GƏNCƏ HƏKİMLƏRİ VƏTƏN MÜHARİBƏSİNDƏ
Sosial həyat

GƏNCƏ HƏKİMLƏRİ VƏTƏN MÜHARİBƏSİNDƏ

44 günlük Vətən müharibəsində, istərsə də dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan həkimləri böyük fədakarlıq və əzmkarlıq göstəriblər. Öz həyatlarını təhlükə altına qoyaraq gecə-gündüz insanların sağlamlığının keşiyində dayanan həkimlərimizin döyüş bölgəsindən yaralıları çıxarması və təcili tibbi yardım göstərməsi, həyata qaytarması olduqca qürurvericidir.

Dövlət başçısı İlham Əliyev həkimlərimizin fəaliyyətini, fədakarlığını bir daha yüksək qiymətləndirərək çıxışlarının birində demişdir: "Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər".

Vətən müharibəsində Gəncə tibb işçilərinin fədakar fəaliyyəti haqqında məlumat almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-in direktoru, tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılovla görüşüb fikirlərini öyrəndik. O qeyd etdi ki, Azərbaycan xalqı ta qədimdən, öz torpaqlarını, vətənini qorumaq üçün həmişə mübariz olmuş, hər qarış torpağı üçün qanını, canını əsirgəməmişdir. Elə yaxın keçmişdə, İkinci Dünya müharibəsində həm döyüş meydanında, həm də arxa cəbhədə xalqımız əzmkarlıq nümayiş etdirmişdir. Fədakar Azərbaycan həkimləri ön və arxa cəbhədə böyük şücaətlər göstərmiş, neçə-neçə insana şəfa vermişlər. Minlərlə qəhrəmanlarımız yüksək orden, medallarla təltif olunmuşlar. Son 30 ildə erməni qəsbkarları sülhsevər, xeyirxah, humanist, dinc Azərbaycan xalqına qarşı işğalçı siyasəti yürütdü, torpaqlarını zəbt etdi, dinc əhaliyə divan tutdu, etnik təmizləmə siyasəti apardı. Bu azmış kimi, xalqımızı zorla müharibəyə sövq etdi. Ərazi bütövlüyümüz uğrunda başlanan Vətən müharibəsində döyüşçülərlə birgə həkimlərimiz də Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdilər. Vətən müharibəsində tibb işçiləri elə ilk gündən ön və arxa cəbhədə öz şərəfli borclarını ləyaqətlə yerinə yetirdilər. Respublikamızın tanınmış həkimlərindən ibarət tibbi personal könüllü olaraq cəbhə bölgəsindəki hərbi hospitallara ezam edildilər. Daşkəsən, Goranboy rayonları və Naftalan şəhəri təmas xəttində olduğundan yaralılar Gəncə şəhərindəki Abbas Səhhət adına Birləşmiş Şəhər Xəstəxanasında, Beynəlxalq Xəstəxanada, Gəncə Müalicə-Diaqnostika Mərkəzində qəbul olunurdular. Qızğın döyüşlərdə yaralanmış hərbi qulluqçularımız peşəkar həkimlər tərəfindən diqqətlə müayinə və müalicə edilirdilər. Həmçinin peşəkar, təcrübəli həkimlərimiz döyüş bölgələrində təcili təxirəsalınmaz əməliyyatların iştirakçısıdırlar. Onlar bu gün qürurla bildirirlər: Təcili tibbi yardım avtomobilləri ilə daşınan yaralı əsgər və zabitlərimizə operativ, yüksək səviyyədə yardım göstərirdik, onların müalicəsi üçün bütün imkan və vasitələrdən tam istifadə edirdik. Neçə-neçə yaralını həyata qaytardıq. 44 günlük Vətən müharibəsində iştirak etdiyimizə görə şərəf duyuruq. Biz qalib ölkənin, qalib həkimləriyik. Vətən müharibəsində vəzifəmizi layiqincə yerinə yetirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz arasında səhiyyə işçilərimiz də var idi.

44 günlük Vətən müharibəsi zamanı dünyada tüğyan edən COVID-19 pandemiyası ilə mübarizə apardığımızı da unutmamalıyıq. Hərbi tibb müəssisələrinin, mülki səhiyyə xəstəxanalarının Səhiyyə Nazirliyi və TƏBİB ilə birgə nümunəvi fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması demək olar ki, qeydə alınmadı. Əslində bu, böyük nailiyyət idi. Tibb işçilərimiz yaralı hərbi qulluqçulara fasiləsiz və yüksək peşəkarlıqla, şərəflə xidmət edirdilər. Bəli, Vətən müharibəsində həkimlərimizin fədakarlığından qalaq-qalaq kitablar yazsaq yenə də azdır... Bir tərəfdən də Vətən müharibəsi və koronavirus pandemiyası Azərbaycan tibb işçiləri üçün sınaq oldu. Tibb işçilərimiz fövqəladə hallara hazır olduqlarını bir daha sübut etdilər və bu mübarizədən üzüağ çıxdılar. 44 günlük Vətən müharibəsində Azərbaycanda 159 hərbi tibb işçisi müxtəlif bədən xəsarətləri alıb. 11 həkim, 7 feldşer olmaqla 44 tibb işçisi qəhrəmancasına həlak olub. Bunların arasında Gəncə tibb işçiləri də var.

Bu gün Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-də şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı göstərir. Xəstəxanamızda 60-a yaxın şəhid övladı, Vətən müharibəsi veteranları, iştirakçıları və əlilləri çalışır. Onlardan Məsimov Heydər Əhləddin oğlu, Hüseynov Hadi Bahadur oğlu, Əhmədov Elmin Elnur oğlu, Əsədov Ayxan Qənbər oğlu, Əsədov Emin faiq oğlu və başqaları ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə vəzifə borclarını şərəflə yerinə yetirdiyinə görə bir neçə medallarla təltif olunublar. Onların sosial qayğıları və sağlamlığının qorunması üçün mühüm addımlar atılır. Vaxtaşırı 3 günlük turist gəzintiləri təşkil olunur, sanatoriyalara göndərişlər verilir, bayramlarda görüşlər keçirilir, hədiyyələr verilir. Bir sözlə, onların rahatlığı üçün maksimum şərait yaradılır.

Onu xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev həkimlərimizi həmişə yüksək qiymətləndirib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov fədakar həkimlərlə görüşmüş, onları "Təşəkkürnamə"lərlə təltif etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində ölkə səhiyyəsi öz inkişaf dövrünü yaşayır. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu uğurla davam etdirilir. Tam əminliklə demək olar ki, peşəkar və fədakar tibb işçiləri bundan sonra da tibb sahəsinin inkişafına və tərəqqisinə öz töhfələrini verəcəklər.

Zabit XƏLİLOV,

"Respublika".