Qaradağlı faciəsi şəhidlər və şahidlər
Tarix

Qaradağlı faciəsi şəhidlər və şahidlər

Tariximizin qan ilə yazılan səhifələri, yaxın keçmişdə yaşadığımız faciələr, vaxtilə torpaqlarımıza köçürülən ermənilərin sovetlər birliyinin süni şəkildə yaratdığı keçmiş Dağlıq Qarabağda yaşayan yerli azərbaycanlılara qarşı törətdikləri terror hadisələri, qəsbkarlıq, işğal, dədə-baba yurdlarından zorla didərgin salınan insanların acı taleləri miqyasına və ağır nəticələrinə görə əsl soyqırımı hesab olunur.

1991-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti demək olar ki, Azərbaycanın nəzarətindən çıxmış və bu qədim diyar erməni quldur dəstələrinin, digər ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin əlinə keçmişdi. Məhz həmin ildən başlayaraq ermənilər meydanlarda "miatsum" qışqırır, silahlı dəstələrin əli ilə törədilən terror hadisələri, basqın və hücumlar ara vermirdi. Hayların təpədən-dırnağadək silahlanmış qaniçən dəstələri azərbaycanlılar yaşayan kəndlərə hücumlar edir, dinc əhali qətlə yetirilir, öz evlərindən didərgin salınırdılar.

Şovinist və ekstremist ermənilər hələ ötən əsrin 60-cı illərində Qarabağda milli münaqişə törətmək üçün terrora əl atıblar. Erməni bicliyi və xisləti ilə törədilmiş həmin hadisələrdən birinə nəzər salaq. Daşnak quldurları Xocavənd rayonunun Qaradağlı kəndində erməni kolxoz sədrinin kiçik yaşlı oğlunu öldürərək gizli şəkildə həmin kənd məktəbinin direktoru işləyən Ərşad Məmmədovun həyətinə atıblar. Kənddə hamı yaxşı bilirdi ki, kolxoz sədri ilə məktəb direktoru dost olublar. Araya düşmənçilik düşüb, keçmiş vilayətin hüquq-mühafizə orqanları tərəfindən Ərşad müəllimlə bərabər onun iki qohumu da həbs olunub. Bir çox dəlil və sübutlar onların günahsız olduqlarını göstərsə də buna məhəl qoyulmayıb. Xankəndidə keçirilən məhkəməyə hücum edən ermənilər günün günorta çağı həmin adamların başını kəsərək cəsədlərin üstünə benzin tökərək yandırıblar. Təbii ki, qanlı cinayət cəzasız qala bilməzdi. Həmin dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinın sədri vəzifəsində işləyən Heydər Əliyevin qətiyyətli mövqeyi, prinsipiallığı sayəsində cinayəti törədənlərin bəziləri o dövrün cinayət məcəlləsinə görə güllələnməyə məhkum oldu, bəziləri ömürlük həbs edildilər. Ulu öndər azərbaycanlıların qanının yerdə qalmasına imkan vermədi.

Tarixi vərəqlədikcə ermənilərin azərbaycanlılara, türklərə qarşı müxtəlif üsullarla törətdikləri faciələrin, dəhşətli qırğınların, işğalın, dağıntıların şahidi oluruq. Təkzibolunmaz tarixi qaynaqlar, şahidlərin söylədikləri sübut edir ki, erməni terror dəstələri 1918-1920-ci illərdə yüzlərlə azərbaycanlı kəndini yandırıb, on minlərlə insanı qətlə yetirib. Eyni dəst-xətlə ermənilər tərəfindən törədilən qətllər və dağıntılar 1988-ci ildən başlayaraq Qərbi Azərbaycanda, Şərqi Zəngəzurda və Qarabağda etnik nifrət zəminində baş verib.

