İraq ilk dəfə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
Digər xəbərlər

İraq ilk dəfə Türkiyə ilə sərhəddə hərbi baza yaradır

Prezident Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri ilə rəsmiləşən terrorla mübarizə əməkdaşlığı çərçivəsində Türkiyə ilə sərhəddə Zaxo rayonunun Kişani kəndində iki hərbi baza yaradılıb. Son 30 ildə İraqın Türkiyə ilə həmsərhəd bölgələrində hərbi bazaları olmayıb. Bu addım Ankara ilə Bağdad arasında sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi səyləri çərçivəsində atılıb.

Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk mətbuat konfransında bazaların qonşu ərazilərdə də yaradıldığını bildirib, Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsinin davam etdiyini nəzərə çatdırıb.

İraq sərhəd qoşunlarının Türkiyənin əməliyyat bölgələrinin yaxınlığında hərbi baza qurması ilə bağlı sualları cavablandıran Zeki Aktürk qeyd edib ki, bunlar Bağdadla başlayan dialoq nəticəsində PKK terror təşkilatının fəaliyyətinin qarşısının alınması məqsədilə İraq sərhədçiləri tərəfindən əməliyyat bölgələrinə bitişik ərazilərdə həyata keçirilən fəaliyyətlərdir. "Bu fəaliyyətlər bizimlə də koordinasiyalı şəkildə reallaşdırılır. Növbəti mərhələdə PKK-nın fəaliyyətinin qarşısının alınması, sərhəd təhlükəsizliyinin təmin edilməsi və bölgədə yaşayan İraqın mülki əhalisinin təhlükəsizliyinin təminatı üçün İraq və ölkəmiz arasında işlər koordinasiyalı şəkildə davam etdiriləcək", - deyə o bildirib.

Beləliklə, Türkiyə Prezidenti 13 ildən sonra ilk dəfə olaraq İraqa getdi. Səfər maraqla qarşılandı, çünki bu, Türkiyənin İraqın şimalında planlaşdırdığı irimiqyaslı əməliyyat öncəsinə təsadüf etdi. Türkiyə buna qədər həm İraq, həm də Suriyanın şimalında antiterror əməliyyatları aparırdı. Amma xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və MİT başqanı İbrahim Kalının İraqa son səfərində quru əməliyyatı ilə bağlı razılaşma əldə olundu. Bu əməliyyatlar sərhədlərin təhlükəsizliyi ilə yanaşı, Ankaranın planlaşdırdığı nəqliyyat dəhlizləri ilə əlaqəli "İnkişaf yolu" layihəsi üçün də vacibdir.

PKK İraq üçün də ciddi təhlükələr yaradır. Ona görə də, İraq PKK-nın qarşısını almaq üçün Türkiyədən yardım istədi və 13 ildən sonra R.T.Ərdoğanla bir masa arxasında oturdu. Artıq 30 ildən sonra ilk dəfə olaraq İraq Türkiyə ilə sərhədlərində sərhəd qoşunlarını yerləşdirməyə başlayıb ki, bu da terrorçuların bölgədə manevr imkanlarını məhdudlaşdıracaq. Beləliklə, uzun illərdən sonra ilk dəfə olaraq İraq-Türkiyə sərhədində sabitlik tam bərqərar olacaq.

Türkiyəli ekspertlər də hesab edirlər ki, İraqın məqsədi öz ərazisində suverenliyi bərpa etməkdir. Hərbi bazanın yaradılması bölgəyə nəzarət etmək baxımından çox önəmlidir. Türkiyənin istəyi isə belə bazaların sayının daha da artırılmasıdır.

Mövzu ilə bağlı açıqlama verən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri zamanı müdafiə, təhlükəsizlik, iqtisadiyyat sahələrində əməkdaşlığa dair 26 razılaşma imzalanıb. O qeyd edib ki, bu səfərin əsas iki önəmli nəticəsi var: "Birinci nəticə təhlükəsizliklə bağlıdır. Yəni məqsəd İraq sərhədində təxminən 30-40 kilometr uzunluğunda təhlükəsizlik dəhlizinin, o cümlədən İraqla Türkiyə arasında terrorla mübarizədə ortaq mərkəzin yaradılmasıdır. İkincisi isə 4 il ərzində həyata keçiriləcək "İnkişaf yolu" layihəsi ilə bağlıdır ki, bununla sadəcə regional deyil, daha geniş miqyasda təsirləri olan nəticələr əldə ediləcək. Türkiyə daha öncə Şimali İraqda hərbi baza yaratsa da, istənilən nəticə əldə edilməmişdi. Şimali İraqdan Türkiyəyə qarşı terror fəaliyyəti davam edirdi. Türkiyə İraqın mərkəzi və yerli idarəçiləri ilə bərabər əməliyyat keçirmək təkliflərinə cavab ala bilmirdi. Terrordan və terrorçulardan sadəcə Türkiyə deyil, başda İraq olmaqla bölgə ölkələri də əziyyət çəkir. Buna görə Türkiyə və İraq birgə hərəkət etmək qərarına gəlib. Bu qərar terrorçuların dağlıq əraziləri tərk etməsinə səbəb olacaq. Terrorçular ya cənuba doğru hərəkət edəcəklər, ya da İraqı tərk edib Suriyaya gedəcəklər".

"Təbii ki, İraqın terrordan tamamilə təmizlənməsi, Türkiyə və digər ölkələrə verdiyi zərərin qarşısının alınması, bölgədəki qüvvələrin, başda İran olmaqla digər Qərb kəşfiyyat orqanlarından təmizlənməsi önəmlidir. Türkiyənin İraqda terrorla mübarizə mövzusunda gördüyü tədbirlər nəticəsində əldə etdiyi uğurlar Türkiyənin Suriyada PKK ilə mübarizəyə daha çox diqqət ayırmasına səbəb olacaq. Yaxın günlərdə biz bunun şahidi olacağıq. İraqın PKK-nı terror təşkilatı kimi tanıması, ortaq hərəkat mərkəzinin yaradılması, təhlükəsiz olan bölgənin iqtisadi cəhətdən inkişaf etməsi, 13 illik fasilədən sonra Rəcəb Tayyib Ərdoğanın İraqa, ilk dəfə Ərbilə səfəri həm bölgədəki, həm də qlobal aktorlara önəmli mesajlar ilə yadda qaldı. Türkiyə istər əməkdaşlıq etdiyi, istərsə də etmədiyi ölkələrə qarşı son terrorçu qalana qədər terrorla mübarizəni davam etdirəcək. Çünki 40 ildir Türkiyəyə qarşı terror fəaliyyəti həyata keçirilir. Məqsəd bölgədəki güc kimi müəyyən hadisələrə təsirin qarşısını almaqdır. Buna nail ola bilməyəcəklər", - deyə Y.Karauz vurğulayıb.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.