Heykələ qarşı vandalizm anti-Azərbaycan siyasətinin təzahürüdür
Siyasət

Heykələ qarşı vandalizm anti-Azərbaycan siyasətinin təzahürüdür

Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın və Evian-lö Bən şəhəri arasında Dostluq və Əməkdaşlıq barədə 2015-ci ildə müvafiq xartiya imzalanmışdır. Məhz həmin şəhərdə Azərbaycan parkı inşa olunmuş və orada ayrı-ayrı mütəfəkkirlərimizlə bağlı yazılar yer almış, eyni zamanda şairə Xurşidbanu Natəvanın heykəli ucaldılmışdı.

Lakin son vaxtlar Fransanın Cənubi Qafqaza, eyni zamanda Azərbaycana qarşı apardığı məkrli siyasət bu ərazidən də yan keçmədi. Məqsəd də nəyin bahasına olur-olsun oradan Natəvanın heykəlinin götürülməsi və Azərbaycan dilində olan yazıların silinməsidir. Guya ki, Fransanın müxalif qüvvələri buna rəvac verir. Bu isə absurd məsələdir. Çünki şəhər meri ilə onun müavini arasında olan qarşılıqlı narazılıq da kütləvi informasiya vasitələrində öz yerini tapdı. Belə ki, mer təkidlə Xurşidbanu Natəvanın heykəlinin yığışdırılmasını, lakin merin müavini isə bunun orada qalmasını istəyir. Burada azad bir qadının, şairənin heykəlinin olması, hər hansı bir siyasətə mənfi zərbə vuran məsələ deyil. Lakin mer isə məhz erməni lobbisinin təsiri ilə heykəlin oradan götürülməsinə çalışırdı. Ancaq heykəlin götürülməsi ilə bağlı müvafiq qərar verilməyəcəkdir. Çünki bu qərarı vermək üçün meriyanın tək rəhbərinin deyil, onun müavininin də sözü olmalıdır. Burada "çıxış yolu"nu heykələ qarşı vandalizm törədilməsində görürdülər. Beləliklə, "mədəni fransızlar" anti-Azərbaycan siyasətinə əl atdılar və həmin ərazidə heykəli zədələdilər. Bu isə bir daha Makron siyasətinin əsl mahiyyətini dünyaya göstərir. Ermənilərlə həmrəy olaraq ölkəmizə, Azərbaycanın tarixinə, mədəniyyətinə qarşı olduğunu göstərən Makronun məqsədi seçkilərdə ermənilərin dəstəyini almaqdan ibarətdir.

Ümumiyyətlə, dünyada belə hadisələr ancaq məkrli siyasət kimi qarşılanır. Buna təbii ki, istər UNESCO, istər Birləşmiş Millətlər Təşkilatı birmənalı şəkildə reaksiya verməlidir. Əgər bu şəhərlər qardaşlaşıbsa, bir-birinin mədəniyyətinin təbliğatı ilə məşğuldursa, bu mədəniyyətə niyə belə zərbə vurulmalıdır? Düşünürəm ki, bu anti-Azərbaycan siyasətinin nəticəsidir.

Arzu NAĞIYEV,

deputat.