Kəlbəcər rayon məktəbinin şagirdləri üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi
Sosial həyat

Kəlbəcər rayon məktəbinin şagirdləri üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi

Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbinin müraciəti əsasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin təlimatçıları tərəfindən 23 nəfər şagird heyəti üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.

Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin “Təhlükəsiz Böyük Qayıdış” layihəsi çərçivəsində həyata keçirilən təlimlərin məqsədi işğaldan azad edilmiş ərazilərə köçürülməsi nəzərdə tutulan məcburi köçkün olmuş ailələrdə yaşayan şagirdlərin mina və partlamamış hərbi sursatların təhlükəsi barədə məlumatlılığının təmin edilməsidir.

Maarifləndirmə proqramı çərçivəsində şagirdlərə mina təhlükəsinin izahı, müxtəlif növ hərbi sursat və minaların vizual olaraq tanınması, onların vurduğu ziyan, tanımadıqları ərazilərdə davranış qaydaları, eləcə də mina xəbərdaredici işarələrin göstəriciləri barədə məlumat verilib. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşurlar paylanılıb.

Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə biliklərinə yiyələnən şagirdlər təlim zamanı əldə etdikləri bilikləri öz həmyaşıdları və yaxınları ilə bölüşərək, maarifləndirmə təbliğatına dəstək olacaq, mina hadisələrinin qarşısının alınmasında öz töhfələrini verəcəklər.

“Respublika”.