Ümumdünya İnsan Hüquqları Bəyannaməsi 75
Siyasət

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi 75

10 Dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür

Bu il qəbul edilməsinin 75-ci ildönümünü qeyd etdiyimiz Ümumdünya İnsan Hüquqları Bəyannaməsi əhəmiyyətinə görə Birləşmiş Millətlər Təşkilatının (BMT) ən mühüm aktlarındandır.

İnsan hüquqlarının universal səviyyədə müdafiəsi ideyası ilk dəfə olaraq BMT Nizamnaməsində öz əksini tapmışdır. Nizamnamənin preambulasında əsas insan hüquqlarına inamın yenidən təsdiq edilməsi, 1-ci maddədə isə "irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsi və həvəsləndirilməsi" BMT-nin əsas məqsədlərindən biri kimi bəyan edilir. Nizamnamənin 55-ci maddəsinə əsasən dövlətlər irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsinə dəstək verirlər. Təşkilatın bütün üzvləri öz üzərlərinə öhdəlik götürürlər ki, 55-ci maddədə göstərilmiş məqsədlərə nail olmaq üçün Təşkilatla əməkdaşlıqda birgə və müstəqil hərəkət etsinlər. Lakin qeyd etmək lazımdır ki, BMT Nizamnaməsində insan hüquqları və əsas azadlıqlar sadalanmır. Bir növ bu boşluğu doldurmaq üçün 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının 217 (III) saylı qətnaməsi ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildi. 30 maddədən ibarət olan bu sənəddə bir sıra mülki və siyasi, həmçinin iqtisadi, sosial və mədəni hüquqlar təsbit olunmuşdur.

1945-ci ildə BMT-nin təsis edilməsi ilə insan hüquqları sahəsində normayaradıcılıq prosesinin əsası qoyuldu. Bu məqsədlə, 1946-cı ildə təsis olunmuş İnsan Hüquqları Komissiyasının qərarı ilə ilk olaraq "İnsan Hüquqları haqqında Bill"in hazırlandı. Komissiyanın "İnsan Hüquqları Xartiyası" adlı gündəliyi 3 hissədən ibarət idi:  Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hazırlanması; İnsan hüquqlarına dair beynəlxalq paktların hazırlanması; Paktların icra mexanizminin müəyyən olunması.

Bəyannamənin mətni Eleanor Ruzveltin rəhbərliyi ilə işçi qrup tərəfindən 2 il ərzində hazırlandı və razılaşdırıldı. Bəyannamə layihəsinin hazırlanması və razılaşdırılması qızğın mübahisələrlə müşayiət olunmuşdur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, layihənin müzakirə olunduğu III Komitədə bununla bağlı 1400 dəfə səsvermə keçirilmişdir. Qeyd etmək lazımdır ki, heç bir dövlət Bəyannamənin əleyhinə səs verməmişdir.

Hüquqi qüvvəsinə gəlincə isə qeyd edilməlidir ki, Bəyannamə müqavilə formasında deyil, BMT Baş Assambleyasının qətnaməsi formasında qəbul edildiyindən tövsiyə xarakteri daşıyır. Lakin burada bir məqamı da vurğulamaq lazımdır ki, beynəlxalq hüquqda müqavilə ilə yanaşı, dövlətin beynəlxalq təcrübəsi nəticəsində formalaşan və onlar tərəfindən tədricən hüquqi norma kimi təsdiq olunan adətlər də mühüm rol oynayır. Bəyannamədə təsbit edilmiş əsas hüquq və azadlıqlar hazırda əksər dövlətlər tərəfindən hüquqi cəhətdən vacib olan adət və ya müqavilə normaları kimi tanınır.

BMT tərəfindən təşkil edilmiş İnsan Hüquqları üzrə Beynəlxalq Konfransı (Tehran konfransı) 13 may 1968-ci il tarixli Yekun Sənədində qeyd edilir ki, Bəyannamə insan hüquqlarına münasibətdə dünya xalqlarının ümumi razılaşmasını ehtiva edir və beynəlxalq birliyin üzvləri üçün öhdəliklər müəyyənləşdirir.

Bir sıra dövlətlərin konstitusiyaları Bəyannaməyə istinad edərək onun bir çox müddəalarını özündə əks etdirir. Bəyannamənin müddəaları yeni beynəlxalq müqavilələrin bağlanması prosesində tədricən inkişaf edir və dəqiqləşir. Tam əminliklə söyləmək olar ki, Bəyannamə beynəlxalq hüququn mənbələrindən biri, beynəlxalq insan hüquqlarının əsas mənbəyidir. Bəyannamə, həmçinin dövlətlər üçün insan hüquqlarına dair qanunvericilik sahəsi üzrə model sənəd rolunda çıxış edir.

