Kanada mətbuatı Ermənistanın Qərbi Azərbaycana necə sahiblənməsindən yazıb
Diaspora

Kanada mətbuatı Ermənistanın Qərbi Azərbaycana necə sahiblənməsindən yazıb

“Son zamanlar ermənilər öz tarixlərini yerli amerikalıların tarixi ilə müqayisə etməyə başlayıblar. Bu, onların ABŞ və Kanada ictimai rəyini öz tərəflərinə çəkmək səylərinin bir hissəsidir”.

Bu barədə Kanadanın nüfuzlu “Thej.ca” media platformasında dərc olunmuş “Qərbi azərbaycanlılar: İrəvan vilayətinin yerli əhalisi” sərlövhəli məqalədə qeyd olunub.

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahamın ermənilərin bədnam avtoxtonluq statusu ilə bağlı iddialarının təkzib edilməsinə həsr olunmuş məqaləsində bildirilib ki, ermənilərin avtoxton amerikalılar kimi yerli xalq olması ilə bağlı iddialar doğru deyil.

Müəllif yazıb ki, İrəvan bölgəsinin əsl yerli sakinləri öz yurdlarından zorla qovulmuş qərbi azərbaycanlılardır. Uzun əsrlər boyu indiki Ermənistanın əsas hissəsini təşkil edən İrəvan bölgəsi ermənilərin deyil, azərbaycanlıların tarixi vətəni olması baxımından Azərbaycanın digər ərazilərindən heç nə ilə fərqlənməyib. Belə ki, 1897-ci ildə İrəvan quberniyasında 77.491 Azərbaycan türkü və cəmi 58.148 erməni yaşayırdı. Bölgənin yerli əhalisi olmayan həmin ermənilərin əksəriyyəti Osmanlı hakimiyyəti ilə aralarında baş verən münaqişədən qaçıb burada məskunlaşmışdılar.

Eyni zamanda qeyd olunub ki, ermənilər 1897-ci ildə İrəvan quberniyasında nəinki çoxluq təşkil etmirdilər, hətta əsrlər boyu bu ərazi üzərində suverenliyə malik olmamışdılar. Məqalədə tanınmış tarixçi Tomas de Vaala da istinad olunub: “1375-ci ildə Kilikiyanın ilk səlibçi krallığının süqutu ilə 1918-1920-ci illərdə qısa ömür sürən Ermənistan Respublikası arasındakı dövrdə indiki “Ermənistan” adlanan ərazidə heç bir erməni dövləti və siyasi qurumu mövcud olmayıb”.

Müəllif təəssüf hissi ilə diqqətə çatdırıb ki, etnik təmizləmə nəticəsində Ermənistan bu gün 98 faizi ermənilərdən ibarət monoetnik dövlətə çevrilib. Bu o deməkdir ki, yerli amerikalıların soyqırımı Amerika və Kanadanı bugünkü vəziyyətə gətirdiyi kimi, Qərbi Azərbaycan da analoji yolla Ermənistana çevrilib. Bütün deyilənlər qərbi azərbaycanlıların İrəvan bölgəsinin əsl sakinləri olduğunu danılmaz həqiqət kimi təsdiqləyir.

“Respublika”.