Mərakeşin Nümayəndələr Palatasının sədri Azərbaycanla Ermənistan arasında etimad quruculuğu tədbirləri barədə məlumatlandırılıb
Siyasət

Mərakeşin Nümayəndələr Palatasının sədri Azərbaycanla Ermənistan arasında etimad quruculuğu tədbirləri barədə məlumatlandırılıb

Dekabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Raşid Talbi El Alami Azərbaycanın Mərakeş üçün qardaş ölkə olduğunu deyərək ölkələrimiz arasında əlaqələrin genişlənməsinin vacibliyini qeyd edib. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, işgüzar dairələr arasında əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycanın və Mərakeşin bir-birinin suverenliyini, ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədikləri qeyd olunub, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin və həmrəyliyin əhəmiyyəti vurğulanıb. Nümayəndələr Palatasının sədri Azərbaycanı suverenliyinin bərpası münasibətilə təbrik edib.

Milli Məclisin sədri Azərbaycan ilə Mərakeş arasında siyasi, iqtisadi, humanitar əlaqələrin vacibliyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafında parlamentlər arasında əməkdaşlığın vacib rolu diqqətə çatdırılıb. S.Qafarova qanunverici orqanlarımız arasında əlaqələrin inkişaf etdiyini bildirib. Qeyd olunub ki, hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.

Söhbət zamanı ali qanunverici orqanların komitələri və parlament aparatları arasında da əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin qanunverici orqanlarımızın hüquqi, iqtisadi, humanitar, ailə dəyərləri və qadın məsələləri üzrə birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınaraq, parlamentlərimizin iqlim dəyişiklikləri üzrə də əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Raşid Talbi El Alami Azərbaycanın bu tədbirə ev sahibliyi etmək hüququ əldə etməsi münasibətilə öz təbriklərini çatdırıb.

S.Qafarova parlamentlərimizin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlığının vacibliyini ifadə edib.

O, 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkiləri, 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olması, 2020-ci ildə isə Azərbaycanın öz gücü hesabına torpaqlarını azad etməsi, Vətən müharibəsində qazanılan Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, lokal antiterror tədbirlərinin nəticələri barədə məlumat verib, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Mərakeş tərəfinə təşəkkür edib.

Parlamentin sədri son günlərdə Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində həyata keçirilmiş tədbirlər haqqında da danışıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.