Bəyannamə ən çox dilə (500-dən çox) tərcümə edilən sənəd kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. İngilis və ispan dillərində isə hətta jest dilinə də tərcümə edilmişdir. Bu faktın özü Bəyannamənin həqiqətən də universal sənəd olduğunun təsdiqidir. Bu gün Bəyannamə dünyanın demək olar ki, bütün dillərində və dialektlərində mövcuddur.

Bəyannamənin əsas müəllifləri sırasında xüsusi mövqe tutan Eleanor Ruzvelt bu beynəlxalq-hüquqi sənədi bəşəriyyətin Böyük Azadlıqlar Xartiyası adlandırırdı.

Bəyannamənin əsas müəlliflərindən biri də yəhudi əsilli hüquqşünas və ictimai xadim, Nobel mükafatçısı Rene Kassen idi. R.Kassen Bəyannaməni qədim yunan məbədinə bənzədirdi. O qeyd edirdi ki, ləyaqət, azadlıq, bərabərlik kimi dəyərləri ehtiva edən 1-ci və 2-ci maddələr bünövrədir. Preambulanın 7 abzası Bəyannamənin qəbul edilməsinin səbəblərini göstərməklə, nərdivan rolunda çıxış edir: Bəyannamənin əsas mətni 4 sütun üzərində qurulub, 1-ci sütun (3-11-ci maddələr) özündə yaşamaq, köləlikdə saxlanılmamaq, işgəncəyə məruz qalmamaq və digər bu kimi vacib hüquqları, ikinci sütun (12-17-ci maddələr) mülki və siyasi cəmiyyətdə şəxsin hüquqlarını, üçüncü sütun (18-21-ci maddələr) mənəvi, ictimai və siyasi azadlıqları, dördüncü sütun isə (22-27-ci maddələr) iqtisadi, sosial və mədəni hüquqları ehtiva edir. Kassenin fikrincə, Bəyannamənin sonuncu üç maddəsi struktur elementləri bir-birinə bağlayan frontondur.

ABŞ və bəzi Avropa dövlətləri Bəyannamənin Preambulasına insan hüquqlarının yaranmasının mənbəyi kimi Allahın qeyd olunmasını təklif edir və bunu belə əsaslandırırdılar ki, bu, dövlətləri insan hüquqlarını pozmaqdan çəkindirəcəkdir. Lakin bir sıra dövlətlərin, xüsusilə də sosialist ölkələrinin etirazları nəticəsində belə bir müddəa əsas mətnə daxil edilmədi.

Bəyannamənin ilkin mətnində "BMT-yə şikayət hüququ" öz əksini tapmışdı. Lakin sosialist ölkələrinin etirazı nəticəsində bu bənd layihədən çıxarıldı. Onlar fikirlərini bununla əsaslandırdılar ki, "BMT-yə şikayət hüququ" dövlətlərin suverenliyi prinsipinə, həmçinin BMT Nizamnaməsində öz əksini tapmış dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə ziddir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi həm də mənəvi-əxlaqi bir sənəddir. Müəllifi R.Kassen olan 1-ci maddəyə müvafiq olaraq bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar. Bəyannaməyə görə, insan hüquqlarına hörmətin əsas elementini insan ləyaqəti təşkil edir. İlk növbədə, qeyd etmək lazımdır ki, ləyaqət insan hüquqlarının əsasını və bünövrəsini təşkil edir. İnsan hüquqları doktrinası bütövlükdə ali bir dəyər olan insan ləyaqətinə əsaslanır. Ləyaqət - yaşından, cinsindən, dilindən, dinindən, irqindən, maddi vəziyyətindən, siyasi mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir insanın (o cümlədən uşağın, hətta ana bətnində olan uşağın da) toxunulmaz, pozulmaz və ayrılmaz təbii keyfiyyətidir. Ləyaqətindən imtina etmək hüquq və azadlıqla-rından imtina etməyə, hüquq və azadlıqlarından imtina etmək isə ləyaqətindən imtina etməyə bərabərdir. İnsan hüquqları doktrinasında ləyaqət konsepsiyası əsas yerlərdən birini tutur. İnsan hüquqlarına dair bütün beynəlxalq hüquqi aktlar insan ləyaqətinin toxunulmazlığı və hörmət prinsipinə əsaslanır. İnsan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsində bununla bağlı bir sıra normalar mövcuddur. Bəyannamənin preambulasına əsasən, bəşəriyyətin bütün üzvlərinə xas olan ləyaqət hissinin,  onların bərabər və ayrılmaz hüquqlarının tanınması azadlıq, ədalət və ümumi sülhün əsasıdır.

