ci zona üzrə 70, 3-cü zona üzrə 33 faiz iş görülüb. 4-cü zonada parklanma ödənişsiz olsa da müvafiq infrastruktur işləri həyata keçirilir. Qanunvericiliyə əsasən ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb. Parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artmasıdır. Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer mövcuddur". Qiymət artımı məsələsində isə rəsmi qurum açıqlayır ki, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə daxilolmalar xərcləri tam qarşılamır. Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.

Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, parklanma probleminin aradan qaldırılması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Təəssüflər olsun ki, bu məsələlər arasında sadəcə qiymət məsələsi müzakirə olunur. Bunun da müəyyən subyektiv və obyektiv səbəbləri var. Belə ki, ailə paketlərinin artırılması zamanı həmin ərazidə yaşayan sakinlərin parklanması təmin edilir. Düşünürəm ki, mütləq həmin ərazidə işləyən vətəndaşlarımızı da nəzərə almaq lazımdır. Çünki onlar demək olar ki, bir sutka avtomobil saxlamasalar da ən azı 6-8 saat orada olurlar. Məhz onlar üçün də xüsusi bir endirim və güzəşt tətbiq edilməlidir. Düşünürəm ki, ümumilikdə isə orada yaşamayan sürücülər üçün nəzərdə tutulan aylıq paket isə həmin ərazilərdə günün müxtəlif saatlarında avtomobillərin parklanması mümkün olsun deyə belə bir addım atılıb. Yəni mümkün səbəb bu ola bilər. Ancaq istənilən halda biz çalışmalıyıq ki, parklanma daha çox tıxacın və müəyyən ərazilərdəki xaosun qarşısını alsın. Sırf gəlir üçün hesablanmasın. Şübhəsiz ki, vətəndaşların da istəkləri nəzərə alınsın. Belə olduqda, fikrimcə hər iki tərəf razı qala bilər. Bundan başqa, mövcud olan 15 dəqiqəlik pulsuz müddət 25 dəqiqəyə qaldırılmalıdır ki, sürücü saxlayıb öz işini görsün və həmin ərazini rahatlıqla tərk etsin. Belə olduqda daha ədalətli sistem yaranmış olar. Həmçinin Bakı Dəmiryolu Vağzalı ərazisində də parklanma ilə bağlı müəyyən müzakirələr getdi. Orada da düşünürəm ki, əsas hədəf ondan ibarətdir ki, daha çox sərnişinlər həmin əraziyə gəlib qatara minsinlər. Yəni sürücülər sərnişinləri gətirib düşürdükdən sonra getsinlər. Çünki orada uzunmüddətli parklanma nəzərdə tutulmayıb. Belə ki, həmin bölgədə yer çox azdır və bu baxımdan da orada daha çox taksilərin gəlib-getməsi nəzərdə tutulub. Ancaq böyük parklanma ərazilərində düşünürəm ki, güzəştlər olunmalıdır.

Nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, pulsuz parklanma ərazilərinin məhdud olması bu gün ən öndə olan məsələlərdəndir. Çünki həmin yerlər həddindən artıq bahalı ərazilərdir, yəni şəhərin yüksək qiymətlərlə təchiz olunmuş mərkəzi bölgələrdir. Buraya gələn şəxslər ticarət, istirahət və sair kimi yerlərə daxil olurlar. Təbii ki, qiymətlər olduqca bahadır. Vətəndaşlar da bunu maddi cəhətdən qarşılaya bilmirlər, buna görə də narazılıqlar yaranır. Düşünürəm ki, müvafiq olaraq tətbiq edilən qiymət siyasətinə yenidən baxılmalıdır. Mümkün qədər parklanmalar pulsuz olmalıdır. Ən azından daimi orada yaşayan və ya işləyən şəxslər üçün güzəştlər olmalıdır. Məncə belə olsa, bu, insanları razı sala bilər.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bu günə qədər istər yaşayış, istərsə də qeyri-yaşayış obyektlərində parklanma yerləri təşkil olunmayıb. Əslində qanunda da var ki, həmin müəssisələrin parklanma yerləri olmalıdır. Müvafiq qurumlar parklanma yerlərinin tələbini irəli sürməyiblərsə və obyektlərin maşınları saxlaması üçün yerləri yoxdursa, o zaman təşkil olunan parklanma yerlərində qiymətlərdə güzəşt edilməlidir. Burada vətəndaşın hər hansısa bir günahı yoxdur. Müvafiq qurumlar öz işlərinin öhdəsindən gəlməlidir ki, vətəndaşlar əziyyət çəkməsin. Madam ki, vaxtında parklanma yerləri təşkil olunmayıb, maşınların dayanması üçün mümkün yerlər yoxdur, o zaman əhalimiz üçün güzəştlər mütləq tətbiq edilməlidir. 

Bütün bu deyilənlərdən sonra əslində bir nəticəyə gələ bilərik. Düşünürəm ki, ictimai nəqliyyatın kifayət qədər gözləntiləri qarşılamaması necə deyərlər, problemin daxili nüvəsini təşkil edir. İntervalın düzgün formada qurulmaması, avtobusların sayının əhalinin sayı ilə düz mütənasib olmaması, şəhər və ətraf kəndlərin yollarında avtobus zolaqlarının tam çəkilib başa çatmaması tıxacı yaradan əsas amildir. Bir sıra xarici ölkələrdə hətta rəsmi şəxslər belə ictimai nəqliyyatdan istifadə edir. Hər hansı bir yerə istirahət üçün gedən zaman isə şəxsi maşınından istifadə edir. Belə olduqda həm tıxaclar azalır, həm də avtobusların gəlir mənbəyi yüksəlir. Hazırda paytaxtda bununla bağlı işlər davam edir. Bu isə əhalinin ən böyük arzusudur. Odur ki, işlərin tez bir zamanda başa çatması və paytaxt sakinlərinin rahatlığının təmin edilməsi prioritet məsələ olmalıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".