Hindistan sən demə,  Hayastan imiş
Digər xəbərlər

Hindistan sən demə,  Hayastan imiş

Azərbaycan 30 illik işğal dövründə Ermənistanın gücünün nədən və yaxud da kimdən qaynaqlandığını çox gözəl bilirdi. Məlum məsələ idi ki, hayların arxasında hansı dövlətlər dayanırdı. Sözsüz ki, bu dövlətlərin maraq dairələri də aydın idi. Bu öz yerində...

Son günlərin səs-küylü hadisələrindən biri də Hindistanın yenidən İran ərazisindən İrəvana silah-sursat daşımasıdır. İrandan Ermənistana daşınan hərbi təyinatlı yük Bəndər-Abbas limanına çatdırılıb. Nordüz sərhəd-keçid məntəqəsindən Ermənistana doğru yol alan avtomobil karvanı ilə hərbi sursatlar daşınmışdır. Hətta kadrlarda yükün üzərinə çadırların çəkildiyi də aydın görünür.  Onu da qeyd edək ki, Hindistan tərəfindən Ermənistana dəfələrlə hərbi yardımlar göndərilib.

Hətta İkinci Qarabağ müharibəsindən əvvəl Hindistan Ermənistana 4 ədəd Su-30SM qırıcısı göndərib. Bu ilin əvvəlində Hindistan mətbuatının yaydığı məlumata görə, Ermənistan tank əleyhinə "NAG ATGM" sistemlərinin tədarükü üçün sifariş vermişdir. Maraqlı olan odur ki, Hindistan dünyada silah satan ölkələr siyahısında heç ilk 20-cilikdə belə deyil. Yəni bu ölkənin istehsal etdiyi silahlar digər dövlətlərin istehsalı olan eyni növ  silahlardan olduqca geri qalır. O zaman sual yaranır, Ermənistan bütün bunları bilə-bilə niyə Hindistandan silah almaqda maraqlıdır? Əvvəla, bu, birbaşa hayların aciz durumunun göstəricisidir. Artıq dünyanın bir çox ölkələri erməni yalanlarına inanmır və onları dəstəkləmir. Ermənistana silah satmaq marağında olan ölkələrin sayı isə çox azdır.  Digər tərəfdən, vaxtilə bu işi reallaşdıran ölkələrdən biri Rusiya idi ki, bu gün o da bu işdə o qədər də maraqlı deyil.

Əlacsız qalan, əli hər yerdən üzülən Ermənistan son çarəni Hindistanın vaxtı keçmiş, yararsız və keyfiyyətsiz silahlarında görür. Hindlilərin istehsal etdiyi 4-5-ci dərəcəli keyfiyyətsiz silahların isə nəyə yarayacağı bilinmir.  Ancaq hazırkı durumda Hindistanın Ermənistanı silahla təmin edir. Azərbaycan Respublikasının Prezidenti bu barədə demişdir: "Bizim əlimizdə olan videokadrlarda görünür ki, Hindistan aşkar şəkildə faktiki olaraq Ermənistanı silah və hərbi texnika ilə təmin etməyə başlayıb. Hərçənd Bakı bütün kanallar vasitəsilə Yeni Dehlini erməni ordusunun yenidən silahlandırılması və Ermənistan hərbi-siyasi rəhbərliyində mümkün qisas illüziyalarının yaradılması ilə bağlı xəbərdar edirdi".

Bu gün Azərbaycan regionda sülh və asayişin bərpa olunmasına çalışır. Ermənistan isə əksinə, beynəlxalq norma və prinsipləri pozur, 10 noyabr Bəyannaməsinin şərtlərinə əməl etməyərək bölgədə gərginlik yaratmağa çalışır. Hindistan və onun kimi Ermənistanı silahlandırmağa çalışan ölkələr isə yeni müharibə ocağını alovlandırırlar.

Ramidə YAQUBQIZI, 

"Respublika".