LAÇINA QAYIDIŞ DAVAM EDİR
Sosial həyat

LAÇINA QAYIDIŞ DAVAM EDİR

44 günlük Vətən müharibəsi zamanı əldə olunan zəfər nəticəsində işğaldan azad edilmiş torpaqlarımız dirçəldilir. Dövlətimizin qarşısında duran prioritet məsələ bu yerlərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, yaşayışın mümkünlüyü üçün zəruri addımların atılması və Böyük Qayıdışın təmin edilməsidir.

Əzəli torpaqlarımızda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksədilməsi və işlə təmin olunması istiqamətində mühüm tədbirlər görülür. Azad edilmiş torpaqlara qayıdış yalnız öz evlərinə qayıtmaq imkanı əldə etmiş soydaşlarımızı deyil, bütün Azərbaycan xalqını sevindirir. Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən abadlıq-quruculuq işləri yaxın zamanda bütün soydaşlarımızın öz doğma yurdlarına qayıdışını təmin edəcək.

Öz yurduna qayıdan soydaşlarımız arasında laçınlılar da var. Bu il mayın 28-də Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etmişdi. Qeyd etmək yerinə düşər ki, Laçının bərpası istiqamətində ötən dövr ərzində böyük həcmdə işlər görülüb. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Qısa zaman kəsiyində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub, 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Mayın sonunda ilk 20 ailə Laçında yerləşdirilib.  Qeyd edək ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan yaşayacaq. Laçın şəhərinə qayıdan əhali ilə görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Şəhərin Baş planı hazırlanaraq təqdim olunub. "Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək", - deyə dövlətimizin başçısı əminliklə bildirib.

Qeyd edək ki, iyulun 18-də növbəti köç karvanı Laçına yollanıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailənin - 73 nəfərin köçürülməsi reallaşıb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpaedilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçına qayıdış mərhələli şəkildə həyata keçirilir. Bərpa-quruculuq işləri ilə paralel olaraq bölgənin minalardan təmizlənməsi prosesi davam edir. Azərbaycan nəinki verilən vədləri reallaşdırır, hətta həyata keçirilən islahatlar, əldə olunan uğurlar Şərqi Zəngəzurda və Qarabağda proqnozları xeyli formada qabaqlamağa imkan yaradır. Keçmiş işğal zonasına həyatın qaytarılması yalnız quruculuq və bərpa prosesindən ibarət deyil. Dövlət başçımızın da ifadə etdiyi kimi, "Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq".

Ölkə başçımızın bir lider və bir siyasətçi kimi bəyanatları real zəminə və nəticələrə əsaslanır. Ali Baş Komandan İlham Əliyev qələbə müjdəsi verərək Qarabağ və Şərqi Zəngəzuru dirçəldəcəyini vəd edərkən bu prosesin reallaşacağına heç kim şübhə etmirdi. Qeyd edək ki, bərpa-quruculuq prosesi böyük həcmdə daxili imkanlar hesabına həyata keçirilir. Bütün bu müsbət göstəricilər isə dövlət tərəfindən siyasi-iqtisadi kursun düzgün istiqamətdə aparıldığını, ideal idarəetmə mexanizminin yaradıldığını göstərir. Azərbaycan xalqı öz rəhbərinə güvənir və xalq-iqtidar birliyi hər zaman olduğu kimi, bu gün də özünü bariz şəkildə göstərir.

Laçında təhlükəsizliyin təmin edilməsi vacib məsələlərdəndir. Kapitulyasiya aktına imza atmış Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərdən sui-istifadə edərək Laçın dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, separatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Üstəlik, təbii sərvətlərimizi talan edərək Laçın dəhlizi vasitəsilə Ermənistana daşınmasını davam etdirdilər. Bunun nəticəsidir ki, bu il 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinə nəzarət tam təmin olundu. Başda laçınlıların, bütövlükdə isə Azərbaycan xalqının təhlükəsizliyinə xidmət edən sərhəd-nəzarət-buraxılış məntəqəsinin qurulması sabitliyin və əmin-amanlığın açarıdır.

Bu gün Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə tarixinin heç bir dövründə olmadığı qədər böyük quruculuq-bərpa prosesini reallaşdırır. Qüdrətli  Azərbaycan dövlətinin bu layihələri uğurla başa vuracağına isə şübhə yoxdur.

Nurlan ABDALOV,

"Respublika".