Makron repressiya maşınını işə salıb
Dünya xəbərləri

Makron repressiya maşınını işə salıb

Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan aksiyalar iğtişaşa çevrilib. Ölkənin bir çox şəhərində polislə vətəndaş arasında şiddətli toqquşmalar yaşanır, çoxlu sayda maşın yandırılıb, mağazalar qarət edilib. Beynəlxalq hüquq Paris küçələrində ayaqlar altına atılıb. Başda ermənipərəst Emmanuel Makron olmaqla Fransa repressiya maşınını işə salıb. Makron hakimiyyəti aksiyaları dağıtmaq üçün şəhərlərə xüsusi təyinatlı polis dəstələri, zirehli texnika göndərib. Polis aksiyaçıların qarşısını almaq üçün müxtəlif vasitələrdən, o cümlədən gücdən istifadə edir. Yüzlərlə insan həbs olunub, çoxlu sayda yaralı var. Paris hazırda küçə döyüşlərinin getdiyi filmləri xatırladır. Jurnalistlərə və qeyri-hökumət təşkilatlarının təmsilçilərinə isə insanların narazılığı ilə maraqlanmağa imkan verilmir.

Bu gün özünü demokratik dəyərlərə sadiq dövlət kimi göstərməyə çalışan, Ermənistanın böyük bacısı rolunda Azərbaycanı etnik təmizləmədə günahlandıran ölkənin hansı siyasəti həyata keçirdiyini bir daha açıq şəkildə gördük. Bu ölkədə insan hüquq və azadlıqlarına əməl olunmur. Fransada baş verən hadisələri işıqlandırmaq üçün çəkiliş aparan "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV)  əməkdaşları hücuma məruz qalıb, onlara xəsarət yetirilib, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC hadisəni şiddətlə qınayır, bunu yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edir. Bununla bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC bəyanat yayıb. Bəyanatda bildirilir: "Biz Fransanın hüquq-mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik".

Bəli, Fransada baş verənlərin kökündə Makron hakimiyyətinin yarıtmazlığı, səriştəsizliyi durur. Makronun hansı siyasəti həyata keçirdiyini, hansı bacarığa və səriştəyə malik olduğunu bu olaylar aydın şəkildə göstərir. Bu həm də göstərir ki, Fransa demokratik ölkə deyil. Fransada jurnalistlərin sərbəst fəaliyyəti üçün məhdudiyyətlər tətbiq edilir. Bu gün Fransada keçirilən mitinqlərdə yalnız müsəlmanlar, burada yaşayan digər xalqların nümayəndələri deyil, hətta fransızlar da iştirak edərək etiraz və narazılıqlarını dilə gətirirlər. Bir neçə gündür ki, qarşıdurma səngimir. Bu, həm də vətəndaşların dövlətə etimadının itdiyinin göstəricisidir. Yəni hazırkı hökumətə, prezidentə Fransa xalqı güvənmir. Bunu "sarı jiletlilər"in etirazı, pensiya islahatları zamanı da gördük. Son hadisələr isə hər şeyi açıq şəkildə göstərdi. Parisdə bir gəncin polis tərəfindən güllələnməsi əslində Makron hakimiyyətinin mahiyyətidir. Çünki ermənidən çox ermənilik edən Fransa prezidenti öz ölkəsində olanları unudub Ermənistanın böyük bacısı kimi çıxış edir. Son günlər Daşnaksütyun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir. Elə bunun nəticəsidir ki, Avropanın dəyərlər sistemini özündə cəmləşdirən Fransa hazırda aciz duruma düşüb. Təəssüf hissi ilə deyə bilərik ki, bu gün baş verənlər Fransa tarixində ən utancverici, xoşagəlməz olaylar kimi qeyd olunacaq, tarix boyu bir qara səhifə kimi xatırlanacaq. Fransa tarixində belə hadisələrin olmasından fransızlar özləri xəcalət çəkəcəklər. Belə bir dövlət başçısının, hökumətin onları idarə etməsindən təəssüf hisslərini gələcəkdə də bildirəcəklər.

Onu da qeyd edək ki, Fransa Azərbaycana, Qarabağa sülhün gəlməsinə mane olan dövlətdir. Bu gün Ermənistandan daha çox Fransa Cənubi Qafqaza sülhün gəlməsini istəmir. Fransa prezidenti Azərbaycan haqqında xoşagəlməz ifadələr işlədir. Yaxşı olar ki, Fransa öz daxilində gedən proseslərə baxsın. Olanlardan dərs çıxarsın. Özgə damında banlamaqdansa, öz hinində nizam-intizam yaratsın.

Bu gün Fransada baş verənlər, eləcə də AzTV-nin əməkdaşlarına qarşı törədilmiş zorakılıq cinayət sayılır. Ona görə də hər bir azərbaycanlı bu məsələ ilə bağlı öz etiraz səsini qaldırmalıdır.

Ümid edirik ki, dünya ictimaiyyəti Fransada Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarına qarşı edilmiş hücumu azad jurnalistika fəaliyyətinə qarşı mənəvi terror kimi səciyyələndirərək bu radikal addımı hədəfə alanları qətiyyətlə pisləyəcək, Fransa hüquq-mühafizə orqanları isə tez bir zamanda hadisəni törədənləri aşkar edib qanun qarşısında layiqli cəzasını verəcək.

Nurəngiz ADİLQIZI,

"Respublika".