İnsanın hüquq və azadlıqları birbaşa olaraq məhz ləyaqətdən irəli gəlir. İnsanın hüquq və azadlıqlarını qorumaq üçün, ilk növbədə, onun ləyaqəti dövlət tərəfindən qorunmalıdır. 1975-ci il tarixli Helsinki Yekun Aktında dövlətlərin insan şəxsiyyətinə məxsus ləyaqətdən irəli gələn və insanın azad və hərtərəfli inkişafı üçün əsas olan mülki, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təşviq və inkişaf etdirəcəkləri qeyd edilir. Ləyaqət, həmçinin insana dövlət tərəfindən verilən ictimai dəyər və insanın xoşbəxt həyat sürə bilməsi üçün ən vacib şərtlərdən biridir. Ləyaqət konsepsiyasına əsasən, insan ən ali, dəyərli, dahi varlıqdır. Qədim yunan mütəfəkkiri Sofokl bildirirdi ki, "Yer üzündə ali varlıqlar çoxdur, lakin insandan alisi yoxdur". Dahi alman filosofu Lüdviq Feyerbaxın fikrincə isə ləyaqət  insanın böyüklüyü, onun ən ali dəyəridir. Həm fəlsəfi-etik, həm də konstitusion-hüquqi kateqoriyadır.

Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. "Şərəf və ləyaqətin müdafiəsi hüququ" adlanan 46-cı maddəyə əsasən isə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

İnsan ləyaqətinin qorunmasının və ona hörmət edilməsinin Əsas Qanunda bəyan edilməsi Azərbaycan dövlətinin insanı təbii hüquq və azadlıqlara malik ən ali varlıq kimi qəbul etməsinin göstəricisidir.

Qəbul edilməsindən 75 il keçməsinə baxmayaraq, Bəyannamə öz aktuallığını qoruyub saxlayır. Bu gün bir çox dövlətlər insan hüquqlarına aid dövlətdaxili qanunların şərhi üçün Bəyannamənin müddəalarından geniş istifadə edir, bəzi ölkələrin məhkəmələri öz qərarlarında Bəyannamənin müddəalarına istinad edirlər. Bir sıra dövlətlər isə Bəyannaməyə əksər hissəsi ümumməcburi normalara çevrilmiş sənəd kimi baxırlar.

1994-cü ildə BMT Baş Assambleyası İnsan Hüquqları üzrə Ali Komissar vəzifəsini təsis edərkən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əməl olunmasının zəruriliyini vurğulamış və qeyd etmişdir ki, Ali Komissar Ümumdünya İnsan Hüquqları Bəyannaməsi əsasında fəaliyyət göstərməlidir. 2006-cı ildə BMT Baş Assambleyasının köməkçi orqanı qismində yaradılmış İnsan Hüquqları Şurasının təsis sənədində Şuranın öz fəaliyyətində söykənəcəyi əsas sənəd kimi məhz Ümumdünya İnsan Hüquqları Bəyannaməsi göstərilmişdir. Bundan əlavə, Bəyannamə, Şura çərçivəsində həyata keçirilən Universal Dövri İcmal mexanizminin əsaslarından biri kimi çıxış edir.

 Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikası İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə qoşularaq orada nəzərdə tutulan bütün hüquq və azadlıqlara əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunan prinsiplər əsas götürülərək bu Konstitusiyanın qəbul olunduğu qeyd edilir. Bu isə o deməkdir ki, respublikamızda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi baxımından Ümumdünya İnsan Hüquqları Bəyannaməsi mühüm əhəmiyyətli beynəlxalq hüquqi mənbədir.

Azərbaycanda insan hüquqları institutunun müasir əsaslarla inkişafı və insan hüquqları sahəsində köklü islahatlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

1995-ci ildə Konstitusiyanın qəbulu insan hüquq və azadlıqlarına yeni yanaşmanı təqdim etdi. Konstitusiyanın qəbul edilməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı. Lakin ulu öndərin uzaqgörən siyasəti hüquq və azadlıqların yalnız bəyan olunması ilə kifayətlənməyib, onların təminat və müdafiə mexanizmlərinin işlənməsində ifadə olunmuşdur. Bununla bağlı, ümummilli liderin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanı və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il tarixli Sərəncamı xüsusi qeyd olunmalıdır.

"Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 aprel 1998-ci il tarixli Sərəncamı dövlət tərəfindən Bəyannaməyə, bütövlükdə insan hüquqlarına verilən dəyərin göstəricisi idi. Sərəncamda qeyd edilirdi ki, Bəyannamədə təsbit edilmiş hüquqlar ümumbəşəri dəyərlərdir. Onlar hər kəsə məhz insan olduğuna görə mənsubdur. Kişi və ya qadın, uşaq və ya böyük, vətəndaş və ya əcnəbi, varlı və ya kasıb, güclü və ya zəif bütün bunların heç bir əhəmiyyəti yoxdur: hər kəs insan olduğuna görə bərabər hüquqlara malikdir və ləyaqətinə hörmət edilməyə haqqı vardır.

