Onlar mübarizlik örnəyidirlər
Region

Onlar mübarizlik örnəyidirlər

Ağdam

Şəhidlik tariximizin, xalqımızın, mənəvi dəyərlərimizin, qəhrəmanlığın ən uca zirvəsidir. Şəhidlər qan yaddaşımız, qürurumuz və iftixarımızdır, onların uyuduqları torpaqlar müqəddəsdir, şərəflidir. Torpağı Vətən edən şəhidlərin al qanıdır, indiki və gələcək nəsillər üçün örnəkdir, güvənc yeridir. Birinci və İkinci Qarabağ müharibəsində Ağdam ən çox şəhid verən rayon olub, burada hər iki qapıdan birini şəhid alovu qarsalayıb. Ağdamda torpaq sanki dilə gəlir, pıçıldayır ki ey yolçu, bu yerlərdən asta keç, bura şəhidlər yurdudur.

Ağdam Muğam Mərkəzində Birinci Qarabağ müharibəsi şəhidi Asif Pirməmməd oğlu Məmmədovun xatirəsinə həsr olunmuş "Bir bahar günü" sənədli filminin və eyni adlı kitabın təqdimatı keçirilib. Qəhrəman döyüşçünün tale və həyat hekayəsi tədbir iştirakçılarında böyük təəssürat yaradıb. Şəhid ailələrinin, qazilərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid Asif Məmmədovun keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından danışıb. Şəhidin oğlu Canqar Məmmədov filmin və kitabın ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Çıxışlardan sonra film nümayiş olunub.

Xocavənd

Xocavənd qəsəbəsində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Tuğ kənd sakini şəhid Tural Bəylər oğlu Abdullayevin anım günü və antiterror əməliyyatları zamanı həlak olan və ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Yusif Əhmədovun şəhadətə yüksəlməsinin 40-cı günü ilə bağlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzərək onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Birinci və İkinci Qarabağ  müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, silahlı qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə ordumuzun bölmələri əks-hücum əməliyyatlarına başlayıb və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatıb. Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Tural Abdullayevin  və antiterror əməliyyatları zamanı şəhid olmuş Yusif Əhmədovun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Şəhidlərin valideynlərinə və ailə üzvlərinə belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıq bildirilib.

Anım tədbirində Vətən müharibəsi qazisi Vüqar Səfərov, Aprel döyüşlərinin, Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçısı Adil Axundzadə çıxış edərək 44 günlük Zəfər tariximizdən, antiterror əməliyyatlarında əldə edilən qələbədən ətraflı bəhs edərək şəhidlərimizin canı, qanı hesabına qazanılan qələbənin Azərbaycan tarixinin ən şanlı səhifəsi olduğunu bildiriblər. Şəhidlərin keçdikləri şərəfli ömür yolunun daim təbliğ olunmasını və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər. Sonda Tuğ kənd tam orta məktəbinin sagirdləri şəhidlərə həsr edilən şeirlər səsləndiriblər.

Ağcabədi

Ölkəmizin bütün bölgələrində şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə parklar salınır, xatirə abidələri inşa olunur, şərəfli ömür yolları təbliğ edilir.

Rayonun Qaravəlli kəndində Vətən müharibəsi şəhidi Xəzər Bayramovun xatirəsinə bulaq inşa edilib. Xəzərin şəhidliyinin üçüncü ildönümündə, onun doğulub boya-başa çatdığı küçədə əziz xatirəsinə ucaldılan abidənin açılışı olub. Mərasimdə rayon icra hakimiyyətinin  əməkdaşları, şəhidin doğmaları,  digər şəhid valideynləri, kənd sakinləri iştirak ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbədən ətraflı söz açıblar. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanı, canı bahasına torpaqlarımızı azad edərək suverenliyimizi bərpa etdilər. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq.

Salman ALIOĞLU,

"Respublika".