Əlləri xalqımızın qanına bulaşmış Robert Köçəryanın, Serjik Sərkisyanın başçılıq etdikləri erməni silahlı dəstələri, Aramo və Arabo adlı erməni terror dəstələri, beynəlxalq axtarışda olan qatil Monte Melkonyan və digər erməni cinayətkarlar 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin dinc sakinlərinin qətlə yetirilməsində, diri-diri torpağa basdırılmasında, uşaqlara qarşı amansız işgəncələrdən istifadə edilməsində iştirak ediblər. XX əsrin 90-cı illərində ermənilərin Qarabağda azərbaycanlılara qarşı vəhşiliklə, qəddarlıqla törətdikləri hərbi cinayətlərin ən ağır nəticələri Qaradağlı kəndində özünü göstərib. Qaradağlı kəndi Xocavənd (keçmiş Martuni) rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə, Xonaşen çayının sahilində yerləşir. Əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və bostançılıqla məşğul olub. Qeyd etmək lazımdır ki, XX əsrdə Qaradağlı kəndi ermənilər tərəfindən beş dəfə dağıdılıb və yandırılıb, azərbaycanlı əhali təcavüzə məruz qalıb. Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti - Qaradağlı soyqırımını törədiblər. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. Həmin vaxt kənddə olan 118 nəfər dinc sakin əsir götürülüb. Əsir götürülənlərdən əksəriyyəti gənclər olub və onlardan 33 nəfərini ermənilər kəndin yaxınlığında vəhşicəsinə güllələyib, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqla örtüblər. Əsir götürülənlərdən 91 nəfəri işgəncələrlə öldürülüb, onlardan 52 nəfəri böyük çətinliklə erməni əsirliyindən xilas edilib. Erməni canilər tərəfindən kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, bir ailədən hər iki valideyn qətlə yetirilib. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri öldürülüb. Onlardan 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşaq yetim qalıb. Əlbəttə, bu quru rəqəmlərin arxasında bir kəndin sakinlərinin iztirabı, misli görünməyən faciəsi dayanır. Erməni əsirliyində kənd sakinlərinin bəzilərinin başı kəsilib, bəziləri diri-diri basdırılıb, bəzilərinin dişləri çıxarılıb, onları günlərlə ac-susuz saxlayıblar. İşğal nəticəsində kənddə 200 ev, mədəniyyət evi, 320 yerlik məktəb binası, 25 çarpayılıq xəstəxana, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq ermənilər tərəfindən etnik nifrət zəminində və vəhşiliklə dağıdılıb.

Qeyd edək ki, kənd sakinləri tam mühasirə şəraitində olmalarına baxmayaraq, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb, böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda döyüşüblər. Bu illər ərzində onlarla kənd sakini erməni silahlı birləşmələrinə qarşı qeyri-bərabər döyüşlərdə canlarını fəda edərək Vətən, doğma torpaq uğrunda şəhid olub. Öz sakinləri kimi şəhid olan Qaradağlı kəndi otuz ilə yaxın Ermənistanın işğalı altında qalıb.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını, döyüş qabiliyyətini, qəhrəmanlığını, torpaq və bayraq məhəbbətini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan yurd yerlərimiz azad edildi, bu savaşda əsgərlərimiz, zabitlərimiz, generallarımız doğma Vətənimiz Azərbaycanın şərəfini ucaltdılar, Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin əmr və göstərişlərini ləyaqətlə yerinə yetirərək düşmən ordusunu darmadağın etdilər, döyüş texnikalarını qənimət kimi götürdülər, işğalçıları torpaqlarımızdan qovdular. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin qisası savaş meydanında alındı, əsir düşməmək üçün öz canlarına qıyan oğulların ruhu dinclik tapdı, keçmiş məcburi köçkünlərin taleyinə günəş doğdu. Uzun illər ərzində Ermənistanın və havadarlarının düyünə saldıqları qondarma problem qətiyyətlə, ləyaqətlə, şərəflə, cəsurluqla həll edildi. İkinci Qarabağ müharibəsində 2020-ci il oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi və 37 kənd qəhrəman silahlı qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad edildi. Ərazisinin böyük hissəsi erməni işğalından azad edilən Xocavəndin bəzi yerlərində separatçılar, silahlı dəstələr, təxribatçılar, terrorçular sülhməramlıların arxasında gizlənmişdilər. Vətən müharibəsindən keçən dövr ərzində ermənilər tərəfindən Qarabağ iqtisadi rayonuna qanunsuz yolla silah və hərbi sursat gətirilməsi davam edirdi, silahlı erməni terrorçuları tərəfindən təxribatların ardı-arası kəsilmirdi. Xankəndidəki separatçılar, daşnaklar, terrorçular demək olar ki, hər gün Azərbaycana böhtan, iftira atır, yalan danışır, rəzil və alçaq hərəkətlərə yol verirdilər. 2023-cü ilin sentyabr ayında keçirilən 23 saat davam edən antiterror tədbirləri nəticəsində Qarabağın hər qarış torpağı azadlığına qovuşdu. Qaradağlı kəndi də erməni əsarətindən xilas edildi.

