Hərb tariximizin görkəmli nümayəndəsi
Tarixi şəxsiyyətlər

Hərb tariximizin görkəmli nümayəndəsi

General İsmayıl xan Kəngərli – Naxçıvanski 90 illik ömrünün 69 ilini hərb sənətinə həsr edib

“...Vadiyə daxil olanda qarşımda döyüşə hazır vəziyyətdə dayanmış bənzərsiz Kəngərli süvarilərini gördüm. Onlar hamısı eyni formada geyinmiş və yaraşıqlı atların üstündə oturmuşdular. Onların rəisi Ehsan xan atını mənim yanıma çapdı və bizim nizamlı qoşunların  zabiti kimi rusca raport verdi. Mən onların mühafizəsində məşhur Üçmüəzzin monastrına gəldim... Öz zənginliyi ilə mənim gözlədiyimə cavab verməyən monastrdan çıxanda “Kəngərli süvarilərinin paradını  qəbul etdim...”.

1837-ci ildə Cənubi Qafqaza səfərə gələn Rusiya çarı I Nikolay öz xatirələrində yazırdı bu fikirləri. Rusiya imperiyasının xüsusi ümidlər bəslədiyi Naxçıvanın Kəngərli süvarilərinin paradı 1837-ci il oktyabrın 5-də olub... O zaman I Nikolayın da belə heyranlıqla təsvir etdiyi ecazkar atların üstündə  oturanlardan  biri də 18 yaşlı İsmayıl xan idi. Buna görə o, xüsusi hazırlanmış gümüş medalla təltif olunmuşdu.

İsmayıl xan Kəngərli-Naxçıvanski. XIX yüzilliyin ortalarında və XX yüzilliyin əvvəllərində öz adını Azərbaycanın və Rusiyanın hərb tarixinə qızıl hərflərlə yazan tam süvari generalı. Xalqımızın qürur duyduğu daha bir övladı 1819-cu il yanvarın 5-də Naxçıvan xanlarından olan məşhur sərkərdə general-mayor I Ehsan xan Naxçıvanskinin ailəsində anadan olub. Elə ilk təhsilini də atası I Ehsan xanın sarayında alıb, fars dilini mükəmməl öyrənib. Sonra Tiflis gimnaziyasında orta təhsil alıb.

1839-cu il may ayının 1-də hərbi xidmətə başlayıb və o, Qafqaz müsəlman süvari polkunun naibi vəzifəsini daşıyıb. Bu polk Varşava şəhərində (Polşada) yerləşirdi.

İsmayıl xanın xidmət etdiyi ordunun baş komandiri general-feldmarşal İ.F.Paskeviç I Ehsan  xanın yaxın dostu idi və Kəngərli süvarilərinə xüsusi hörmət bəsləyirdi. O, gənc hərbçi İsmayılın hərbi istedadını çox yüksək qiymətləndirirdi. Elə bu baxımdan ona 4 aylıq məzuniyyət verir və Naxçıvana evlərinə yola salır. Məzuniyyətdən sonra isə İsmayıl xan  bir daha Varşavaya qayıtmır, 1845-ci il martın 3-dən Əlahiddə Qafqaz korpusunda süvari qoşunlarının hissəsində hərbi xidmətini davam etdirir. Həmin il İranın 3-cü dərəcəli Şir və Günəş (ulduzlu) ordeni ilə təltif edilən İsmayıl xan atası Zaqafqaziya Müsəlman qoşunlarının hərbi-yürüş atamanı I Ehsan xanın vəfatından sonra onun vəzifəsini icra etməyə başlayır. O, Kəngərli tayfasının və Kəngərli süvarilərinin rəisi təyin olunur. 1848-ci ildə isə Rusiya çarı I Nikolay general-mayor I Ehsan xanın hərbi fəaliyyətini nəzərə alaraq onun övladları – İsmayıl xan, II Kalbalı xan və qızı Lalabəyimə yüksək təqaüd təyin edir.

Tarixdə “Bəyazid müharibəsi” kimi qalan döyüşlərin qəhrəmanı İsmayıl xanın xidmətini layiqincə qiymətləndirən  rus tarixçisi Rudolf İvanov onun hünərini, qəhrəmanlığını başqalarının adına çıxmağa çalışanlara tutarlı cavab verir.

1890-cı il oktyabrın 28-də çarın əmri ilə Naxçıvanda onun hərbi fəaliyyətinin 50 illik yubileyi böyük təntənə ilə keçirilir, tədbir keçirilən günün axşamı Ehsan xan sarayının önündə böyük atəşfəşanlıq olur. 1883-cü il iyulun 21-də isə 3-cü dərəcəli Müqəddəs Vladimir ordeni ilə təltif edilir. Hərbçiyə aid olan təmiz bir ömür yaşayan  İsmayıl xan Naxçıvanskiyə 1908-ci il avqustun 18-də süvari generalı hərbi rütbəsi verilir və ordudan tərxis olunur. Həmçinin ona general mundirini saxlamağa və geyinməyə də icazə verilir. İsmayıl xana 1430 rubl təqaüd təyin edilir.

Ümumiyyətlə, İsmayıl Naxçıvanski Rusiya imperiyasının 5 medalını, “İmperatorun 1837-ci ildə Qafqazı keçməsi”, “1853-1856-cı illər üçün xatirə medalı”, “1877-1878-ci illər üçün xatirə medalı”, “İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə” və “İmperator I Nikolayın hakimiyyətinin xatirəsinə” medalları ilə təltif olunub. 1883 və 1885-ci illərdə Rusiya çarının  tacqoyma mərasimlərində iştirak edib. Bu münasibətlə ona 1883-cü ildə III dərəcəli “Müqəddəs Vladimir” ordeni verilib. 1888-ci ildə “Müqəddəs Stanislav” ordeni təqdim edilib.

General İsmayıl Naxçıvanski həm də dövrünün ən zəngin zadəganlarından idi. Qıvraq, Şahbuz, Nurs, Sirab kəndlərində malikanələri, Naxçıvan şəhərinin mərkəzində, İsmayıl xan hamamının qarşısında sarayı olub. Naxçıvanda yaşadığı illərdə quruculuq, maarifçilik, xeyriyyəçilik işləri ilə məşğul olub. O, 1909-cu il fevralın 10-da 90 yaşında dünyasını dəyişib, Naxçıvandakı İmamzadəyə bitişik tikilən Naxçıvan xanlarının sərdabəsində atası Ehsan xanın, qardaşı II Kalbalı xanın və oğlu Aman xanın yanında dəfn olunub.

Zümrüd QURBANQIZI,

“Respublika”.