Genişmiqyaslı layihələrin uğurlu icrası ölkəmizin iqtisadi potensialını əks etdirir
Müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.
Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək, sərnişin və yükdaşımasını asanlaşdırmaq, həmçinin insanların həyat şəraitini yaxşılaşdırmaq, ümumilikdə yol infrastrukturunu yenidən qurmaqla bağlı dəfələrlə Sərəncam imzalanıb. Azərbaycanın bütün dünya üçün nümunə göstərilən dinamik sosial-iqtisadi inkişaf modelindən söhbət açarkən ölkədə güclü infrastruktur yaradılmasına böyük diqqət göstərildiyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin Azərbaycanı hər cəhətdən müasir ölkəyə çevirmək yolunda müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq ardıcıl surətdə həyata keçirilən layihələr sayəsində istər paytaxt Bakıda, istərsə də regionlarda sosial və iqtisadi sektorlara aid infrastrukturun, o cümlədən yolların yenilənməsi istiqamətində böyük iş görülüb. Bunun sayəsində də hazırda Azərbaycan mükəmməl yol infrastrukturu təminatına malik ölkəyə çevrilib.
Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi olan Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir.
Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur. Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir vətəndaş öz həyatında hiss edir.
Ərazi bütövlüyünü təmin edən Azərbaycanın hazırda qarşısında duran ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin yenidən qurulması və dirçəldilməsidir. Bu istiqamətdə artıq mühüm layihələrin icrasına başlanılıb. Təbii olaraq, hər şeydən öncə yol infrastrukturunun yaradılması qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bu mənada, dövlət başçısının işğaldan azad olunan ərazilərə hər səfərində hansısa strateji əhəmiyyətli yolun və ya hava limanının təməli qoyulur. Çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur.
Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb və görülən işlərin icrası daha da sürətləndirilib. Bunun nəticəsidir ki, qələbəmizin simvolu sayılan "Zəfər yolu"nun tikintisi cəmi bir ilə başa çatdırılıb və yol artıq istifadədir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik "Zəfər yolu" Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən "Zəfər yolu" Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına hazırda işğaldan azad olunan ərazilərdə daha 15 avtomobil yolunun tikintisi həyata keçirilir. Bunlardan biri Füzuli-Hadrut avtomobil yoludur. Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 kilometr təşkil edir. Qubadlı şəhərinə qədər uzunluğu 14 kilometr olan yeni avtomobil yolu da inşa olunur. Yolların ümumi uzunluğu isə 70.4 kilometrdir. Artıq layihə üzrə 80 dairəvi və 13 yeraltı keçid tikilib, 3105 metr istinad divarı da inşa olunub. Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla bu rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası da sürətlə davam edir. Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Uzunluğu 64.8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 2020-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Ox üzrə uzunluğu 47,1 kilometrdir. Dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 130 süni mühəndis qurğusunun, 4 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Layihənin bu il yekunlaşdırılması nəzərdə tutulur.
"Böyük Qayıdış"ı təmin etmək, azad olunmuş ərazilərdə davamlı iqtisadi inkişafa nail olmaq üçün yolların çəkilməsi əsas şərt kimi ortaya qoyulub. Çəkilən yolların kateqoriyası əsasən birinci və ikinci dərəcəli yollardır. Qeyd edək ki, o cür çətin dağlıq relyef şəraitində birinci və ikinci dərəcəli yolların çəkilməsi asan məsələ deyil. Bunun üçün həmin ölkənin iqtisadiyyatı dayanıqlı olmalı, müvafiq qurumlar koordinasiyalı işləməyi bacarmalıdır. Bundan başqa, bu yollarda hərəkətin daha rahat və sadələşdirilmiş şəkildə təşkili üçün ağıllı yol infrastrukturu səviyyəsində qurulması da gözlənilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində məskunlaşacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.
İşğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə töhfədir. Ölkə Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bu il həyata keçirilən layihələrdən danışarkən qeyd edib ki, infrastruktur ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək.
Mustafa KAMAL,
"Respublika".