İcma: ABŞ səfirliyinin bəyanatı Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir
Siyasət

İcma: ABŞ səfirliyinin bəyanatı Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir

ABŞ səfirliyinin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı verdiyi bəyanat Azərbaycan xalqının iradəsinə hörmətsizlik və elementar diplomatik qaydalara zidd olan qaba hərəkətdir.

Bu fikir sözügedən bəyanata Qərbi Azərbaycan İcmasının cavabında yer alıb.

İcmanın cavabında bildirilir ki, Ermənistanın 30 illik işğalçılıq siyasətini, etnik təmizləməni, "demokratik" Nikol Paşinyanın müdafiə naziri, "dahi sərkərdə" David Tonoyanın Vaşinqtonda Azərbaycanı "yeni ərazilər üçün yeni müharibə" ilə hədələyən açıqlamasını pisləməyən, Qərbi azərbaycanlıların qayıdış hüququnu dilə gətirməyən bir ölkənin bugünkü bəyanatı çox gülünc səslənir.

"Əgər ABŞ diplomatları ATƏT-in tövsiyələrinə belə önəm verirsə, ilk öncə onları elə həmin ATƏT-in 2020-ci ilin noyabr ayında ABŞ-da keçirilmiş prezident seçkiləri ilə bağlı verdiyi tövsiyələrlə tanış olmağa çağırırıq. Həmin hesabatda xüsusilə vurğulanır ki, ATƏT-in əvvəlki hesabatlarında yer almış tövsiyələr yerinə yetirilməmişdir. ABŞ diplomatlarını riyakarlıqdan uzaq olmağa çağırırıq", - deyə Qərbi Azərbaycan İcmasının cavabında vurğulanıb.

***

Frank Şvabenin son vaxtlar Azərbaycana qarşı fəaliyyətini təlxəklik kimi xarakterizə etmək olar

Almaniya Bundestaqının üzvü Frank Şvabenin son vaxtlar Azərbaycana qarşı fəaliyyətini təlxəklik kimi xarakterizə etmək olar.

Bu fikir Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: "F.Şvabe kimi uğursuzun qəzəbi bir daha onu göstərir ki, Azərbaycan təkcə işğalçı Ermənistanı deyil, onun arxasında duran bütün qüvvələri məğlub edib və həmin dairələr indi Azərbaycandan məhz buna görə qisas almaq istəyirlər.

Lakin tarix göstərir ki, F.Şvabe kimi əli qələmli səlibçilər Azərbaycanın iradəsinə zərrə qədər təsir göstərə bilməzlər".