Milli Muğam Müsabiqəsi: Seçim turlarının ikinci günündə 18 ifaçı yarışacaq
Mədəniyyət

Milli Muğam Müsabiqəsi: Seçim turlarının ikinci günündə 18 ifaçı yarışacaq

Aprelin 25-də Azərbaycan Milli Konservatoriyasında Milli Muğam Müsabiqəsinin birinci seçim turlarının növbəti mərhələsi başlayıb.

AZƏRTAC xəbər verir ki, seçim turlarının ikinci günündə əvvəlcə instrumental ifaçılıq üzrə dinləmələr keçirilib.

Sözügedən kateqoriya üzrə 8 nəfər ifaçı səhnəyə çıxıb.

Səhnəyə dəvət olunan müsabiqə iştirakçıları Bayraməli Əliyev, Çingiz Əliyev, Samir Əsədli, Aişə Əmrahova, Hüseynağa Səmədov, Soltan Nadirov, Vaqif Təhməzov və Solmaz Rəhimovanın ifaları dinləniləcək. Ümumilikdə ifaçılara 2 saat 30 dəqiqə vaxt ayrılıb.

Onları münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərova qiymətləndirəcəklər.

İnstrumental ifaçılıq kateqoriyası üzrə dinləmələrdən sonra günün ikinci yarısında xanəndəlik kateqoriyası üzrə dinləmələrə başlanılacaq.

Turun ikinci günündə 8-i instrumental ifaçılıq, 10-u isə xanəndəlik üzrə olmaqla 18 ifaçı səhnəyə çıxacaq.

Qeyd edək ki, müsabiqənin ilk gündə 9-u instrumental, 10-u isə xanəndəlik üzrə olmaqla 19 iştirakçı dinlənilib.

Xatırladaq ki, Milli Muğam Müsabiqəsinin qalibləri - xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi "Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bütün ölkə üzrə keçirilən Milli Muğam müsabiqəsində birinci tura bu gün yekun vurulacaq. Müsabiqənin ikinci turu isə aprelin 26-da keçiriləcək.