İRANIN BƏDNAM QONŞUMUZA “TƏMƏNNASIZ
Siyasət

İRANIN BƏDNAM QONŞUMUZA “TƏMƏNNASIZ" DƏSTƏYİNİN DAHA BİR SƏBƏBİ

Separatçıların köməyi ilə Qarabağdan təbii sərvətləri daşımaqla cənub qonşumuz onlara öz "səxavətliliyinin" əvəzini çıxır

İlk baxışdan belə görünə bilər ki, hazırda İranda hakimiyyətdə olan fars-molla rejimi Ermənistana və Qarabağdakı separatçılara dəstək olmaqla, ancaq siyasi dividendlər güdür. Çünki öz işğalçılıq siyasətinə, alçaqniyyətli əməllərinə görə onillərlə iqtisadi cəhətdən təcrid olunmuş vəziyyətdə qalan yoxsul Ermənistandan hər hansı iqtisadi fayda güdmək qeyri-mümkündür. Lakin ermənilərin xisləti onları oğurluq əməllərindən heç zaman uzaq durmağa imkan verməyib. Bu gün də belədir. İndi özlərinə şərik də tapmış ermənilər yaşadıqları Azərbaycan ərazisindən təbii sərvətləri fars-molla rejiminin tör-töküntülərinin köməyi ilə xaricə daşıyır. İranın son zamanlar Azərbaycanla münasibətləri gərginləşdirməsi fonunda bu cür əməlləri əvvəlkindən daha aktivdir və bunu təsdiq edən təkzibolunmaz faktlar var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə getmələri təsadüfi deyil. Məqsəd Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı, yaranan ekoloji fəsadların araşdırılması və monitorinqinin aparılması idi.

Bu bölgənin qısa geoloji coğrafiyasına nəzər salmaq məqsədəuyğun olardı: Qarabağ iqtisadi rayonuna daxil olan keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyataq, Canyataq və Aşağı Orataq kəndlərində yerləşən "Qızılbulaq" qızıl-mis yataqlarının olduğu ərazi Azərbaycanın ən perspektivli mədən sahələrindəndir. 1990-cı illərə qədər bu bölgədə geoloji-kəşfiyyat və qazıntı işləri birbaşa Azərbaycanın Geoloji Xidmət qurumları tərəfindən həyata keçirilib. Ermənistan Qarabağı işğal etdikdən sonra bu yataqlar 20 ilə yaxın müddətdə beynəlxalq transmilli cinayətkar şəbəkə tərəfindən talan edilib. Halbuki həmin yataqların hər biri beynəlxalq səviyyədə Azərbaycanın mədənçıxarma yurisdiksiyasına aid sənaye rayonu kimi təsdiqlənib. 1997-ci il avqustun 21-də Azərbaycan hökuməti ilə "Anglo Asian Mining PLC" şirkəti arasında imzalanmış "Production Sharing Agreement" (PSA) sazişinə əsasən, "Qızılbulaq", "Mehmanə", "Canyataq-Gülyataq", "Heyvalı" yataqlarının yerləşdiyi ərazi Böyük Britaniya şirkətinə verilib.

Sirr deyil ki, 44 günlük Vətən müharibəsi başlayana qədər problemin həllinin uzanmasından istifadə edən Ermənistan Azərbaycanın təbii sərvətlərini qəddarlıqla istismar edirdi. Xarici şirkətlərin Qarabağda törəmə filiallarını yaradan bu ölkənin hökuməti onların rəhbərliyinə erməni millətindən olan şəxsləri gətirərək hiyləgərliklə Qarabağa qanunsuz xarici investisiyalar cəlb edirdi. Nəticədə, Qarabağın təbii sərvətləri qeyri-qanuni yollarla xarici ölkələrdə, o cümlədən İranda satışa çıxarılırdı.

Məlumdur ki, Ermənistan Qarabağın təbii sərvətlərini daşımaqdan ötrü 2012-ci ildə Xocalı hava limanını yenidən tikərək iri təyyarələrin enməsi üçün yararlı hala gətirdi. Halbuki, Azərbaycanın icazəsi olmadan Xocalı hava limanına təyyarələr enə bilməzdi. Çünki bu ərazilərdə mülki aviasiyaya məxsus lisenziya hüququ Azərbaycana aiddir.

