“Fintex Summit 2023”də SİMA-nın iki yeni məhsulu təqdim edildi
Digər xəbərlər

“Fintex Summit 2023”də SİMA-nın iki yeni məhsulu təqdim edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda təşkil olunan “Fintex Summit 2023 – Maliyyə və Texnologiya Ekspo” sammitində iştirak edib. 13 iyun RİNN-nin mətbuat xidmətindən bildirilir.

Bank və maliyyə ekosistemində yeni trendlər, innovativ həllər, maliyyə texnologiyası və təhlükəsizlik mövzularında keçirilən tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən nüfuzlu şirkətləri, eləcə də dövlət qurumlarını təmsil edən rəhbər şəxslər çıxış ediblər. Mövzularla bağlı 25 məruzəçi tərəfindən iştirakçılara geniş məlumatlar verilib.

“AzInTelecom” MMC sammitdə stendlə çıxış edib və əməkdaşlar tərəfindən tədbir iştirakçılarına SİMA brendinin məhsulları ilə bağlı ətraflı məlumatlar təqdim olunub. Sammitdə “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal həllər platformasının iki yeni məhsulu – SİMA Data və SİMA Biometriya ilk dəfə olaraq ictimaiyyətə təqdim edilib.

Məlumat verilib ki, SİMA Biometriya biometrik identifikasiyaya əsaslanan xidmət növüdür. Bu həllin vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna biləcəyi qeyd edilib. SİMA Biometriya ictimai nəqliyyat, hotel və istirahət mərkəzlərində, məktəb və universitetlərdə, müştəri xidmətləri mərkəzlərində və digər yerlərdə insanların kimliyini təsdiqləməklə ödənişlər etmək və ya girişə icazə vermək məqsədilə tətbiq edilə bilər.

Sammit iştirakçılarına məlumat verilib ki, “AzInTelecom” MMC-nin ötən il istifadəyə verdiyi SİMA yeni nəsil rəqəmsal imza qısa zamanda bazarda istifadəçi davranışlarını dəyişərək yeni standartlar formalaşdırıb. Qısa müddət əvvəl SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün həlli də istifadəyə verilib.

“Respublika”.