Görkəmli şərqşünas alim, maarifçi, pedaqoq
Tarixi şəxsiyyətlər

Görkəmli şərqşünas alim, maarifçi, pedaqoq

Həyatda təzadlar olduqca çoxdur. Yəni təsir əks təsirə bərabərdir prinsipi öz əhəmiyyətini saxlamaqdadır. Dünyaya ruhani ailəsində gələn, müsəlman qaydaları ilə şəriət təhsili alan böyük alim dinini dəyişərək xristian kimi həyatdan köçür. Görkəmli şərqşünas alim, maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü - Mirzə Kazım bəy.

Onun elmə, biliyə marağı hələ uşaq yaşlarından olub. Bunu hiss edən atası oğlunu düzgün istiqamətə yönləndirərək savad alması üçün əlindən gələn bütün imkanlardan istifadə edib. Böyük alim hələ 17 yaşı olanda ərəb dilində "Ərəb dilinin qrammatikası təcrübəsi" adlı ilk əsərini yazır. 26 yaşı olanda isə London Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilir. Rus dilini mükəmməl bilən Mirzə Kazım bəy Sədinin "Gülüstan" əsərini rus dilinə tərcümə edir. 1835-ci ildə Rusiya Elmlər Akademiyasına müxbir üzv, 1850-ci ilin fevralında isə Rusiya Coğrafiya Cəmiyyətinə həqiqi üzv seçilib. Daha sonra isə Şirvan və Dərbəndin qədim tarixinə dair "Dərbəndnamə" adlı əsərini nəşrə hazırlamışdır. Hərbi Akademiyanın zabit heyəti üçün türk dilindən mühazirələr oxuyan Mirzə Kazım bəy İmperator Hərbi Akademiyasında keçirilən türk dili kursu üçün dərs vəsaiti hazırlayır. Həmin əsərinə görə isə ona Demidov mükafatı verilir. Mirzə Kazım bəyi rus şərqşünaslıq elminin banisi adlandırırdılar.

Mirzə Kazım bəy 1802-ci il iyulun 22-də Rəştdə dünyaya gəlmişdir. 8 yaşı olanda ailəsi ilə birlikdə Dərbənd şəhərinə köçərək orada yaşamışdır. Atası Hacı Qasım dövrünün mükəmməl dini təhsilli ziyalılarından olmuş, Dərbəndin şeyxülislamı rütbəsinə qədər yüksəlmişdir. Oğlunun da yüksək təhsil almasını istəyən ata onu gələcəkdə Dərbəndin şeyxülislamı kimi görmək arzusunda olub. Mirzə Kazım bəy ilk təhsilini molla yanında almış, sonra isə ruhanilərdən mükəmməl təhsilə yiyələnmişdir. O, artıq 12 yaşı olanda ərəb və fars dillərini də yüksək səviyyədə öyrənmişdir. 1819-cu ildə "Ərəb dili qrammatikası təcrübəsi" adlı ilk elmi işini yazmışdır. 1820-ci ildə isə ərəb və fars dillərində lüğət tərtib etmişdir. Həmin ildə atası Həştərxana sürgün edilərkən o da atası ilə getmiş, burada ingilis, fransız, alman dillərini öyrənmişdi. Öz bilik və bacarığı sayəsində az müddət ərzində elmi ictimaiyyətə özünü tanıdan Mirzə Kazım bəyi 1826-cı ildə Kazan Universitetinə İran ədəbiyyatından dərs deməyə dəvət etmişlər. Mirzə Kazım bəy qısa zaman kəsiyində həmin universitetin professor,  fakültə  dekanı vəzifələrində çalışmışdır. Kazan Universitetinin rektoru L.İ.Lobaçevski ilə olan dostluğu ona universitetin ictimai və elmi həyatında yaxından iştirak etmək imkanı qazandırmışdır.

