Köç yaylağa hazırlaşır
Region

Köç yaylağa hazırlaşır

Respublikamızın iri kənd təsərrüfatı bölgələrindən olan Kürdəmir rayonunda heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Ölkəyə xaricdən gətirilən ət məhsullarının idxalını imkan daxilində azaltmaq məqsədilə təsərrüfatın bu sahəsinə qayğının artırılması prioritet hesab olunur. Rayonda qoyunçuluqla məşğul olan fermerlər hər il isti iqlim şəraitinə mənsub Kürdəmirdən səfalı yaylaqlara köç etməyə xüsusi maraq göstərirlər. Rayon Baytarlıq İdarəsinin müdiri Mehman Nəsirov deyir:

- Rayonda iri damazlıq təsərrüfatları ərsəyə gətirən fermerlər son ilərdə işğaldan azad olunan Kəlbəcər yaylaqlarına daşınırlar. Fermer Azər Mirzəyevin, Elşən Hacıyevin təsərrüfatlarında min başdan artıq davar bəslənilir. Kəlbəcər yaylaqlarının təmiz havası, suyu, zəngin otlaqları heyvanların çəkisinə, sağlamlığına, artımına müsbət təsir göstərir. Köçdən əvvəl rayon baytarları vaksinasiya tədbirləri görür, nəzərə çarpan xəstəlikləri aradan qaldırmaq istiqamətində müalicə işləri aparırlar.

Hər iki fermerin köçü rəsmi sənədləşmədən sonra Kəlbəcər yaylağına daşınacaq. Kürdəmir fermerləri üçün yaylaqların ünvanı təkcə Kəlbəcərlə məhdudlaşmır. Fermerlər hər il Şamaxı və İsmayıllı rayonlarında Kürdəmir təsərrüfatları üçün ayrılmış yaylaq sahələrində də binə qururlar.

                                            Tofiq HÜSEYN,

                                           “Respublika”.