LAÇIN dəhlizi yoxdur, LAÇIN yolu var
Digər xəbərlər

LAÇIN dəhlizi yoxdur, LAÇIN yolu var

Azərbaycanın əzəli və əbədi torpağı, qədim yurd yerimiz Laçın Gorus-Şuşa-Kəlbəcər-Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli bir ərazidir. Təbii resurslarla zənginliyi Laçının əhəmiyyətini daha da artırır. Coğrafi mənbələrə əsasən deyə bilərik ki, Zəngəzur dağ silsiləsinin bütün zirvələri öz başlanğıcını Laçından götürür. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, silsilənin ətəkləri isə nadir növlü ağaclara malik enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir.

Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər var. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini həmin göllərdən götürür. Bir çox nağıl və əfsanələrdə adıçəkilən Arpaçay çayı isə öz mənbəyini dəniz səviyyəsindən 3000-4000 metr yüksəklikdən alır. Göründüyü kimi, bu yüksəkliklər Laçını Qarabağa çox möhkəm tellərlə bağlayıb. Laçın həm də Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. İşğal illərində ermənilərin istifadə etdikləri Laçın dəhlizi hərbi əhəmiyyətinə görə Qarabağ və Zəngəzur ərazilərinə nəzarətə geniş imkan yaradırdı. Bu barədə dövlətimizin başçısı İlham Əliyev bildirib ki, 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Bəzi qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bunun nəticəsində Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. Orada minlərlə, bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır.

Ermənilərin və onların havadarlarının xəbis niyyətini qəhrəman Azərbaycan ordusu alt-üst etdi, hərbi və diplomatik yolla Laçın rayonu işğaldan azad edildi. İlk vaxtlar Laçın şəhərindən keçən yol Rusiya sülhməramlılarının nəzarət zonasında qaldı. Ermənilər həmin yoldan gecə-gündüz istifadə edir, Xankəndiyə və ətraf ərazilərə silah-sursat daşıyırdılar. Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda yeni yolun inşası öz əksini tapdı. Sənədə görə, Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol nəzərdə tutulduğundan iki il tez istifadəyə verildi. "Laçın dəhlizi"nə alternativ olan bu yol iki hərəkət zolaqlıdır. Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanır və Turşsu kəndində mövcud magistralla kəsişir. Yeni yol Laçın rayonunun 6 kəndindən keçir. Birmənalı şəkildə aydın oldu ki, artıq Laçın dəhlizi mövcud deyil, yalnız Laçın yolu istifadəyə verilib. Ermənilərin yüz ildən çox cəhd etdikləri kirli və çirkin plan iflasa uğradı.

Fəqət, ermənilər məğlubiyyətdən nəticə çıxarmaq istəmirlər, yeni xilaskar axtarışındadırlar. Belə "xilaskar"ı Rusiyadan Xankəndiyə göndərilən, keçmişi və biznes fəaliyyəti qaranlıq olan, ofşor zonalarda pulyuma kimi kirli işlərlə məşğul olan İrəvan ermənisi, heç bir vətəndaşlığı olmayan, Qərbin sanksiyalarından öz dərisini qorumaq üçün fərrarilik edən, dələduz Ruben Vardanyan adlı bir fırıldaqçıda tapdılar. İlk günlər ermənilərə çoxlu vədlər verən, "azadlıq" və "bolluq" haqqında nağıllar danışan Vardanyanın havada yumruq nümayiş etdirən qolları indi yanına düşüb, mısmırığı yerlə gedir, talançının qızıl iştahasının qarşısına sipər çəkilib. Erməniləri başa salmaq çox çətin məsələdir, kor tutduğunu buraxmayan kimi Qarabağda yaşayan hayların "dövlət (?!) naziri" Ruben Vardanyan da Laçın dəhlizi deməkdən boğazı yırtılır, qaranlıq otaqda qara pişik axtaran səfeh kimi ağlına nə gəlirsə onu da qırıldadır, yalan, böhtan, çamur atmaqdan usanmır. İstənilən rola girməyi bacaran Vardanyan və digər yanlar Xankəndidəki erməniləri girovluqda saxlayır, onlara yalan vədlər verir, "müşavirə"lər keçirir, öz müqqəddəratını təyinetmə kimi köhnə nağıllardan bəhs edir, sağlam fikirləri çaşdırır. Vardanyanın bugünkü pozuculuq və cığal hərəkətləri 1991-ci illərdə Xankəndidə mövcud olmuş vəziyyəti xatırladır. Həmin vaxt erməni millətçiləri, daşnaklar, şovinistlər sovet ordusunun arxasında gizlənərək Qarabağa qan, ölüm, etnik təmizləmə, terror, işğal gətirdilər. Vardanyan həmin taktikadan istifadə edir, Rusiya sülhməramlı kontingentinə arxalanaraq Xankəndi və ətraf ərazilərdə yaşayan erməniləri Azərbaycan əleyhinə səfərbər etməklə məşğuldur.

