Hayastan bataqlıqda çabalayır
Siyasət

Hayastan bataqlıqda çabalayır

ABŞ və Qərb Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti son həddə qədər gərginləşdirmək niyyətindədir. Ağ Ev regional sülh prosesini dəstəklədiyini vaxtaşırı bəyan etsə də, son davranışları bunun tamamilə əksini göstərir. Hər halda hazırda ABŞ və Avropa İttifaqının ortaq Cənubi Qafqaz siyasəti məhz sülh prosesinin pozulmasına, yeni müharibənin başlamasına yönəlib. Bu səbəbdən də bundan sonra regionda baş verə biləcək istənilən hərbi toqquşmaya görə Ermənistanla yanaşı, həm ABŞ, həm də Avropa İttifaqı birbaşa məsuliyyət daşıyacaq.

Ancaq  ABŞ rəsmisi ortaq konfransın Azərbaycana qarşı yönəlmədiyini xüsusi olaraq, vurğulayır. Ağ Evin bu məsələ ilə bağlı izahatlarına inanmaq isə sadəlövlükdür.  Hər halda  Ağ Evin verdiyi sözləri heç vaxt tutmadığı, yalnız öz maraqlarına uyğun davrandığı heç kəsə sirr deyil. Elə  ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin "Ortaq konfransda sülh prosesinin əsas müzakirə mövzusu olmayacağını" vurğulaması da Ağ Evin yenə müəmmalı ssenarilər üzrə hərəkət etdiyini göstərir.

Avropa İttifaqının davranışlarının arxasında məhz Fransa dayanır. Daha dəqiq desək,  ortaq konfransda Aİ-nin Ermənistanla bağlı üzərinə götürəcəyi öhdəliklər  Paris tərəfindən müəyyən olunur. Fransanın Ermənistandakı səfiri bunu son açıqlamasında etiraf edib. O bildirib ki, Ermənistanın hərbi problemlərinin həlli ilə bağlı məsələləri Fransa öz üzərinə götürüb və bu proses intensiv şəkildə inkişaf edir''. Bu mövzu ilə bağlı açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general dr. Yücel Karauz belə deyib.

Onun sözlərinə görə,  ABŞ və Avropa İttifaqı Ermənistanı hərtərəfli himayə etmək qərarına gəliblər. Üstəlik, nə qədər gizlətməyə çalışsalar da, ortaq konfransın əsas müzakirə mövzuları da artıq deşifrə olunub.  Azərbaycanın təhlükəsizlik maraqlarını təhdid edən ortaq konfrans həm də Rusiyaya qarşı yönəlib. Brüsseldə Ermənistan üçün kifayət qədər genişmiqyaslı dəstək proqramı hazırlanıb. Halbuki bütün bunlar qarşılıqsız  deyil. İrəvan bu proqramın tətbiqinə nail olmaq üçün mütləq ABŞ və Qərbin bütün təlimatlarını və sifarişlərini yerinə yetirməlidir. Yəni, İrəvan ABŞ və Avropa İttifaqını məmnun etmək üçün Rusiya ilə qeyri-bərabər qarşıdurmaya girməli olacaq. Əks halda, ortaq konfransın nəticələri Ermənistanın öz  əleyhinə  də çevrilə bilər.  Əgər ABŞ və Avropa İttifaqı Ermənistanı Rusiyadan birmənalı şəkildə qoparmağa yönəlik prosesə rəsmən start verərsə, bu, Kremlin açıq qəzəbinə səbəb ola bilər.

Göründüyü kimi, Ermənistan 200 illik Rusiya müttəfiqliyinə son qoyaraq üzünü  Qərbə  tutub. Rəsmi İrəvan artıq Rusiya və Qərb arasında kövrək balansı pozmaq barədə qərar vermək mərhələsindədir. Beləliklə, Brüsseldə keçiriləcək görüşü indidən Rusiya-Ermənistan münasibətlərində dönüş nöqtəsi adlandırmaq mümkündür. Kremlin üçtərəfli danışıqlara reaksiyası indidən bəllidir. ABŞ və Avropa Birliyi Ermənistana büdcə dəstəyi göstərmək üçün maliyyə vəsaiti ayırmağa da söz verir. Əsas məqsəd isə Rusiya tərəfindən Ermənistana qarşı iqtisadi məhdudiyyətlər tətbiq edilərsə, İrəvanın Kremlin atacağı  addımlarının nəticələrinə tab gətirməsini təmin etməkdir. ABŞ və Avropa İttifaqı indiki mərhələdə iqtisadiyyatı tamamilə Rusiyadan asılı olan Ermənistanın Kreml tərəfindən çökdürüləyindən narahatdır. Bu, baş verərsə, Ermənistandan Rusiyaya qarşı faydalanmaq niyyətində olan Qərbin planları pozula bilər".