İstər 30 illik işğal zamanı, istərsə də hazırda Qarabağdakı bütün talançılıq faktlarında cənub qonşumuz az rol oynamayıb. Hələ 2017-ci ildə mətbuatda yayılan geniş məlumatlarda qeyd edilirdi ki, Qarabağla İran arasında ciddi işgüzar bağlantılar var. İran qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyini tanımadığına görə, bütün əlaqələr rəsmi İrəvan vasitəsilə həyata keçirilirdi. Qarabağdan ixrac olunan mallar İrəvanda qablaşdırılır, qeydiyyata alınır və bundan sonra İrana göndərilirdi. Lakin ermənilər Qarabağdan İrana satılan bütün malların üzərində "Made in Artsakh" sözləri yazırdılar. İranın yük maşınları işğal altındakı Azərbaycan ərazilərinə sərbəst şəkildə giriş edir və burada yükdaşımaları ilə məşğul olurdular.

"İran Mellat Bankı"nın İrəvan filialı da o vaxtkı qondarma "Dağlıq Qarabağ respublikasına" böyük miqdarda maliyyə yardımları göndərirdi. Belə yardım növbəti dəfə 2016-cı ilin aprelində reallaşmışdı. "İran Mellat Bankı" tərəfindən əvvəllər həmin bankın İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Talışi Ovanisyanın dediklərinə görə, 2016-cı ilin Aprel hadisələri zamanı o, "İran Mellat Bankı"nın tapşırığı ilə "Dağlıq Qarabağ respublikası" üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə ora səfər etmişdi. Səfər zamanı əvvəlcə Gorusa, daha sonra isə orada toplanan könüllülərə qoşularaq onlarla birgə separatçıların yanına yollanmışdı. Orada bir sıra "dövlət məmurları" ilə, o cümlədən general Manvel Qiqoryanla görüşmüş və bankın Qarabağa göndərdiyi maliyyə yardımları barədə müzakirələr aparılmışdı.

Sirr deyil ki, Ermənistanda yüzlərlə İran şirkəti fəaliyyət göstərir. İran işbazların qanunsuz pullar qazanmaq hərisliyi bütün dünyaya məlumdur. İş hətta o yerə gəlib çatmışdı ki, İranın "Part Saman Caal Ko" şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi "rekonstruksiya" adıyla tanınmaz hala salınmışdı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız 2020-ci ildə tarixi Zəfər əldə edərək ərazi bütövlüyünü bərpa etdikdən sonra da İran bölgədəki təxribatçı addımlarından əl çəkmədi. İranın yük maşınlarının Laçın dəhlizindən saxta erməni nömrələri ilə keçərək Xankəndiyə yük daşımasını göstərən xeyli faktlar və görüntülər hamıya yaxşı tanışdır.

İran vətəndaşı olan sürücülər Xankəndiyə nə daşıyır və ya hansı müəmmalı yükləri aparırdılar? Əgər bu yük adi yüklər idisə, onda nə üçün avtomobillər Ermənistan ərazisinə daxil olandan sonra nömrə nişanları dəyişdirilərək "erməniləşdirilir"di? Adi yüklər idisə, nə səbəbdən daşımalar Azərbaycana əvvəlcədən müvafiq məlumat verilmədən, gizli şəkildə həyata keçirilirdi? Bu kimi qanunsuz fəaliyyəti ifşa edən rəsmi Bakı, hətta Tehrana xəbərdarlıq da etmişdi.

Bir neçə gün əvvəl isə 14 nəfər İran vətəndaşı müəmmalı şəkildə qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olmuşlar. Bu məsələyə hətta Azərbaycan Xarici İşlər Nazirliyi də sərt reaksiya göstərərək İrana nota verdi.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə təxribat xarakterli addımla bağlı qeyd edib ki, ərazilərimizə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət edilməklə həyata keçirilməlidir.

Emin QASIMOV,

"Respublika".