Minlərlə insanın taleyinə hökm oxuyan saniyələr
Digər xəbərlər

Minlərlə insanın taleyinə hökm oxuyan saniyələr

Azərbaycan-Türkiyə… Adı qoşa çəkiləndə dostu qürurlandırıb, düşmənin zəhrini yaran iki qardaş birliyi.  Sarsılmazlığını, əbədiliyini dəfələrlə sübuta yetirən canı bir, qanı bir sirdaş, qardaş ölkə.  Tarixin sərt sınaqlarından, zamanın ağır hökmündən alnıaçıq çıxan xalqlarımız   hər zaman bir-birinin xoş gününə sevinib, dar günündə   dərdinə şərik olublar. Fevralın 6-da isə yalnız Türkiyədə deyil, Azərbaycanda, eləcə də  bütün türk dünyasında faciə yaşandı.  Gecənin zülmətində batmanla gələn dərd, qapımızı qəfil döyən fəlakət dağların ağırlığını çökdürdü üstümüzə. Saniyələr, dəqiqələr hökm oxudu minlərlə insanın taleyinə. İçimizi göynədən bu acını dilə gətirmək belə  vahimələndirir insanı,  yaşananları isə qəbul etmək  çox çətindir. Əsrlər gəlib-keçsə belə ürəyimizin göynərtisi azalmayacaq, xalqımızın başına gələn bu müsibəti unutdurmağa zamanın da, tarixin də gücü yetməyəcək…

Bu günlərdə Türkiyə ilə  Azərbaycanın çətin gündə, xoş gündə  bir millət, iki dövlət olaraq hər zaman bir yerdə və eyni mövqedə olduğu bir daha öz təsdiqini tapdı. Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal və 9 saat sonra episentri eyni şəhər olan  Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ olmuş, güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınmışdı. Yerin altını-üstünə çevirən, on minlərlə insanın həyatına son qoyan bu fəlakət saya-hesaba gəlməyən  insan itkisi ilə nəticələnmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə olan yerdə Azərbaycan var” sözləri iki ölkə arasında birliyin ortaq soykökə, tarixə söykəndiyini, liderlər arasında münasibətlərin ümumi maraqlara xidmət etdiyini bir daha sübut edir. Türkiyənin bu ağır, çətin gününün ilk dəqiqələrindən Azərbaycan can qardaşının yanında oldu, bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər etdi. Ölkə başçımız İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Azərbaycanın  hər zaman Türkiyənin yanında olduğunu, xalqımızın ağır dərdinə şərik çıxdığını bildirmişdir. Bu doğma, səmimi münasibətlər yalnız dövlətlər  səviyyəsində deyil, həm də xalqlarımız arasında  da özünü bariz şəkildə göstərir. Dərdi dərdimiz, kədəri kədərimiz  olan Türkiyədə baş verən bu dəhşətli faciə bütün Azərbaycan xalqını sarsıtdı.

Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu ağır günlərdə qardaş ölkəyə dəstək olmağa çalışır. Azərbaycan xilasediciləri zəlzələnin baş verdiyi ilk gündən axtarış-xilasetmə işlərinə qoşulub. Hava və quru yolu ilə humanitar yardımlar  göndərilir. Həkimlər, xilasedicilər, könüllülər  qardaş-bacılarına köməklərini əsirgəmirlər. Bakıda, o cümlədən Naxçıvan Muxtar Respublikasında xəstəxanalar ağır xəstələri qəbul etməyə hazır vəziyyətə gətirilib. Dövlət başçımızın göstərişi ilə yardımların göndərilməsi bir mərkəzdən idarə olunur. Sadə vətəndaşlar da birlik, həmrəylik nümayiş etdirərək yardım kampaniyalarına qoşulublar. Bütün bunlar mərhəmət, şəfqət, humanizm nümunəsi olmaqla yanaşı, həm də milli birliyimizin göstəricisidir. Bu birliyi çox yüksək dəyərləndirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşımında qeyd olunur: “... Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə, qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!”.

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələdən zərərçəkənlərə Heydər Əliyev Fondu tərəfindən humanitar yardımlar göndərilir. Müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar olmaqla  36 tonluq ilk humanitar yardım  fevral ayının 9-da yola salınmışdır. Heydər Əliyev Fondu, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin dəstəyi ilə göndərilən ikinci yardım fevralın 10-da zəlzələ bölgəsinə çatdırılmışdır. 11 fevraldan yola salınan növbəti humanitar yardım isə  havaların soyuq keçməsi ilə əlaqədar olaraq  əsasən qızdırıcı  çadırlar, istilik radiatorları və generatorlardan ibarət olmuşdur.  Həmçinin, Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım məqsədilə 8-14 fevral tarixlərində humanitar kampaniya təşkil olunmuş və Azərbaycan vətəndaşları böyük əzmlə bu kampaniyada iştirak etmişlər.

Sözsüz ki, bu ağır faciənin ağrı-acısına, fəsadlarına yalnız zaman məlhəm olacaq. Amma dostla dağı tez aşmaq olar, deyib atalarımız. Əminik ki, müstəqil Azərbaycan öz müttəfiqi, yaxın dostu, əziz qardaşı olan qüdrətli Türkiyə dövlətinə və  mətanətli, iradəli türk xalqının bu sınaqdan tezliklə çıxması üçün əlindən gələn qardaş köməyini əsirgəməyəcək. Ulu öndər Heydər Əliyevin dediyi kimi:  “Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur”.

Mehparə ƏLİYEVA,

“Respublika”.