Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti  beynəlxalq forumda iştirak edib
Digər xəbərlər

Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti  beynəlxalq forumda iştirak edib

Cari ilin 17-20 may tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində «Rusiya-İslam dünyası: KazanForum 2023» XIV Beynəlxalq İqtisadi Forumu keçirilib.

Respublika-news.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, forumda Azərbaycan Respublikasının Baş prokurorun müavini Elmar Camalov, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov və həmin idarənin böyük prokuroru Ülvi Əhmədov təmsil edib.

Tədbirdə çıxış edən Baş prokurorun müavini Elmar Camalov ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu bildirərək dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib. Səfər çərçivəsində Rusiya Federasiyası Baş prokurorunun müavini Pyotr Qorodovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Rusiya Federasiyası Dövlət Dumasının Regional siyasət və yerli özünüidarəetmə komitəsi sədrinin birinci müavini Serqey Morozov və Sahibkarların müraciətləri ilə iş platformasının moderatoru Elina Sidorenko ilə görüşlər keçirilib. Görüşdə transmilli cinayətlərin törədilməsinə görə beynəlxalq cinayət təqibi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının qorunması, həmçinin prokurorluq işçilərinin təlim və ixtisasartırma sahəsində qarşılıqlı fəaliyyətin inkişafına dair faydalı fikir mübadiləsi aparılıb.

Nəzrin CAVADZADƏ.