DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ VƏ RUSİYA LİDERLƏRİNİN GÖRÜŞÜNƏ HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşə hazırlıq işləri davam edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilib.

Məlumata əsasən, iki ölkə liderinin görüşünün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

“Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir razılıq yoxdur”, - deyə Türkiyə Prezident Administrasiyasından bildirilib.

Rusiya prezidenti Vladimir Putin dekabrda keçirdiyi mətbuat konfransında tezliklə Türkiyəyə səfər edəcəyini açıqlamışdı.

Eyni zamanda, bir müddət öncə Rəcəb Tayyib Ərdoğan bildirib ki, taxıl dəhlizi üzrə Vladimir Putinlə danışıqlara ümid edir və məsələ ilə bağlı müzakirələrin müsbət nəticələrə gətirib çıxaracağına əmindir.

BİDZİNA İVANİŞVİLİ YENİ SƏLAHİYYƏTƏ SAHİB OLUB

“Gürcü Arzusu” Partiyasının təsisçisi və fəxri sədri, sabiq baş nazir Bidzina İvanişvili partiyanın yenilənmiş nizamnaməsinə əsasən, ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək səlahiyyəti əldə edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, yeni nizamnaməyə əsasən, Siyasi Şura partiyanın fəxri sədrinin təqdimatı ilə Gürcüstanın baş nazirinin namizədliyini təsdiq edir.

Eyni zamanda, partiyanın fəxri sədrinin və ya Siyasi Şuranın qərarı ilə partiyanın növbədənkənar qurultayı da çağırıla bilər. Sənəddə həmçinin qeyd olunur ki, Siyasi Şura partiyanın fəxri sədri və partiya qurultayında seçilən 15 üzvdən ibarətdir.

Hakim “Gürcü Arzusu” Partiyası ötən ilin son günlərində ölkənin sabiq baş naziri Bidzina İvanişvilinin siyasətə qayıtdığını açıqlayıb. O, bu partiyanın Siyasi Şurasının yeni sədri seçilib.

Xatırladaq ki, B.İvanişvili 20

11-ci ildən siyasətlə məşğuldur. 2012-ci il oktyabrın 1-də keçirilən parlament seçkilərində onun rəhbərlik etdiyi “Gürcü Arzusu” bloku qalib gəlib.

PENTAQON RƏHBƏRİNİN SON VƏZİYYƏTİ HAQDA AÇIQLAMA

ABŞ-ın müdafiə naziri  Lloyd Ostinin səhhəti ilə bağlı son durum məlum olub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Pentaqondan açıqlama verilib.

Məlumata əsasən, müdafiə naziri Merilend ştatındakı Uolter Rid Milli Tibb Mərkəzində müalicəsini davam etdirir. “Lloyd Ostin artıq reanimasiyada deyil. Lakin hələ də özünü pis hiss etməkdə davam edir. Buna baxmayaraq, proqnozlar yaxşıdır”, - deyə açıqlamada vurğulanır.

Bununla yanaşı, verilən xəbərə görə, müdafiə nazirinin evə buraxılacağı tarix məlum deyil.

Qeyd edək ki, 70 yaşlı nazir səhhətindəki problemlərlə əlaqədar yanvarın 1-də xəstəxanaya yerləşdirilib. O, 4 gün reanimasiya şöbəsində qalıb.

Xatırladaq ki, bir neçə gün öncə “Politico” nəşri yazıb ki, ABŞ-ın Müdafiə Nazirliyi Lloyd Ostinin harada olması barədə məlumatları üç gün ərzində Ağ Evdən gizli saxlayıb.

YUNANISTANDA İQLİM DƏYİŞİKLİYİ İLƏ BAĞLI VERGİ TƏTBİQ OLUNACAQ

Güclü meşə yanğınları və daşqınlardan sonra bərpa işləri üzrə təşəbbüsləri dəstəkləmək məqsədilə Yunanıstan hökuməti cari ilin yanvar ayından qüvvəyə minən yeni mənzil vergisi tətbiq edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə yunan mətbuatı xəbər verib.

Bildirilir ki, “İqlim dəyişikliyinə qarşı dayanıqlıq vergisi” oteldə qalmaq üçün ödəniş etməli olan turistlər üçün nəzərdə tutulub. O, yalnız mart ayından oktyabr ayına qədər davam edən turist mövsümünün ən pik vaxtında tutulacaq.

Məlumata əsasən, vergi dərəcələri bir gecəyə 1 avrodan 4 avroya qədər dəyişir, üstəlik ödənişin miqdarı mənzilin reytinqindən asılıdır.

Eyni zamanda, qeyd edilir ki, bu vergilər istirahət üçün turist operatorları və agentləri tərəfindən təqdim edilmiş qiymətlərə daxil edilməyib. Səyahətçilər onları otellərdə yerli valyuta ilə ödəməli olacaqlar.

