Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir
Digər xəbərlər

Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir

"Azərbaycan xalqının əsrlər boyu qəlbində olan, həsrət çəkdiyi günlər gəlib çatmışdır. Azərbaycan xalqı öz müstəqilliyinə nail olmuşdur".

Bu sözləri müasir Azərbaycan Respublikasının qurucusu, müstəqilliyimizin banisi Ulu Öndər Heydər Əliyev xalqa müraciəti zamanı bildirib.

Sovet hakimiyyətinin süqutunun qaçılmaz proses alması onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaradıb. Avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənəd əldə edilib. Belə ki, 1991-ci ildə Azərbaycan parlamentinin - Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edilib. Parlament, Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun - Konstitusiya Aktının hazırlanması, həmçinin Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanıb.

Bundan sonra Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Bununla da öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib. Qısa zaman kəsiyində beynəlxalq aləmin subyektinə çevrilən ölkəmiz dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb. İlk vaxtlar müstəqilliyimiz çoxsaylı təhlükələrlə üzləşib, ağır sınaqlardan keçib. Daxili çəkişmələr, özbaşınalıq, hərc-mərclik və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirib, onun gələcək taleyini sual altına qoyub. Elə həmin illərdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşüb. Şübhəsiz ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.

Həm vətəndaşlarımızın, həm də dövlətin bu ağrılı və çətin günündə Ulu Öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdıb. Bununla da hakimiyyətdə gedən dərin təmizlik işlərindən sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alınıb. Qısa müddət sonra daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olunub, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edilib, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanılıb. Ulu Öndərin bildirdiyi kimi, müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir: "Mən bu gün Azərbaycan Respublikasının müstəqilliyini mühafizə edən Azərbaycan Silahlı Qüvvələrinə, sərhədlərimizi qoruyan döyüşçülərə, əsgərlərə, zabitlərə müraciət edirəm, Vətənini əziz sayan, onu sevən hər bir vətəndaşa müraciət edirəm. Bizim gələcək taleyimiz öz əlimizdədir. İndi biz vətənimizin, torpağımızın, ölkəmizin sahibiyik, öz taleyimizi özümüz həll etmək imkanı qazanmışıq. Ancaq bu imkanları əldə saxlamaq, müstəqilliyi daimi etmək və ölkəmizi inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq, Dünya birliyində layiqi yer tutmaq qarşımızda duran əsas vəzifələrdir. Bir dövlət başçısı kimi mən bu vəzifələri özümün ümdə vəzifələrim hesab edirəm. Güman edirəm ki, hər bir vətənpərvər azərbaycanlı, bu yurdun vətəni sevən hər bir sakini bunları özünün şəxsi vəzifələri hesab edəcəkdir".

Ulu Öndərimizin dediyi bu sözlər bu gün reallaşıb. Həsrətində olduğumuz Qarabağ əsl sahiblərinə, minlərlə həmyerlimiz öz doğma dədə-baba torpaqlarına qovuşub. Bölgədə yüksək səviyyəli bərpa, yenidənqurma işləri sürətlə davam edir. Bununla yanaşı, ölkəmizdə bu gün beynəlxalq səviyyəli tədbirlər, konfranslar, yarışlar keçirilir. Minlərlə turist hər il bu yarışları izləmək və ya dincəlmək üçün Azərbaycana gəlir. Müstəqil ölkə kimi, biz də digər dövlətlərə səfər edərək, xalqımızı, Azərbaycanı təmsil edirik. Beynəlxalq səviyyəli idman yarışlarında, texnologiya və musiqi müsabiqələrində yer qazanırıq. Azərbaycan bu gün bir çox ölkənin güclü və etibarlı tərəfdaşıdır. Bir çox dövlətlər Azərbaycanla əməkdaşlıq edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".