Vasitəçiyə ehtiyac yoxdur
Siyasət

Vasitəçiyə ehtiyac yoxdur

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. İki ölkə arasında sülh prosesinin yeni mərhələsini başladan birgə bəyanatın detalları artıq hər kəsə məlumdur. Məlum olan digər məsələ isə odur ki, açıqlama nə digər təşkilatların, nə də hər hansı üçüncü dövlətin və ya çoxsaylı görüşlərin nəticəsində mümkün oldu. Qazaxda Azərbaycanla Ermənistan arasında baş tutan qarşılıqlı dialoqdan bir həftə sonra hər iki tərəf ilk dəfə olaraq birgə açıqlama yaydı. Bu isə o deməkdir ki, daha sülh üçün vasitəçiyə ehtiyac qalmır.

Azərbaycanla Ermənistan arasında Birinci Qarabağ müharibəsinin bitməsindən dərhal sonra özlərini vasitəçiliyə namizəd hesab edən dövlət və təşkilatlar prosesə qoşuldular. Təbii ki, xoş məqsədlə, sülhün əldə olunması üçün çalışan türk dövlətləri ilk sıralarda yer aldı. Lakin daha sonra münaqişənin həllinə vasitəçi yox "barrikada" olduğu anlaşılan bəzi qüvvələr 30 il prosesin həll edilməsini ləngitsələr də, yekunda Qələbənin önünü kəsə bilmədilər. Vasitəçilik deyil, məhz "barrikada" qurmaqla məşğul olan bəzi qüvvələrin ikiüzlü diplomatiyası həmin barrikadaların altında "can verdi".

Bu gün Azərbaycan və Ermənistan iki müstəqil dövlət olaraq münaqişəni vasitəçi olmadan həll edə bilər. Keçmiş münaqişə dövründə və sonrakı 3 ildə müşahidə etdik ki, vasitəçi qismində "üçüncü tərəf" adlandırılan qüvvələr heç bir əhəmiyyət kəsb etməyən açıqlamaları ilə iki ölkənin sərhədini daima gestapo rejimində saxlamağa çalışıb. ATƏT-in keçmiş Minsk qrupunun 30 il ərzində səriştəsiz mövqeyi buna misaldır. Belə ki, qrup 2007 və 2009-cu illərdə mərhələli şəkildə hazırladığı "Madrid prinsipləri"nə Ermənistanın destruktiv yanaşması ilə birgə özü də əhəmiyyət verməmiş, nəticədə münaqişə prosesi uzanmışdır.

Məhz, Qazax görüşündən bir həftə sonra birgə bəyanatın verilməsi sübut edir ki, Cənubi Qafqazın iki ölkəsi kənar vasitəçilərin müdaxiləsi olmadan bütün məsələləri həll etməyə qadirdi. Hərbi əsirlərin qarşılıqlı mübadiləsi, həmçinin Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürərək Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsi bir daha kənar müdaxilələrin ancaq pozuculuq fəaliyyətinə xidmət etdiyini göstərir. Bu bəyanat, yüz illərdir davam edən ədavətin sona yaxınlaşdığına işarədir. Rəsmi İrəvan müstəqil siyasət yeritməyə davam edərsə, bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanması reallaşa bilər. Bunu həm azərbaycanlı, həm də erməni dövlət xadimlərinin fikirləri də təsdiq edir.

Humanizm dəyərlərini özü üçün prioritet hesab edən Azərbaycan sülh prosesində əsas rol oynayır. Ölkəmiz dünyaya Cənubi Qafqazın sülh və əmin-amanlıq habı olduğunu göstərir. Geridə isə sadəcə sülh müqaviləsinin imzalanması məsələsi qalır ki, burada da artıq problemlər aradan qaldırılıb.

Cənubi Qafqazı öz orbitinə daxil etmək istəyən bəzi dairələri isə sözsüz ki, bu proses dərindən narahat edir. Artıq "sülh topu" hərəkətə keçməyə başlayıb. Ermənistanın meydanında olan bu top revanşist və pozucu qüvvələrin əlinə keçməməlidir. Rəsmi İrəvan yeni yaratdığı bu balansı qorumalı və ölkəsini hər hansı bir qüvvələrin neokolonist siyasətinə alət etməməli, vasitəçi olmadan ikitərəfli görüşlərin sayının artırılmasına töhfə verməli və sülh prosesində Azərbaycanın siyasətini dəstəkləməlidir.

Tacir SADIQOV,

"Respublika".