Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Ağdam

Birinci və İkinci Qarabağ müharibəsində ağdamlılar dəhşətli günlər və ağrılar yaşayıblar. Şəhid xəbəri iki evdən birinin qapısını döyüb, Vətən müharibəsində yüzlərlə ağdamlı iştirak edib. 44 günlük müharibədə  rayonun kəndləri ən çox dağıntılara məruz qalıb, 47 nəfər ağdamlı döyüşlərdə həlak olub, 300 nəfərdən çox insan yaralanıb. Ağdam şəhidlər torpağıdır. Misli görünməyən, dünyanı heyrətə salan, düşmənlərimizə gözdağı olan parlaq Qələbə şəhidlərin haqqıdır. Mənsub olduğu xalqın, gəncliyin gücünü, ləyaqətini, qabiliyyətini, qəhrəmanlığını varlığında yaşadan, doğma yurdu, torpağı uğrunda savaşa atılan, düşməni əzən və məhv edən oğullarla fəxr edirik, polad biləkli igidlərlə həmişə qürur duyuruq.

Həmin igidlərdən biri də Bəxtiyar İsmayılovdur. O, Ağdam rayonunun Çullu kəndində anadan olub. Vətənpərvər gənc kimi tanınıb. Vətən müharibəsində Ağdam rayonunun Sarıcalı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisi yanında partlayıb və cəsur döyüşçü ağır yaralanıb. Uzun müddət qardaş Türkiyədə hərbi hospitalda müalicə alıb. Doğmalarının yanına qayıdan Bəxtiyarı ziyarət edənlərin sayı çoxdur. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Qarabağ əlilinə evində baş çəkib, onun səhhəti və ailəsinin sosial vəziyyəti ilə maraqlanıb. Əlil ailəsinə maddi və mənəvi dəstək göstərilir. Bəxtiyar İsmayılov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə “Ağdamın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

Ağcabədi

Respublikamızın bütün bölgələrində müasir tələblərə cavab verən məktəb binalarının tikilib istifadəyə verilməsi uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  rayonun Poladlı kəndində yeni məktəb binasının tikintisi həyata keçirilir. İş icraçısı Samir Rəhimov bildirdi ki, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində tikintiyə сari ilin yanvar ayında başlanılıb. 300 şagird yerlik olan ikimərtəbəli məktəb binasının tikinti sahəsi 2 min kvadratmetri əhatə edir və üzümüzə gələn yeni dərs ilində hazır olacaq. Yeni məktəbdə 14 sinif otağı, fənn kabinetləri, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, eləcə də qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları şagirdlərin istifadəsinə veriləcək. Bununla yanaşı, məktəbin binası istilik, elektrik, müşahidə sistemləri ilə təmin ediləcək. Həmçinin təhsil müəssisəsinin həyətində qazanxana, transformator yarımstansiyası, içməli, çirkab və yanğın əleyhinə su anbarlarının inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda binanın həyətində şagirdlər üçün açıq idman meydançası istifadəyə veriləcək, abadlıq işləri aparılacaq və yaşıllıq salınacaq.

                           

                           ***

Həyata keçirilən investisiya layihəsi çərçivəsində Pərioğullar və Hacıbədəlli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. Yenidənqurma nəticəsində 396 abonenti olan Pərioğullar kəndində 4 ədəd transformator məntəqəsi quraşdırılacaq, 12 kilometrə yaxın 10 kV-luq, 28 kilometrdən çox 0,4 kV-luq elektrik xətti yenilənəcək. Hacıbədəlli kəndində də yenilənmə işləri davam etdirilir. 843 abonenti olan kənd ərazisində 9 ədəd transformator məntəqəsi quraşdırılacaq, 22 kilometrə yaxın 10 kV-luq, 32 kilometrdən artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq. Pərioğullar və Hacıbədəlli kəndində işlər yekunlaşandan sonra 1300-ə yaxın abonent keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz ediləcək. Qeyd edək ki, investisiya layihəsinin birinci mərhələsində rayonun Mehrablı, Ağabəyli, Cəfərbəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.

 

Xocavənd

Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar rayonda gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması, ehtiyaclarının öyrənilməsi məqsədilə tədbirlər keçirilir. Növbəti görüşdə  rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Azər Süleymanov çıxış edərək gənc sahibkarlara göstərilən  dövlət dəstəyindən, o cümlədən KOBİA-nın xidmətləri barədə ətraflı məlumat verib, onları həmin xidmətlərdən yararlanmağa çağırıb. Qeyd edilib ki, rayonda onlarla gənc sahibkar fəaliyyət göstərir. Görüşdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib, sualları cavablandırılıb və müraciətləri qeydə alınıb. İştirakçılara məlumatlandırıcı bukletlər paylanıb.

 

Laçın

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar əhali arasında maarifləndirmə işləri aparılır. Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması barədə Ağcabədi rayonu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbə sakinlərinin iştirakı ilə maarifləndirici tədbiri keçirilib. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə aparatın məsul işçiləri, rayon gigiyena və epidemiologiya mərkəzinin  və respublika  Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları iştrak ediblər.

Tədbirdə qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi, qida zəhərlənmələri və onların fəsadlarının aradan qaldırılması haqqında ətraflı məlumatlar, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib. Bildirilib ki, konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün vacib məqamlara diqqət yetirmək hər kəsin borcudur.

 

Salman ALIOĞLU,

“Respublika”.

 

Daşkəsən

Ölkə Prezidenti cənab İlham Əliyevin  2018-ci il martın 5-də “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncamı və Nazirlər Kabinetinin bu sərəncama uyğun olaraq “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” qərarı arıçılığın inkişafına stimul  vermişdir.

Azərbaycanın dilbər guşələrindən olan Daşkəsəni ənənəvi arıçılığın mənbəyi hesab etmək olar, çünki buna münbit şərait var. Bu məqsədlə,  “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda arıçılıq təsərrüfatlarının inkişafına dəstək məqsədilə növbəti sosial layihənin icrasına başlanılıb. Layihə çərçivəsində ilkin olaraq rayonunun Çovdar, Quşçu, Bayan kəndləri və Şadax adlanan ərazisində yaşayan bir qrup kiçik arıçılıq təsərrüfatı sahibi ilə görüş keçirilib.

Layihənin icra dövrü ərzində “AzerGold” QSC və KOBİA tərəfindən arıçı fermerlərin müvafiq təlimlərə cəlb edilməsi, arılara yaz qulluğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə metodları, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə nəzəri və praktik məşğələlərin təşkili planlaşdırılmışdır. Müzakirə şəraitində keçirilən görüşdə fermerlərin müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.  

Zabit XƏLİLOV,

            “Respublika”.