L.İ.Lobaçevski Mirzə Kazım bəyin tərcümələri sayəsində Şərqin böyük riyaziyyat alimlərinin əsərləri ilə tanış olmuşdur. Hətta Mirzə Kazım bəy məhz Lobaçevskinin istifadə etməsi üçün böyük Azərbaycan alimi Nəsirəddin Tusinin riyaziyyata aid əsərlərini də tərcümə etmişdir. Ona dünya şöhrəti qazandıran "Əssəbüş-Səyyar", "Uyğurlar haqqında tədqiqat", "Quranın bəzi surələrinin şərhi", "Firdovsi yaradıcılığı üzrə Şərq mifologiyası" və başqa əsərlərini burada işlədiyi dövrdə yazmışdır. Həmin tədqiqat əsərləri qısa müddət ərzində Avropa dillərində nəşr olunaraq dünyada böyük əks-səda doğurmuşdur. Şərq mədəniyyətini mükəmməl bilən Mirzə Kazım bəy həm də onun tədqiqatçısı olmuşdur. Mirzə Kazım bəy Vətəndən uzaqda  olsa da, hər zaman Azərbaycan sevgisi ilə yaşayıb. Onun əvəzsiz xidmətlərindən biri də Azərbaycan dilinin tədqiqi, öyrənilməsi və elmi qrammatikasının yaradılması olmuşdur.

1845-ci ildən isə onun həyatında yeni dövr başlamış, Mirzə Kazım bəy fəaliyyətini Peterburq Universitetində davam etdirmişdir. Burada o, dünya şöhrəti qazanaraq Rusiyada şərqşünaslıq elminin əsasını qoymuşdur. Hətta akademik V.V.Bartold öz xatirələrində yazır ki, Mirzə Kazım bəy və O.İ.Senkovski öz mühazirələri ilə rus şərqşünaslığını yaratmışlar. Onu da xüsusi olaraq qeyd edək ki, Mirzə Kazım bəyin o dövrün görkəmli alimləri ilə tanışlığı yaradıcılığına böyük təkan vermişdi. Eyni zamanda onun elmi fəaliyyəti həmin alimlərə, xüsusilə Şərq ədəbiyyatı ilə tanışlıq, Şərq dillərinin təbliğ edilməsi, öyrənilməsi yolunda böyük kömək olmuşdu. Qürur hissilə qeyd edə bilərik ki, böyük azərbaycanlı, Vətən sevdalı Mirzə Kazım bəyin Rusiyada Şərq ədəbiyyatı və tarixinin təbliği sahəsində xidmətləri çox böyük olmuşdu. Hətta onun L.N.Tolstoyun və N.Q.Çerneşevskinin Şərq dillərini öyrənmələri və Şərq ədəbiyyatı ilə tanış olmalarında da əvəzsiz rolu var.

Mirzə Kazım bəyin həm türkologiya, həm də Şərqin tarixinə dair əsərləri olduqca böyük əhəmiyyət kəsb edir. Onu rusiyapərəst, yaxud da xristian dinini qəbul etməkdə günahlandırsalar da, bu böyük şəxsiyyət, alim bütün yaradıcılığını və fəaliyyətini Azərbaycan, ümumilikdə Şərq elmlərinin təbliğinə həsr etmişdir. Onun "Şərq dillərindəki sözlərə oxşar rus sözlərinin izahı" adlı məqaləsi rus lüğətində oriyentalizmlərin öyrənilməsi metodikasına həsr olunub. Mirzə Kazım bəy 1842-ci ildə Kazan quberniyasının yoxsullaşmış zadəgan ailəsindən olan Praskovya Kostlivseva ilə ailə həyatı qurur. Bu evlilikdən Olqa adlı qızı, Aleksandr, Boris və Nikolay adlı oğlanları dünyaya gəlir. Lakin alimin xoşbəxt ailə həyatı uzun sürmür. 1854-cü ildə ailə böyük faciə ilə üzləşir. Nəticədə alimin xanımı və iki azyaşlı oğlu dünyasını dəyişir. Baş verənlər onun həyatına ağır təsir göstərsə də, yaradıcılıq fəaliyyətini davam etdirir. Mirzə Kazım bəy 1868-ci ildə rus elmi dairələrində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafikasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin bu işi başa çatdırmağa ömür möhlət vermir. 1870-ci ildə dünyasını dəyişən  Mirzə Kazım bəy Sankt-Peterburqda Pavlovsk qəbiristanlığında dəfn olunur.

Ramidə YAQUBQIZI,

"Respublika".