10 dekabr 1998-ci ildə Bakıda Bəyannamənin 50 illiyi münasibətilə keçirilmiş təntənəli mərasimdə çıxış edən ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan müstəqil dövlət kimi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə sadiqdir və bundan sonra da sadiq olacaqdır".

Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının, həmçinin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi ulu öndərin insan hüquqları siyasətinin yeni mərhələdə uğurla davam etdirilməsinin göstəricisidir. Azərbaycan Milli İnsan Hüquqları Gününün dövlət səviyyəsində qeyd olunduğu yeganə ölkədir. "Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunur. Bütün bunlar dövlətin beynəlxalq hüququn ümumtanınmış fundamental prinsiplərindən biri olan insan hüquqlarına hörmət prinsipinə sadiqliyin nümunəsidir.

 Eyni zamanda, bu sahədə 2004-cü ildən fəaliyyətə başlamış, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyəti xüsusi vurğulanmalıdır. Fondun konstitusion hüquqların reallaşmasına xidmət edən bir çox layihələri, xüsusilə də sosial layihələr sosial dövlət modelinin tətbiqində, habelə müxtəlif insan hüquq və azadlıqlarının həyata keçirilməsində əvəzedilməz rola malikdir.

 Qeyd olunduğu kimi, cari ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75 ili tamam olur. Tədris və təlim fəaliyyətində insan hüquqlarının tədrisinə hər zaman önəm verən Bakı Dövlət Universitetinin Hüquq fakültəsi bu münasibətlə bir sıra tədbirlər həyata keçirmişdir və bu tədbirlər hələ də davam etməkdədir. Belə ki, Hüquq fakültəsində ilk dəfə həyata keçirilən "Tələbə tərəfindən tələbə üçün" layihəsi çərçivəsində yuxarı kurs tələbələri Bəyannamənin maddələrini detallı şəkildə  aşağı kurs tələbələrinə tədris edirlər. Bunun sayəsində bir neçə təlimçi tələbə yetişdirilmişdir. Qeyd olunan layihə nəticəsində yuxarı kurs tələbələri aşağı kurs tələbələrinə əvvəlcədən müəyyən edilmiş mövzu barəsində təlim keçərək özlərinin təqdimat, ictimai nitq və s. kimi bacarıqlarını təkmilləşdirir, aşağı kurs tələbələri isə mövzu barəsində fundamental biliklər əldə etmək şansı qazanırlar.

Bundan əlavə, Hüquq fakültəsinin tələbələri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hər bir maddəsini əhatə edən, tədris-maarifləndirmə xarakteri daşıyan qısa videoçarxlar hazırlamışlar. Tələbələrin tədrisdə aktiv iştirakını təşviq etmək məqsədilə hazırlanan bu cür videoçarxların sonradan tədris zamanı istifadəsi nəzərdə tutulur.

Həmçinin fakültə tərəfindən "Heydər Əliyev İli" çərçivəsində insan hüquqları mövzusunda, o cümlədən ulu öndərin insan hüquqları sahəsində islahatlarına Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin təbliğinə dair silsilə tədbirlər keçirilmişdir.

Hüquq fakültəsi istər tədris prosesinin təşkilində, istərsə də elmi tədqiqatların həyata keçirilməsi sahəsində nəzəriyyə və təcrübəni əlaqələndirmək istiqamətində səmərəli fəaliyyət göstərir. Fakültədə təşkil olunan elmi konfrans, seminar və sair bu kimi tədbirlər mərhələli şəkildə təşkil olunur. Bu tədbirlərin keçirilməsində əsas məqsəd hüquq elminin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin irəli sürülməsi, eləcə də professor-müəllim heyətinin, doktorantların və tələbələrin informasiya mübadiləsində aktiv iştirakının təmin olunmasından ibarətdir. Bu baxımdan, fakültədə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş, müxtəlif dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə bir çox tədbirlər həyata keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli təmininə yönəlmişdir. Hazırda isə həmin proses Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq təhsilinin davamlı inkişafının təmin edilməsini zəruri edir.

Artıq bir neçə ildir ki, İnsan Hüquqları Gününü qalib dövlətin qürurlu vətəndaşları kimi qeyd edirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan ərazilərimizi azad etməsi, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpa olunması ilə həm də tarixi ədalət, pozulmuş beynəlxalq hüquq normaları və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş fundamental insan hüquqları və azadlıqları da bərpa olundu.

Zaur ƏLİYEV,

Bakı Dövlət Universitetinin

Hüquq fakültəsinin dekanı,

hüquq üzrə fəlsəfə doktoru, dosent.