Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB
Gündəm

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının 6 yanvar tarixli növbəti iclası keçirilib. Komissiya 30 dekabr və 31 dekabr 2023-cü il tarixli iclas protokollarını təsdiq edib. Beləliklə, daha iki nəfərin namizədliyi qeydə alınıb.

"Respublika" xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınması müzakirə edilib və səsverməyə qoyularaq namizədlikləri qeydə alınıb. Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Məhərrəm oğlu Orucun namizədliyinin qeydə alınması üçün toplanmış imzalardan 43070-i etibarlı, 2930-u isə müxtəlif səbəblərdən etibarsız hesab edilib. Yerdə qalan imzalara isə namizədliyin təsdiq olunması üçün sayılan səslərin yetərli olduğundan baxılmayıb. Azərbaycan Respublikası Prezidentliyinə Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Nurullayev Razi Qulaməli oğlunun namizədliyinin qeydə alınması üçün toplanmış imzalardan 40056-ı etibarlı, 3444-ü isə müxtəlif səbəblərdən etibarsız hesab edilib. Yerdə qalan imzalara isə namizədliyin təsdiq olunması üçün sayılan səslərin yetərli olduğundan baxılmayıb. Məlumatı Mərkəzi Seçki Komissiyasının üzvü, işçi qrupunun rəhbəri Etibar Quliyev təqdim edib.

Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb.

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.

Həmçinin, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsinin yaradıldığını diqqətə çatdırıb.

Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti sabah başa çatır.

Məntəqələr seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən Səsvermə gününə azı 30 gün qalanadək 2024-cü il yanvarın 8-dək yaradılmalıdır.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.