Minasız torpaqlar hədəflərimiz sırasında mühüm yer tutur
Siyasət

Minasız torpaqlar hədəflərimiz sırasında mühüm yer tutur

Məşhur rus yazıçısı Lev Tolstoy deyirdi: "İnsanları öldürmək üçün kəşf edilən güllə, top, bomba, raket, barıt və digər silahlardan daha dəhşətli nə ola bilər?". Müharibələr bitsə də, onun fəsadları uzun illər davam edir və özünü müxtəlif formalarda büruzə verir.

Kimi savaşda itirdiyi yaxınına görə gözüyaşlı qalır, kimi isə ürəyində əsla sağalmayacaq bir yara ilə yaşamağa məcbur olur. İşin ən pis tərəfi isə odur ki, müharibədən sonra da can itkisinə rast gəlmək mümkündür. Bu gün beynəlxalq səviyyədə problemə çevrilən mina məsələsi də müharibələrin ağır nəticələrindəndir. Əfsuslar olsun ki, Azərbaycan ərazisi minalarla çirkləndirilmiş ölkələr siyahısında ilk sıralarda yer alır.

30 illik işğal dövründə dövlətimizin ərazilərində ermənilər tərəfindən basdırılan minaların sayını müqayisə etsək, hər 10 nəfərə bir mina düşdüyünü görərik. Eyni zamanda İkinci Qarabağ savaşından sonra qeydə alınan mina qurbanlarının statistikasına əsasən, onların 90 faizini mülki əhali təşkil edir. Qarabağ müharibəsi başa çatdıqdan sonra 345 nəfər Azərbaycan vətəndaşı mina və döyüş sursatlarının partlaması nəticəsində xəsarət alıb. 65 nəfər, o cümlədən 50 dinc sakin həlak olub, 278 nəfər yaralanıb. İlkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərimizdə 1,5 milyona yaxın mina basdırılıb, 9 min kvadratkilometrə yaxın ərazi minalarla çirkləndirilib. Bütün bunlar bir daha, minaların həm Cənubi Qafqaza, həm də regiondakı mülki əhalinin təhlükəsizliyinə ciddi təhdid yaratdığını söyləməyə əsas verir. Mina probleminin hələ də aktual olaraq qalmasında Ermənistan tərəfi günahkardır. Çünki 44 günlük Vətən müharibəsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, Paşinyan hakimiyyəti müxtəlif bəhanələr gətirərək minalanmış ərazilərin xəritələrini təhvil verməkdən boyun qaçırır.

Bu yaxınlarda düşmənin növbəti dəfə mina xəritələri ilə bağlı blefinə şahid olduq. Belə ki, Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı ölkəmizə təqdim edib. Təqdim olunan formulyarların əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarət olduğu kimi bildirilib. Amma hər zaman olduğu kimi sözügedən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam şəkildə əks olunub. Hətta həmin formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu üzə çıxıb. Bununla yanaşı, keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də Azərbaycana verilməyib. 2021-ci ildə rəsmi İrəvanın Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair təqdim etdiyi məlumatların dəqiqliyi də 25 faiz təşkil edib. Hazırda ölkəmiz humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Həmçinin Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürüb.

Yeri gəlmişkən, minatəmizləmə prosesi çox mürəkkəb və təhlükəlidir. Belə ki, beynəlxalq dəyərləndirmələrə görə, torpağa basdırılmış bir piyada əleyhinə minanın çıxarılması üçün tələb olunan xərc 300 dollardan 1000 dollara qədər dəyişir. Bir məqamı da qeyd edək ki, Ermənistanın ərazilərimizi minalamaqla "Müharibə qurbanlarının müdafiəsi haqqında", 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyanın, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını kobud şəkildə pozur.

Partlamamış hərbi sursat, o cümlədən minalar və digər partlayıcı qalıqlar işğaldan azad olunmuş ərazilərdəki torpağı və suyu çirkləndirir. Eyni zamanda onların daxilindəki kimyəvi maddələr, metallar ətraf mühitə sızaraq bitki və heyvanların həyatı üçün təhlükə yaradır. Mina partlayışları da öz növbəsində bitki örtüyünün zədələnməsinə və biomüxtəlifliyin itirilməsinə gətirib çıxarır. Beləliklə, bütün ekosistem, vəhşi təbiət, eləcə də ətraf mühit öz dayanıqlılığını itirir. Minaların və müharibənin partlayıcı qalıqlarının mövcudluğu heyvanları ənənəvi miqrasiya marşrutlarını dəyişməyə vadar edir. Minalar və ağır texnikadan istifadə bitki örtüyünün məhvi və təbii relyef formalarının pozulması ilə nəticələnir. Bu isə özlüyündə münbit torpaq qatının itirilməsinə və landşaftın deqradasiyasına səbəb olur.

Hələ də aktual olan mina probleminin böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, Azərbaycan bunun öhdəsindən mümkün qədər tez gəlmək üçün bütün gücünü səfərbər edib. Hazırda ölkəmizdə minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə olunmaqla həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür.

Nəzrin ELDARQIZI,

"Respublika".