Fransa Senatının qəbul etdiyi qətnamə açıq-aşkar təxribatdır
Siyasət

Fransa Senatının qəbul etdiyi qətnamə açıq-aşkar təxribatdır

Fransa Senatının "Ermənistanın ərazi bütövlüyü" adlı sənədi müzakirəyə çıxarması, üstəlik, məhz bu qətnamənin içərisində Qarabağdan bəhs etməsinin özü belə sadəcə beynəlxalq hüququn pozuntusu deyil, həm də açıq-aşkar təxribatdır.

Məntiqlə "Ermənistanın ərazi bütövlüyü" məsələsinin önə çıxarılmalı olduğu sənədin izah hissəsində yazılan cümləyə diqqət yetirək: "Azərbaycan Ermənistanla olan atəşkəsi pozaraq sentyabrın 19-da Dağlıq Qarabağa hücum edib". Sadəcə bu söz, ərazi bütövlüyünü guya müqqəddəs hesab edən bu adamların nə qədər qərəzli və yalan istehsal edən təfəkkürə və əqidəyə malik olduqlarını sübut edir. Sizə bu haqqı kim verib ki, Qarabağı az qala ayrıca subyekt və ya Ermənistanın tərkib hissəsi kimi göstərəsiniz?!

Başqa bir cümləyə diqqət edin: "Azərbaycan 10 aylıq blokadadan sonra oradan 120 minlik erməni əhalisinin qaçmasına səbəb yaradıb". Üstəlik də Ermənistanın UNESCO-dakı nümayəndəsi və səfirin sözlərini əsas götürərək bildirirlər ki, guya Azərbaycan "genosid siyasəti" yeridərək Qarabağdakı erməni dini-mədəni abidələrinə qarşı çoxsaylı dağıdıcı hərəkətlər edib. Hətta Xankəndidəki küçələrdən birinə Ənvər Paşanın adını verib. Bütün bunları həmin iki senator insanlıq əleyhinə cinayət kimi xarakterizə edir və senatı da bu utanc, böhtan, yalan və uydurmalarla bol olan sənədə səs verməyə çağırır. Terrorçubaşı Arayik və oğru Vardanyanın həbsini qeyri-qanuni adlandıran senator həmin o Arayikin "Gəncənin vurulması mənim əmrim idi!" - etirafını da görməzdən gəlirlər. Azərbaycan və Türkiyə dövlət başçılarının Naxçıvanda keçirdikləri görüş də bunları narahat edib. Bunu hətta Ermənistan üçün təhdid adlandırır və Fransanın Ermənistanı silahlandırması faktını xüsusi müsbət amil kimi qeyd edirlər. Zəngəzur dəhlizi xofu bu izahda elə təqdim olunur ki, sanki bu məsələ bölgənin gələcəyi üçün real bir təhdiddir: Məhz buna görə də bu qətnamə təklifi Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərini pisləmək, əldə etdiyi uğura kölgə salmaq, Azərbaycan rəsmilərini hədəf alan Avropa səviyyəsində sanksiya rejimi yaratmaq, Ermənistanın müdafiəsini təmin etmək, ərazi bütövlüyünün pozulmasının qarşısını almaq məqsədi daşıyır.

Məqsəd hadisələrin əsl mahiyyətini saxtalaşdıraraq, həmçinin Azərbaycana və Türkiyəyə böhtan ataraq həm Fransa, həm də dünya ictimaiyyətini çaşdırmaq, iki qardaş ölkənin timsalında düşmən obrazı formalaşdırmaq, "Barbar türk" obrazını yenidən canlandırmaq, Avropada və Fransada türk düşmənçiliyini daha da artırmaq, Azərbaycana və Türkiyəyə təzyiq edərək beynəlxalq müstəvidə və regional miqyasda dividend əldə etməkdir. Fransa hakimiyyəti erməni lobbisinə necə deyərlər "yarınmaq" istəyir ki, baxın biz Ermənistanı tək qoymadıq.

Bunlar aydındır. Lakin Fransa bir məsələni əsla unutmamalıdır.