Qaradağlı faciəsində sağ qalmış şahidlərin hamısı erməni vəhşiliyindən danışır. Qaradağlı müsibətini yaşamış İlqar Hüseynov deyir:

- Qaradağlı camaatı arasında elə bir ailə yoxdur ki, erməni vəhşiliyindən ziyan çəkməsin. 1991-ci ilin sentyabr ayından başlayaraq keçmiş Martunidə və digər yerlərdə gizlənən erməni silahlı dəstələri kəndimizi demək olar ki, mütəmadi olaraq atəşə tuturdular. Həmin il sentyabr ayının 8-də Ağdam-Qaradağlı marşrutu üzrə işləyən sərnişin avtobusunu atəşə tutan ermənilər 8 nəfəri öldürdülər, 10-dan artıq adam isə ağır yaralandı. 1992-ci il fevral ayının 15-də ermənilər kəndimizi dörd bir tərəfdən atəşə tutdular. Evlərin çoxu yandırıldı. Gecə yaralıları da götürüb Ağdama tərəf getdik. Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün müqavimət göstərə bilmirdik. Vəhşi ermənilər bizi əsir götürdülər. Kişiləri qadınlardan və uşaqlardan ayıraraq bizi maşınlara mindirdilər və erməni qəbiristanlığına gətirdilər. Əmr etdilər ki, 9 nəfər maşından düşsün, lakin heç kim yerindən tərpənmədi. Maşını atəşə tutdular, 15 nəfər burada həlak oldu, təxminən 20 nəfər ağır yaralandı. Həmin gün 32 nəfər azərbaycanlını işgəncə ilə öldürdülər. Qalanlarımızı Xankəndiyə apardılar və orada həbsxanada saxladılar. Bayırda şaxta olsa da bizi dizə qədər suyun içində saxlayır, üç gündən bir əl boyda qara çörək verir, girovları gündə beş-altı dəfə döyürdülər. Erməni quldurlar təkcə kişilərə deyil, qadın və uşaqlara da dəhşətli əzab verirdilər.

Qaradağlı soyqırımı ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun 80377 saylı cinayət işində tam sübuta yetirilib ki, Birinci Qarabağ faciəsində ermənilərlə yanaşı, muzdlular, erməni terror təşkilatlarının üzvləri də iştirak ediblər. Onlardan biri Fransa, ABŞ, Livan və bir sıra digər Avropa ölkələrində türklərə qarşı terror aktları törədən, "ASALA" terror təşkilatının üzvü Monte Melkonyan da olub. Azərbaycan əsgərləri tərəfindən Qarabağda məhv edilən Melkonyana Ermənistan dövləti "milli qəhrəman" adı verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində işğaldan azad olunmuş Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etmiş, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, işğaldan azad edilən əraziləri gəzib, qədim Azıx mağarasına baş çəkib. Həmin görüşdə Prezident bildirib ki, Ermənistan təbliğatı istər işğal, istər müharibə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Onlar bizim torpağımızı işğal ediblər, Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyublar, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Biz buna son qoyduq.

Salman ALIOĞLU,

"Respublika".