İlana zəhər verən kərtənkələ
Siyasət

İlana zəhər verən kərtənkələ

Müharibə və sonrakı dövrlərdə Azərbaycana təzyiq etməyə çalışan ölkələr olub. Bu ölkələrdən biri də Fransadır. Azərbaycan daim Fransaya dost münasibəti bəsləyib. Amma əvəzində Fransanın ədalətsiz, haqsız və qərəzli mövqeyi ilə qarşılaşıb.

Üç il bundan əvvəl sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatlarından narahat olan Fransa cidd-cəhdlə bu prosesi dayandırmağa çalışırdı. 44 gün davam edən, qələbə ilə bitən Vətən müharibəsi başa çatsa da, Fransa qərəzli mövqeyindən əl çəkmir. Belə ki, Fransa əsl üzünü bu müharibədən sonra göstərmiş oldu. Torpaqlarımızı işğaldan azad etdikdən sonra da Fransa Ermənistana və Qarabağdakı erməni separatçılarına dəstək verməyə başladı.

Fransızlar terroru, separatizmi, işğalçılığı dövlət siyasətinin əsası kimi götürən Ermənistanı dəstəkləyirlər. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti, eləcə də prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Bir sözlə, Fransanın Azərbaycana olan münasibəti tamamilə qərəz və açıq düşmənçilik üzərində qurulub. Fransa özünü neytral yox, Ermənistan tərəfinin nümayəndəsi, tərəfdaşı kimi aparıb. Fransanın qərəzli təklifləri münaqişənin sülh yolu ilə həllinə maneə olub. Daha doğrusu, Fransa həmişə ilana zəhər verən kərtənkələ rolunda çıxış edib. Ermənistanın ən böyük vəkili olan Fransa Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevrilib.

Əslində, Fransanın anti-Azərbaycan siyasətinin bir səbəbi də bundan qaynaqlanır ki, Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycan daima dünyada artan neokolonializm meyillərinə qarşı çıxışlar edir. Bu gün isə biz Fransanın neokolonializm meylinin daha da artdığını görürük. Belə ki, Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qalıb, Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilib və bölgədəki bütün resurslar istismar olunub. Əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalı həyatını itirib, bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu olduğu üzə çıxıb. 1945-ci il mayın 8-də də Fransa Əlcəzairdə soyqırımı törədib. Bu soyqırımında 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. Fransa özü unutsa da, dünya bu ölkənin törətdiyi qətliamları unutmayacaq.

Fransanın bölgəmizə vəd etdiyi siyasət isə sülhün və təhlükəsizliyin təmin olunmasına deyil, qarşıdurma və ziddiyyətlərin daha da kəskinləşməsinə xidmət edir. Qarabağda separatizmi yaradan Ermənistan respublikası separatçı rejimi müstəqil subyekt kimi qəbul etmədiyi halda, bunu dünyada qəbul edən yeganə dövlət Fransadır. Eyni zamanda 30 illik nəticəsiz vasitəçilik missiyasının ardınca bu gün artıq tam açıq formada birtərəfli siyasət yürüdən, bütün diplomatik normaları pozan, təxribat və yalanlara əl atan Fransanın yenidən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, sülh prosesində vasitəçiliyə can atması absurddur.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib: "Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb. Rəsmi Bakı və İrəvan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun dağılmasında Parisin də rolu olub. Fransanın göstəriş xətrinə atdığı addımlar tərəflərə kömək etmir. Paris sadəcə Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa çalışır".

Azərbaycanın tarixi torpağına "mübahisəli ərazi" deyən, işğalçı Ermənistanı yox, Azərbaycanı ittiham edən, heç bir halda Ermənistanı "atmayacaqlarını" bildirən bir dövlət və onun prezidenti hansı haqla vasitəçi olmağı iddia edə bilər. Xalqımız Fransanın hər zaman anti-Azərbaycan mövqeyində dayanmasının şahidi olub. Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti, İslam ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara münasibətdə dini və irqi ayrı-seçkiliyi hər kəsə məlum həqiqətlərdir.

"Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edərsə, Azərbaycanla Ermənistan XİN rəhbərlərinin birbaşa danışıqları alternativ ola bilər. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz buna hazırıq. Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq". Bu sözləri ölkə başçımız İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib.

Röya RÜSTƏMLİ,

"Respublika".