Azərbaycan və Türkiyə heç vaxt bu uydurma qətnamədən qorxmayacaq. Əksinə, bu qətnamə dünya miqyasında Fransanın nüfuzuna daha ciddi zərər vuracaq. İki qardaş ölkə xarici siyasətlərində Fransa cinayətlərinin ifşasına daha da çox yer ayıracaqlar. Xüsusilə də Afrikada və digər koloniyalarda həm Azərbaycanın həm də Türkiyənin artan təsiri, gücü və rolu Fransanın başını hələ çox ağrıdacaq. Artıq həmin koloniyalarda keçirilən mitinqlərdə belə Azərbaycan bayrağı qaldırılır. Fransa bu mesajı unutmasın.

Sanksiya bir xülyadır. Hansı adla sanksiya olacaq? Azərbaycan separatçılığın kökünü kəsdiyinə və beləliklə də postsovet məkanında bir presedent yaratdığına görəmi sanksiya alacaq?! Buna ancaq axmaqlar inanar. İkincisi, sənəddə deyilir ki, Azərbaycandan neft və qaz alınmasına sanksiya tətbiq olunsun. Axı, buna indiki şəraitdə kim və hansı dövlət gedər?! Onsuz da Rusiya sanksiyalarına qarşı Avropada narazılığın hər keçən gün artması bir faktdır. Belə bir şəraitdə biz Azərbaycandan qaz almırıq deyə bilərlərmi?! Əsla yox! Bəs, onda əhaliyə nə deyəcəklər? Deyəcəklər ki, Azərbaycan separatçılığa son qoyduğu üçün ondan qaz almağı dayandırırıq. O zaman əhali soruşmayacaq ki, bəs Ukrayna öz ərazisində nə ilə məşğuldur və biz Ukraynanı bu məntiqlə niyə dəstəkləyirik". Emmanuel Makron bu gün deyir ki, "Biz Ukraynaya dəstəyimizi davam etdirməliyik. Çünki Rusiyanın qələbəsi beynəlxalq düzəni poza bilər?! Belə olan halda Ermənistanın Qarabağı işğal altında saxlaması dünya düzəni üçün təhdid deyildi, bəs nə idi?!

Nəhayət, bu adamlara tövsiyəm və onlardan tələbim budur ki, bizim tariximizlə, tarixi şəxsiyyətlərimizlə belə formada rəftar etməsinlər. Vaxtilə Fransanı İspaniya kralının əlindən bizim Osmanlı padşahlarımız xilas etdilər. Çox yox, cəmi beş yüz il əvvəl Fransa kralı Fransuanın Sultan Süleymandan necə imdad diləməsini unutmayın. Bir də ki, tarix yalan, böhtan və həqarət sevməz. Biz tariximizlə üzləşməyə hazırıq. Ancaq görək, Fransa da öz ləkəli tarixi ilə üzləşməyə hazırdırmı?! Qətiyyən yox! Digər tərəfdən əgər siz ermənilər üçün ikinci dövlət qurmaq fikrindəsinizsə, Fransa ərazisi daha böyükdür. Orada bu dövləti rahatlıqla qura bilərsiniz. Məsələn: Paytaxtı Marsel olan Arsax Xalq Demokratik Respublikası, məncə pis ideya deyil. Hətta Marselin adını da dəyişib Stepanakert qoymaq olar.

Baxın, Fransa Qəmər adalarına məxsus Mayot adasını rəsmən işğal edib. Oranı beynəlxalq hüquqa zidd olaraq bu gün də azad etmək istəmir. Fransa neokolonializm siyasətini ən iyrənc şəkildə davam etdirir. Gedin Korsikaya, Yeni Kaledoniyaya və ya Qvianaya. Xalqla danışın. Onlar sizə dəqiq deyəcəklər ki, Fransa o xalqlara hansı zülmü edir. Özü də XXI əsrdə dünyanın gözü qarşısında.

Sonda Fransaya verdiyim tövsiyə budur ki, yanlış yoldasınız, nə qədər tez dönsəniz qazanan siz olacaqsınız, dönməsəniz itirən də yenə siz olacaqsınız. Azərbaycan indi çox güclüdür. Bu faktı unutmayın ki, Azərbaycana müdaxilə Türkiyəyə müdaxilə edilməsi deməkdir. Bu iki dövlətlə hər mənada qarşı-qarşıya gəlmək heç kimə fayda və uğur gətirməz. Bunu əsla yaddan çıxarmayın!                

Hulusi KILIÇ,

Türkiyənin Azərbaycandakı

sabiq səfiri, "İMZA" İctimai

Birliyinin Türkiyə təmsilçisi.