ABŞ və Avropa İttifaqı Ermənistana yeni hərbi texnologiyaların və silah sistemlərinin ötürülməsini vəd edir. Buna paralel olaraq, həm də Ermənistan ordusu üçün təlim proqramlarının sayını və birgə təlimləri artırmağı öz üzərinə götürür. Burada  ABŞ-ın və Fransanın əsas məqsədi sülh yolunda addım atmaq istəyən  Ermənistana  dəstək vermək yox, yaxın  zamanda bu ölkədə öz hərbi bazalarını yaratmaqdır. Hazırda ABŞ-ın  dünyanın  təxminən 90 ölkəsində 800-ə yaxın hərbi bazası var. Böyük ehtimal ABŞ, Qafanda bu ölkədə İran, Azərbaycan, Türkiyə  və Gürcüstan sərhədinə yaxın olmaqla  4-5 hərbi bazasını quracaq.  Çünki  ABŞ və Fransa Cənubi Qafqazda sülhün deyil, bölgədə qan axıdılmasının tərəfdarıdırlar. Onlar həmçinin 300 milyonluq türk dünyasının birləşməsinə və  Zəngəzur dəhlizinin açılmasına mane olmaq üçün dəridən-qabıqdan çıxırlar. Belə çıxır ki, Qərb bir daşla 5-6 quş vurmaq niyyətindədir. Bu isə Cənubi Qafqazdakı vəziyyəti daha da gərginləşdirə bilər. Bununla da Qərb "odun üstünə benzin tökmək" siyasətini bir daha davam etdirdiyini sübut edəcək.

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində  düşmən ölkənin silahlı qüvvələrinin zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsinin və qoşunların intensiv hərəkətinin müşahidə olunduğunu vurğulayan  Y.Karauz deyib ki,  Ermənistanın bu addımı sərhəddə gərginlik yaratmaq, Azərbaycanı təxribata cəlb etmək üçün atılır. Bu təxribatların Brüssel görüşündən öncə  baş verməsi qətiyyən təsadüfi deyil. Göründüyü kimi, N.Paşinyan Avropaya verdiyi vədi yerinə yetirir. O, görüşdə hesabat verəndə ABŞ və Aİ-nin istəklərini yerinə yetirdiyini vurğulayacaq. Çünki Rusiya ilə ipləri tam qoparmaq,  Azərbaycanı təxribata çəkmək, sülh müqaviləsini ləngitmək son illər ərzində Paşinyanın  Qərb qarşısında götürdüyü əsas öhdəliklərdən sayılır. Mənə görə, erməni tərəfinin Azərbaycanı təxribata cəlb etmək cəhdləri bununla da məhdudlaşmayacaq. Görünən odur ki, bu görüşün regionda sülh və sabitlik üçün təhlükə olduğunu yalnız Azərbaycan deyil, region ölkələr də qəbul edir. Region ölkələri arasında hələlik susan ölkə isə İran və Gürcüstandır. Nədənsə rəsmi İrəvanın Qərblə əməkdaşlığı Tehranı və Gürcüstanı heç qıcıqlandırmır. Məsələn, ABŞ hərbçilərinin bu ölkəyə səfərinə Tehran və ona bağlı KİV münasibət bildirməyib.  Sanki İran və Gürcüstan  Ermənistanın ABŞ-la əməkdaşlığını alqışlayır və ona bu istiqamətdə dəstək belə verir.

General Türkiyənin bütün hallarda Azərbaycanın yanında olduğunu vurğulayıb və Şuşa Bəyannaməsini xatırladıb: "Can Azərbaycan heç bir halda yalnız deyil və olmayacaq. Türkiyə öz qardaşı Azərbaycan ilə sonsuzadək birlikdədir. Azərbaycanla bağlı kirli və qanlı plan quranlar Şuşa Bəyannaməsini unutmasınlar".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.