Xankəndidəki erməni saytları xəbər yayıblar ki, Vardanyan "Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunu qeyri-qanuni blokadaya alması nəticəsində humanitar problemlər və enerji qıtlığı yaranması"na həsr edilən "müşavirə"də sərsəmləmələrini yenidən təkrarlayıb və "müşavirə"yə onlayn qoşulan dostlarına bildirib ki, çox çətin vəziyyətə düşmüşük. Ağzı köpüklənə-köpüklənə insan hüquq və azadlıqlarından danışan Vardanyan ermənilər tərəfindən həm keçmiş Dağlıq Qarabağdan, həm də Qərbi Azərbaycandan zorla, hərbi təcavüzlə, terrorla qovulan azərbaycanlıları nədənsə "unudur", erməni faşistlərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımı görməzdən gəlir. Bu boşboğaz və fırıldaqçı hətta bildirir ki, bütün ölkələr Laçın-Xankəndi yolunun "blokada"sını qaldırmaq üçün hərəkətə keçməlidir, ən çox da Rusiya, ABŞ və Fransa bunu etməyə borcludur. Bax, belə yerdə deyirlər ki, ac toyuq yuxusunda darı görər...

Bu qısa təhlildən də göründüyü kimi, Vardanyan və ətrafına yığdığı digər yanlar Qarabağda qonşuluğa, birgəyaşayışa, münasibətlərin normallaşmasına düşmənçiliyin aradan qaldırılmasına, sülhə və sabitliyə qarşıdırlar, bölgədə gərginliyin qalmasında maraqlıdırlar. Əsas maraqları da odur ki, Azərbaycanın təbii sərvətlərini, faydalı qazıntı yataqlarını qanunsuz olaraq istismar etsinlər. Təbii ki, erməni şovinistlərin və talançı Vardanyanın cinayətkar əməllərinə qarşı azərbaycanlı ekofəallar və könüllülər iki aya yaxındır ki, Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirirlər. Soyuq havaya, şaxtaya baxmayaraq, onlar sərvətlərimizin talanmasına qarşı haqq səslərini ucaldır, haqq, ədalət tələb edirlər. Ermənilərin "blokada" yalanı isə fiaskoya uğrayır, çünki həmin yoldan gün ərzində onlarla yük və minik avtomobilləri hər iki istiqamətə hərəkət edir.

Xankəndidə özünü "hakimi-mütləq" hesab edən, qarşıdurma yaradan, vəziyyəti gərginləşdirməyə çalışan R.Vardanyan və onun əlaltıları Azərbaycanın suveren ərazisindən təcili olaraq qovulmalıdırlar. Torpaqlarımızda oturub Azərbaycan xalqına və dövlətinə şər-böhtan atan Vardanyan ədalət məhkəməsi qarşısında cavab verməlidir.

Salman ALIOĞLU,

"Respublika".