Fərrux zirvəsi, Xaçınçay gölü
Region

Fərrux zirvəsi, Xaçınçay gölü

Yurd itkisi, söndürülmüş ata ocağı, uşaqlığımızı, nəfəsimizi öz divarlarında yaşadan evimizin uçurulmuş qalıqları, bir-birinə doğma olan qohum-əqrəbanın, mehriban qonşuların ayrı düşməsi, doğulub boya-başa çatdığım kənddən qovulmuş xatirələr düşmənin vurduğu ən ağır mənəvi yara kimi bizi uzun illər ərzində göynətdi, ancaq yıxa bilmədi, dözə bildik, ümidimizi və inamımızı itirmədik. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində torpaqlarımızın işğalçılardan azad edilməsi haqqın, ədalətin təntənəsi oldu.

31 ildən sonra ilahi bir xoşbəxtlik yaşadım, ruhum təzələndi, ayaq basdığım doğma torpaq, əzəli yurd yeri, dağında, dərəsində quzu otardığım, mərəçöyüd yığdığım, bənövşə qomu bağladığım yerlərdən keçdim. Şəhid qardaşımın, atamın, əmilərimin, yaxınlarımın dəfn edildiyi qəbiristanlığı ziyarət etdim, bütün şəhidlərin ruhu qarşısında baş əydim. Qaraqaya körpüsünü keçəndən sonra evimizə çatdım, uçuq divarlar elə bil məni tanıdı, əllərimin hərarətini hiss etdi. Düşmən ata evimi bünövrəsinə qədər söküb aparıb, apara bilmədiklərini də dağıdaraq yandırıb. Vəhşi düşmən vaxtilə bağlı-bağatlı kəndi viran qoyub, bütün meyvə ağaclarını kəsib. Uçuq divarların arxasındakı ata evimizin xarabalığında uzun illərdən sonra çıraq yandırdım və o anda yaşadığım hissləri təsvir etməyə sözün gücü çatmır.

Xaçınçayın sahilində yerləşən Əliağalı kəndi yaşıl bir vadini xatırladırdı. Bura tərtəmiz, ecazkar havası olan, torpağı adi otlarla deyil, qırxbuğum və kəklikotuyla örtülü bir cənnət idi. Hər yandan bu otların ətri gəlirdi. Hər yerdən… Əllərimi, üzümü əsrlərin o üzündən axıb gələn Xaçınçayın suyu ilə yudum, bütün varlığım, sinəmin altındakı dərdim, kədərim dincəldi. Qarı düşməni yıxan, döyüş meydanında məğlub edən igid oğullarımızın qəhrəmanlığını işğaldan azad edilən torpaqlarda daha dərindən duyur və hiss edirdim.

Ətraf kəndlərlə birlikdə Xaçınçay Su Anbarı Ermənistan tərəfindən işğala məruz qalıb. Ağdam rayonundakı Xaçınçay su anbarının 23 milyon kubmetr sututumu var. Ermənilər işğal dövründə anbardan vəhşiliklə istifadə ediblər. Erməni vəhşiliyi bu cənnət yerləri xarabalığa çevirib. 44 günlük Vətən müharibəsi başlayanda Ermənistan silahlı qüvvələrinin xain planlarından biri də Xaçınçay gölü ilə bağlı olub. Belə ki, düşmən geri çəkilərkən Xaçınçay ətrafında qurduğu artilleriya mövqelərindən su anbarını hədəfə alaraq onu dağıtmalı və nəticədə Ağdam, Bərdə şəhərlərinin bir hissəsi su altında qalmalı idi. Lakin düşmən məkrli niyyətinə çata bilmədi. 2020-ci il noyabr ayının 20-də Ağdam rayonu bir güllə atılmadan işğaldan azad edildi. Qalib Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti və fədakarlığı sayəsində işğal altındakı bütün yaşayış məntəqələri, o cümlədən Xaçınçay Su Anbarı düşmən tapdağından xilas olundu. Ancaq ətraf yüksəkliklər düşmən nəzarətində idi və ermənilər hər an bu yerlərdə təxribat törədə bilərdilər. Bunu nəzərə alaraq 2022-ci il mart ayının sonunda Azərbaycan Silahlı Qüvvələrinin uğurlu mövqe tutması və xüsusi əməliyyat nəticəsində Xocalı rayonunun Fərrux kəndi, eyniadlı mühüm dağ və bir neçə adsız strateji yüksəklik Ermənistan ordusunun işğalçı tör-töküntülərindən təmizləndi. İndi Xaçınçay Su Anbarı, həm də Fərrux zirvəsi Silahlı Qüvvələrimizin tam nəzarətindədir.

Ordumuzun bölmələri Fərrux və Sağsağan dağ silsilələrində mövqe quraraq, Qarabağ iqtisadi zonasının ətrafındakı təhlükəsizlik halqasını möhkəmlətmiş, keçən ilin avqust ayında uğurla keçirilən "Qisas" əməliyyatında isə bu təhlükəsizlik kəməri tamamilə bağlanmışdı. Xocalı rayonunun Fərrux kəndi istiqamətində keçirilən xüsusi əməliyyatın əsas məqsədlərindən biri də Ağdam istiqamətində yerləşən vacib hidroresursların müdafiəsi idi. Mənbəyini Qarabağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarındakı bulaqlardan alan Xaçınçayının uzunluğu 119 km, hövzəsinin sahəsi isə 657 kvadratkilometrdir. Xaçınçay Kür çayının sağ qoludur, Ağdərə, Ağdam və Bərdə rayonları ərazisindən keçir. Ötən əsrin 60-cı illərində Xaçındərbənd kəndinin yaxınlığında Xaçınçayın qarşısında böyük bir bənd tikilib. Xaçınçay Su Anbarı 1964-cü ildə istismara verilib. İşğal illərində su anbarı demək olar ki, tamamilə yararsız vəziyyətə salınıb. Hazırda adıçəkilən bənddə bərpa-təmir işləri aparılır, kanallar yenidən çəkilir. Xaçınçay su anbarının önündəki çökəklikdə yerləşən koponerlər işğalçıların artilleriyası üçün qazılıb və 44 günlük müharibədə düşmən ətraf kəndlərə, yaşayış məntəqələrinə, o cümlədən öndəki mövqelərimizə buradan zərbələr endirib.

Qeyd edək ki, Xaçınçay su anbarı rayonun ən iri su hövzəsidir və Ağdam şəhərinin və ətraf yaşayış məntəqələrinin su təminatında çox böyük rolu var. Həmçinin hidroqovşaq 7 min hektar ərazinin suvarılmasını təmin edəcək. Artıq bu yerlərdə baharın nəfəsi duyulur, irəmələrdən qar çiçəyi, kolların dibindən bənövşə boylanır, Nərgiz gülü qönçələnib, yarpızın ətri ətrafa yayılıb. Qələbənin və Zəfərin tarixi əhəmiyyəti bu yerlərdə daha möhtəşəm və daha da qüdrətli görünür. Qəflətən başımızın üstündəki ağ buludlar köynəyini sıxır, yağış başlayır, sanki yağış düşmənin bu yerlərə hopmuş kirini, kifini, nəfəsini yuyub aparır, göyün üzü açılır, tərtəmiz havadan doyunca uduruq...

 

Salman ALIOĞLU,

"Respublika".