Avropanın “xəstə adamı
Siyasət

Avropanın “xəstə adamı"nın suya düşən frankomaniya ideyası

Fransa Prezidenti Emmanuel Makronun yarıtmaz daxili və xarici siyasəti bəhrəsini verir. Uzun müddətdir ölkəni bürüyən etirazlar dalğası sürətlə Fransanın vaxtilə müstəmləkəsi olan ərazilərə yayılır, Afrika qitəsində Makron hökumətini hədəf alan nümayişlər keçirilir. Bu isə Parisin regiondan sıxışdırılıb çıxarılmasına səbəb olur. Son məlumatlara görə, Fransanın 1346 hərbçisi və texnikasının 80 faizi bir müddət əvvəl dövlət çevrilişi reallaşan Nigeri tərk edib. Hazırda ölkədə fransız hərbi kontingentinin 157 nümayəndəsi qalıb ki, onların da dekabrın 22-dək çıxması, prosesin tamamilə yekunlaşması gözlənilir.

Digər tərəfdən, bir neçə il əvvəl Malidə və Burkino-Fasoda hakimiyyəti ələ keçirən hərbçilər Fransa ilə əlaqələri məhdudlaşdırıblar. Əlcəzair hökuməti isə artıq Avropanın "xəstə adamı" adlandırdıqları Makrondan üzr istəməsini və təzminat ödəməsini tələb edir. Baş verənlər isə Fransanın müstəmləkəçilik siyasətinin (frankomaniya ideyasının) iflasa uğradığına işarədir. Bu məsələyə iki istiqamətdən yanaşmaq lazım gəlir. İlk növbədə, qitənin təbii sərvətlərlə zənginliyini nəzərə alaraq bundan sonra Fransanın yerini hansı qüvvələrin tutacağı maraq doğurur. Digər tərəfdən isə Parisin Afrikanın ardınca hansı regionlara üz tutacağı müzakirə olunur.

Nəzərə alsaq ki, Niger uran ehtiyatlarının həcminə görə qitədə ikinci, dünyada isə yeddinci yerdədir, eyni zamanda Afrika təbii sərvətləri ilə hər zaman cəlbedici olub, o zaman Fransanın yerinin boş qalması real deyil. Artıq regionda Parisi əvəzləyə biləcək namizədlərin ortaya çıxdığı müşahidə olunur. Burada ilk sırada Türkiyənin adını çəkə bilərik. Çünki rəsmi Ankara qitə ölkələrinin psixoloji vəziyyətini yaxşı dərk edir, post-müstəmləkə ölkələri ilə münasibətlərini qarşılıqlı faydalı əməkdaşlıq prinsipi əsasında qurur. Ancaq bu ölkənin bölgədə əsl hegemonluğu müdafiə sahəsindədir. Son hərbi münaqişələrdə özünü sübut edən Türkiyə PUA-ları Avropadan əvvəl Afrikanı fəth edib desək, mübaliğəsiz olar. Rəsmi məlumatlara görə, türk müdafiə şirkətlərinin məhsullarının Afrikaya ixracı 2020-ci ildə 83 milyon dollar idisə ötən ildə bu göstərici 288 milyon dollara çatıb. Türkiyənin qitəyə birbaşa investisiyaları 10 il müddətində 100 milyondan 8 milyard dollara yüksəlib. Türk şirkətlərinin Afrikada həyata keçirdikləri layihələrin ümumi dəyəri isə 70 milyard dollar olub. Ankara, həmçinin səfirliklərinin sayını artırmaqla bütövlükdə qitə ilə əlaqələrini dərinləşdirib. Qeyd edək ki, 20 ildə nümayəndəlik sayının 12-dən 43-ə yüksəlməsi ilə Türkiyə Afrikada ən sıx diplomatik şəbəkəyə malik ölkələrdən birinə çevrilib. Bununla yanaşı, Afrika ölkələrinin Fransa və digər Qərb dövlətlərinə qarşı apardıqları mübarizədə Rusiya və Çinlə yaxınlaşmaları da müşahidə olunur. Pekin yatırdığı investisiyalarla sözügedən regionun daxili işlərinə qarışa bilir. Buna görə də mümkündür ki, boşalan yerləri Rusiya, Türkiyə, Çin və İran kimi regional aktorlar doldursunlar.

Fransa isə bu müddətdə müstəmləkəçilik siyasətini yeni formada davam etdirmək üçün üsullar axtarır. Bu müstəvidə Makron hökumətinin Cənubi Qafqaz siyasətinə xüsusi nəzər salmaq lazımdır. Belə ki, Yelisey Sarayı regionun ən zəif ölkəsi olan Ermənistan üzərindən bölgəyə daxil olaraq burada söz sahibi olmaq istəyir. Bu məqsədlə də İrəvana hərbi yardım göndərir, hətta prosesə Hindistanı cəlb edir. Eyni zamanda Qafqazda sülhün əldə olunmasına mane olmağa cəhd edir və yekun müqaviləyə imza atmağa hazırlaşan Paşinyanı müharibəyə şirnikləşdirməyə çalışır. Bu prosesdə də rəsmi Bakını hədəf alan bəyanatlar verməkdən çəkinmir. Artıq Fransanın müstəmləkələrində itirdiyi nüfuzunu bərpa etmək üçün belə addımlar atması fikri ucadan səsləndirilir. İrəvanda düşünülür ki, fransız silahları onlara Azərbaycan üzərində üstünlük qazanmağa imkan verməyəcək. Məsələn, "Bastion" tipli zirehli texnika müharibə zamanı xüsusi bölmələri bir nöqtədən digərinə sürətlə daşıya bilsə də, hərbi əməliyyatlarda əsas rol oynamaq iqtidarında deyil. Digər tərəfdən, Cənubi Qafqazdakı ölkələrdən heç bir dövlətlə sərhədi olmayan Qərbi Avropanın bu bölgədə söz sahibi olması diplomatik cəhətdən də real görünmür.

Odur ki, Fransanın keçmiş müstəmləkələrini, eləcə də nüfuz dairəsindəki digər əraziləri itirməsi fonunda Cənubi Qafqaza maraq göstərməsi, Ermənistanı dəstəkləməsi yalnız rəsmi Parisin ziyanına olacaq. Reallığı düzgün dəyərləndirməmək Makronun növbəti ildə keçiriləcək seçkilərdə yenidən iqtidara gəlməsini çətinləşdirəcək.

Jalə QASIMZADƏ,

"Respublika".