VİKTOR ORBAN UKRAYNA İLƏ BAĞLI ŞƏRT İRƏLİ SÜRÜB

Macarıstan Avropa İttifaqından (Aİ) Ukraynaya 50 milyard avro məbləğində yardım paketinə qoyduğu vetonu aradan qaldıra bilər, lakin bir şərtlə ki, maliyyələşməyə hər il yenidən baxılsın. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Aİ-nin diplomatik mənbələrinə istinadən “Politico” nəşri məlumat yayıb.

Eyni zamanda, rəsmi Budapeşt Brüsselə bildirib ki, Avropa Şurasının illik əsasda vəsaitin ayrılmasına dair səsverməni təsdiqləməsi şərtilə vetonu ləğv edə bilər. Nəşrin yazdığına görə, belə bir boşluq Macarıstanın baş naziri Viktor Orbana Brüssellə müəyyən məsələlərdə sövdələşməyə imkan verəcək.

Verilən xəbərə görə, Macarıstan artıq təklifini Belçika vasitəsilə Aİ Şurasına göndərib. Orbanın təklifinə əsasən, Aİ Ukraynaya hər il qrant və kredit şəklində 12,5 milyard avro verəcək ki, bu da 4 ildən sonra Aİ-nin vədini verdiyi 50 milyard avronun Kiyevə ötürülməsi demək olacaq.

Nəşr qeyd edir ki, Ukraynanın Aİ-dən maliyyələşdirilməsi məsələsi gələn həftə müzakirə olunacaq. Macarıstanın vetosundan sonra Aİ Ukraynaya 20 milyard avroya qədər yeni yardımın ayrılması üçün ehtiyat plan hazırlayır.

İSVEÇ ARTİLLERİYA SURSATLARININ İSTEHSALINI ARTIRACAQ

İsveç hökuməti yaxın illərdə artilleriya sursatlarının istehsalını üç dəfə, istehsal tempini isə əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. “Report” agentliyinin  xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri Pol Conson bildirib.

Məlumata görə, söhbət ilk növbədə Ukraynaya tədarük edilən 155 mm çaplı mərmilərdən gedir. Əslində onların istehsalı artıq artırılıb, lakin hökumətin fikrincə, bu, kifayət deyil.

Bununla yanaşı, hazırda müxalifətdə olan sosial-demokratlar da istehsalın artırılmasının tərəfdarıdır. Onlar hərbi sənaye kompleksi şirkətlərinin istehsal imkanlarını genişləndirə bilmələri üçün dövlət kredit zəmanətlərindən istifadə etməyi təklif edirlər.

Eyni zamanda, sursatların məqsədyönlü   və uzunmüddətli alınması da həyata keçirilə bilər və həm İsveçdə, həm də Ukraynada sursatların çatdırılma müddətini azaltmaq üçün digər Skandinaviya ölkələri ilə əməkdaşlıq edilə bilər.

ABŞ-DA DÜNYADA İLK TAM ROBOTLAŞDIRILMIŞ RESTORAN AÇILACAQ

ABŞ-ın Kaliforniya ştatında dünyada ilk dəfə olaraq tamamilə robotlaşdırılmış restoran açılacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bütün istehsal prosesləri süni intellekt tərəfindən idarə olunacaq.

Bildirilir ki, belə bir restoran ideyası  Amerikanın “Cali Group”, “Miso Robotics” və “PopID” şirkətlərinə məxsusdur. “Cali Group” müasir texnologiyaların restoran və pərakəndə biznes sahəsinə tətbiqi üzrə ixtisaslaşıb.

Restoran “CaliExpress by Flippy” adlandırılacaq və ABŞ-ın Kaliforniya ştatındakı Pasadena şəhərinin mərkəzində yerləşəcək. Restoran Amerikanın ənənəvi fastfudun hazırlanmasında ixtisaslaşacaq - menyuya hələ ki, üç növ burger, kartof fri və salat daxil olunub. Onların hazırlanması üçün bir neçə tamamilə robotlaşdırılmış avadanlıqlar quraşdırılacaq.

Robot-aşpazlar komandası xüsusi yazılmış proqram təminatı tərəfindən idarə olunacaq. Özünəxidmət köşkləri vasitəsilə sifariş vermək mümkün olacaq. Bunun üçün əvvəlcədən xüsusi hesab yaratmaq lazım gələcək. Sifariş verildiyi zaman köşk müştərilərin əvvəlki tarixçəsinə əsasən tövsiyələr verəcək. Daha sonra müştəri yeməyin hazırlanması prosesini müşahidə edə biləcək. Bunun üçün mətbəxin divarları şəffaf şüşədən hazırlanacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.