Mina probleminin həlli istiqamətində qətiyyətli səylər davam edir
Sosial həyat

Mina probleminin həlli istiqamətində qətiyyətli səylər davam edir

Minalar münaqişələrdən sonra da uzunmüddətli dağıdıcı təsirə malikdir. Bu partlayıcılar insanları, hətta heyvanları, yəni onları bilmədən işə salan hər kəsi hədəf alır.

Demək olar ki, hər ay mina hadisəsi yaşanır. Aprelin 12-də Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.

Bu partlayıcılar çox vaxt ölümə, yaxud ağır xəsarətlərə səbəb olur. Fiziki zərərdən əlavə, mina əkinçilik və infrastrukturun inkişafınada mane olur. Münaqişələr bitdikdən sonra belə, minalar illər boyu gizli təhlükə olaraq qalır. Təmizləmə prosesi isə həm ciddi maliyyə tələb edir, həm də çox vaxt aparır. Onların tapılması və çıxarılması xüsusi avadanlıq və təlim keçmiş işçi heyəti tələb edən əziyyətli prosesdir. Buna baxmayaraq, ölkəmizdə minatəmizləmə fəaliyyətində innovasiyalar, texnologiyalar, dronlar və süni intellektin imkanlarından istifadə olunur və hazırda geniş şəkildə tətbiq edilir. Minatəmizləmə Agentliyi (ANAMA) 2021-ci ildən dronlar və süni intellektin istifadəsi ilə tədqiqat işlərində faydalı nəticə verən "Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı" (RAMS) sistemindən istifadə edir. Həmçinin ümumi maarifləndirmə çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan və yaxud kənd təsərrüfatı, sosial infrastruktur işlərində çalışan insanlar üçün mina təhlükəsinə dair ümumi maarifləndirmə tədbirləri reallaşdırılır, minatəmizləmə sahəsində ehtiyac duyulan təlimlər keçirilir.

ANAMA minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 8-dən 14-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb. Ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1, tank əleyhinə 5 mina və 725 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 476.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Problemin həllində daha yaxşı nəticə üçün mina xəritələrinin verilməsi xüsusi əhəmiyyət daşıyır. Ermənistanın isə indiyə qədər təqdim etdiyi mina xəritələri etibarlı olmayıb. Bugünkü reallıq isə belədir: mina terroru davam edir. İnsan həyatının qorunmasına və ekoloji dayanıqlılığa məhəl qoymayan Ermənistanın hərəkətləri onun məkrli niyyətini açıq göstərir.

Minalar təkcə insanlara zərər vermir, həm də ekosistemləri pozur. Partlayışlar yaşayış yerlərini məhv edir, təbiətə zərər vurur, torpağı və suyu toksinlərlə çirkləndirir. Böyük əraziləri kənd təsərrüfatı üçün yararsız hala salaraq ərzaq təhlükəsizliyi problemini və iqtisadi qeyri-sabitliyi gücləndirir.

Ölkəmiz tərəfindən mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün xüsusi iş aparılır. Belə ki, ANAMA-nın məsul şəxsləri Xorvatiyanın Cavtat şəhərində keçirilən Mina Təhlükəsinə qarşı Mübarizə üzrə 20-ci beynəlxalq simpoziumda iştirak ediblər. Beynəlxalq tədbirdə Xorvatiyanın bir sıra dövlət qurumlarının rəsmiləri, müxtəlif ölkələrin minatəmizləmə qurumları, bu sahədə ixtisaslaşmış qeyri-hökumət və donor təşkilatların nümayəndələri iştirak ediblər. Simpozium çərçivəsində mina təhlükəsi mövzusunda texniki və idarəetmə problemlərinin həlli yolları, ən son elmi-praktiki nailiyyətlər və minalarla mübarizəyə dair təcrübə mübadilələri aparılıb, o cümlədən müxtəlif şirkətlər tərəfindən istehsal olunan avadanlıqlar nümayiş olunub. ANAMA-nın nümayəndə heyətinin üzvləri tədbirdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, partlayıcı qurğularla kütləvi şəkildə çirklənmənin miqyası, mövcud problemin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr barədə təqdimatla çıxış edib, bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin vacibliyini vurğulayıblar.

Mina təhlükəsinin aradan qaldırılması istiqamətində innovativ həllər və birgə səylər daha təhlükəsiz gələcək üçün ümid verir. Təmizlənmiş hər hektar torpaq və xilas edilən hər bir həyatla torpağın gizli təhlükələrdən azad olduğu dünyaya daha da yaxınlaşırıq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".