Milli mənsubiyyət qürur mənbəyidir
Siyasət

Milli mənsubiyyət qürur mənbəyidir

"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!". Ulu Öndər Heydər Əliyevin bu sözləri bizə hər zaman yol göstərib. "Vətən nədir?", "Millət nədir?" deyə düşündürüb. Ümummilli Lider öz kəlamları ilə vətən, millət sevgisini uşaqlara, gənclərə aşılayıb. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz dövlətçiliyimizə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilmiş iclasında dekabrın 31-nin dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi haqqında qanun qəbul edib.

Əsrlər boyu müxtəlif toqquşmalar, müharibələr məkanı olmuş Cənubi Qafqaz, həmçinin Azərbaycan çətin, məşəqqətli yollardan keçib. Nəticədə, ölkəmizin əhalisi doğma torpaqdan didərgin düşüb. Dünyanın müxtəlif yerlərinə yayılmış azərbaycanlılar vətən həsrətini, sevgisini qəlblərində yaşadıblar. Bütün dünyada azərbaycanlılarının birliyini, təşkilatlanması məsələsini hər zaman diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev bu günü təyin etməklə bütün azərbaycanlıların birləşməsinə və fikir birliyinə nail olub. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və azərbaycanlıların milli birliyinin fikir sahibi, təbliğatçı və təşkilatçısı olan Ümummilli Lider xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan, çalışan, oxuyan həmvətənlərimizlə görüşlər təşkil edirdi. Onların problem və qayğıları ilə yaxından maraqlanan, tövsiyələr verən Ümummilli Lider beləliklə, birləşmə ideyasının əsas simvoluna çevrilib.

Bu xüsusi gün bütün dünyada 70-dən artıq ölkədə qeyd edilir. Azərbaycan Dünya azərbaycanlılarını birləşdirən dövlət kimi, dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımızın milli-mənəvi varlığını yaşadır. Həmrəylik günü özündə milli birlik, vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, ölkəyə bağlılıq kimi müxtəlif hissləri birləşdirir.

Həmçinin dünya azərbaycanlıları fəaliyyət göstərdikləri ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktiv iştirak etməklə, onların Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafına dəstək olur. Onlar ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılmasında, yayılmış yalan ideoloji təxribatlarının qarşısının alınmasında fəal iştirak edirlər. Ölkəmizin dəstəyi ilə birlikdə tərəfdaş xalqların lobbi və diasporları ilə faydalı əməkdaşlığın qurulması sahəsində əhəmiyyətli tədbirlər reallaşdırılır.

2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesinin inkişafı üçün Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Bu soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına müsbət təsir göstərib. Ölkə siyasətinin vacib istiqamətlərindən biri də sərhədlərimizdən kənarda yaşayan azərbaycanlılarla əlaqələrin inkişafı üçün çalışmaqdır. Bu prioritet özünü Prezident İlham Əliyevin siyasətində açıq şəkildə göstərir. Belə ki, ötən 20 il ərzində diaspor quruculuğu sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib.

Ölkə başçımız İlham Əliyevin "Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni mərləhə olub. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda "Dünya Azərbaycanlılarının Xartiyası"nın qəbulu həmrəyliyin artmasına növbəti töhfə olub.

Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü hər il özünü daha qabarıq şəkildə göstərir. Bu il də xüsusilə fərqlidir. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini təmin edib. İkinci Qarabağ müharibəsi dövründə və sonra başqa ölkələrdə yaşayan azərbaycanlılar ölkəmiz əleyhinə aparılan məkrli təxribatlara qarşı cəsarətli etirazlar edib, ölkəmizin reallıqlarını bütün dünyaya çatdırmaq üçün hər vəchlə çalışıb.

44 günlük müharibədə kimliyindən, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı milli həmrəylik və birlik göstərib. Prezident İlham Əliyevin vətənpərvərliyi soydaşlarımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy edib. Bu həmrəylik 2020-ci ildən sonra daha aydın şəkildə özünü büruzə verib. Xalq-iqtidar birliyi Azərbaycanın inkişafa gedən yolunda təməl daşı olub.

Nurcan SÜLEYMANOVA,

"Respublika".