Hayastanın sahibi kimdir
Siyasət

Hayastanın sahibi kimdir

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi yaxınlaşdıqca, bunu istəməyən revanşist qüvvələr və onların Qərb havadarları prosesə mane olmaq üçün əllərindən gələni edirlər. Bölgəyə yeni oyunçuların dəvət edilməsi, silahlı birləşmələrin tərkibinin artırılması, hərbi-siyasi vəziyyətin kəskinləşdirilməsi qəbuledilməzdir. Bütün bu cəhdlər, öz növbəsində, Ermənistanın siyasi gedişinin iflası deməkdir. Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, danışıqlar masasında artıq Azərbaycanın qələbəsi təsdiqlənib. Ona görə də bu cür yollara əl atır və göstərmək istəyir ki, bizim arxamızda müəyyən güclər var.

Bu ölkə Qərb dövlətlərinə söykənərək Azərbaycana təzyiq göstərmək istəyir. Ölkəmiz isə bu oyuna gəlməyəcək. Bu gün Ermənistanın dialoqa getməsinə mane olan faktorlar aradan qalxsa, yekun sülh sənədi imzalanar və bölgədə tamamilə yeni dövr başlaya bilər. Qərb dairələri danışıqları pozmaq üçün birgə hərəkətə keçiblər. Uzun zamandır sülhdən söz açan qüvvələr hazırda Paşinyanı sülhdən yayındırmaq üçün hər yola əl atırlar. Ermənistanın xaltasının kimin əlində olmasına baxmayaraq, ölkəmiz öz mövqeyini qəti şəkildə ortaya qoyub.

Ermənistanın heç vaxt müstəqil siyasəti olmayıb və bu dövlət həmişə xarici qüvvələr tərəfindən idarə edilib. N.Paşinyan hakimiyyəti ona görə də sülh müqaviləsinin imzalanmasını uzadır. Ermənistan rəsmiləri Azərbaycanla sülh müqaviləsinin imzalanmasının tezliklə baş tuta biləcəyindən danışır, əməldə isə buna zidd davranışlar sərgiləyirlər. Nə qədər ki, Ermənistan yeni himayədarlar axtarışında olacaq, regiona heç vaxt sülh gəlməyəcək. Düşmən ölkəyə dəstək verənlərin öz maraqları var. Buna görə də həmin dairələr Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyillər. Əslində, sülh müqaviləsinin imzalanması üçün hər hansı problem qalmayıb. Sadəcə, N.Paşinyan bilir ki, Azərbaycanla sülh müqaviləsi imzalanarsa, Qərbin yardımlarından məhrum ola bilər, bu da Ermənistan üçün hazırkı şəraitdə arzuedilməzdir.

Azərbaycanın sürətli inkişafından narahat olan Qərb qüvvələri ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün müxtəlif yollara əl atırlar. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransa və Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını aydın şəkildə əks etdirir. Heç şübhəsiz ki, regionda yaşanmış müharibə və dağıntılara, Ermənistandakı insan hüquqlarının pozulması hallarına, beynəlxalq cinayətlərə görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar. Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir hüquq təşkilatı qalmayacaqdı. Qərbin təlqin etdiyi dəyərlərə nə qədər sadiq olması şübhə altındadır. Cinayətkarın başını sığallamaq isə törədilən cinayətlərə ortaq olmaq deməkdir.

Röya RÜSTƏMLİ,

"Respublika".