Mərdlik və rəşadət nümunəsi
Region

Mərdlik və rəşadət nümunəsi

2020-ci il sentyabr ayının 27-də Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərə qatılaraq bu yolda canlarından keçməyə hazır oğullarımız qəhrəmanlıqlar göstərərək öz adlarını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdılar. Vətənin ərazi bütövlüyünün təmin olunması yolunda müqəddəs Ali zirvəyə ucaldılar. Bu zirvə şəhidlik məqamıdır.

Belə Vətən oğullarından biri də şəhid Rəvan Yusif oğlu Əliyev 27 may 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olub. Uşaqlıq və yeniyetməlik dövrü isə ata yurdu Qubada keçib. 2007-ci ildə Quba rayonu 3 saylı məktəbin 1-ci sinfinə gedib. Bir il sonra Rəvan, həm də Quba şəhər İncəsənət Məktəbində tar və fortepiano ilə də məşğul olmağa başlayıb. Musiqiyə, poeziyaya həvəsi var idi. O, Məktəbi bitirdikdən sonra təhsilini Bakı İdarəetmə və Texnologiya Kollecində davam etdirir. Təhsilini başa vurduqdan sonra Rəvan Əliyev 2019-cu ilin iyul ayından müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərindəki Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında atıcı vəzifəsində xidmətə başlayıb. O, xidməti zamanı ona verilmiş tapşırıqların öhdəsindən layiqincə gəlib.  Vətən müharibəsi başlayanda Rəvan ön cəbhəyə yollanıb. Ağdam, Qubadlı, Zəngilan və Cəbrayıl istiqamətlərində gedən şiddətli döyüşlərdə qəhrəmanlıqlar göstərib.  Düşmənə qarşı amansız olan Rəvan əsl rəşadətlik nümunəsi olub.

Pusquda duran ermənilərin əhatəsinə düşən yoldaşlarının mühasirədən çıxarılmasına nail olub, özü isə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib… Azərbaycan ordusunun əsgəri Rəvan Yusif oğlu ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda", "İgidliyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhid Rəvan Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçədə abidə-bulaq kompleksi inşa olunub. Qubada yerləşən küçələrdən birinə Rəvanın adı verilib. Bununla yanaşı, onun Zəngilanda şəhid olduğu döyüş mövqeyi də şəhidimizin adı ilə "Rəvan postu" adlandırılıb.

Şəhidin anası Mehriban Əliyeva qəhrəman şəhid oğlu barədə xatirələrində deyir: "Rəvan haqqında danışmaq çətin də olsa, qürurvericidir. Evin tək oğlu idi; bir bacı, bir qardaş. Elə balacalığından hiss edirdim ki, bu uşaqda vətənpərvərlik ruhu daha yüksəkdir. İllər keçdi Rəvan şəhid oldu. Mən indi anladım ki, oğlumu niyə fərqləndirirdim. Çünki şəhidlər seçilmişlərdir. Rəvan kimi oğullar sayəsində torpaqlarımız azad olundu. Onlar Azərbaycanın ən yeni tarixini qızıl hərflərlə yazdılar. Rəvan tarix dərsini çox sevirdi. Qədim Azərbaycan dövlətlərinin xəritələrini çəkirdi. Kollecdə də oxuyanda tarix dərslərindən yaxşı qiymətlər alırdı. Vətənə, bayrağımıza olan sevgisindəndir ki, Rəvan Sərhəd Qoşunlarının könüllü döyüşlərə atılan hərbçilərindən oldu. Hara getsə bayrağımızı özü ilə aparırdı. Sonuncu dəfə müharibə başlamamışdan bir neçə gün əvvəl danışmışdıq. Sonra heç əlaqə saxlamadı. Hamımız üçün ağırdır. Amma onun Vətən uğrunda şəhid olması ailəmiz üçün qürur, fəxarət mənbəyidir. Fəxr edirəm ki, Vətən torpaqlarının azad olunmasında mənim oğlumun da payı var".

Əli SADIQOV,

"Respublika".