Naxçıvanın turizm marşrutları
Region

Naxçıvanın turizm marşrutları

Dünən, bu gün, sabah

Mürəkkəb sosial-iqtisadi proseslərin məcmusu olan turizm ölkəmizdə uğurla həyata keçirilən qeyri-neft sektorunun inkişaf strategiyasında mühüm yer tutur. Ölkəmizi dünyaya tanıtmaqla yanaşı, turizm regional inkişafın da mühüm vasitəsi kimi yeni iş yerlərinin açılması, ucqarlarda əhali məskunlaşması və bir sıra sosial-iqtisadi problemlərin həllinə kömək edən dövlət siyasətinə xidmət edir. Məhz bu xüsusiyyətlərinə görə turizmin inkişafı yeni dövrdə ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün prioritet istiqamətlərdən biridir. Ötən dövrdə Naxçıvanın turizm potensialının artırlması istiqamətində həyata keçirilmiş mühüm dövlət tədbirləri, yerinə yetirilmiş infrastruktur layihələri muxtar respublikada mövcud turizm marşrutları üzrə səyahət edən həm əcnəbi, həm də yerli turistlərə mənalı sosial-mədəni xidmətlər göstərməyə imkan verir.

Naxçıvan Muxtar Respublikası istər turizm marşrutları yaradılması və istərsə də ümumən asudə vaxtın təşkili baxımından olduqca unikal bir məkandır. Tarixi ədalətsizlik nəticəsində Azərbaycanın əsas hissəsindən ayrı düşməsinə baxmayaraq, Naxçıvanın yerləşdiyi coğrafi mövqe, buradakı landşaft müxtəlifliyi, zəngin tarixi-mədəni potensial və müasir inkişaf səviyyəsi mövcud olan və yaradılacaq turizm marşrutlarının cazibədarılğına öz təsirini göstərir. Belə ki, regionun sahib olduğu təbii, tarixi-mədəni və antropogen mənşəli turizm ehtiyatları burada dini ziyarət, müalicə, mədəni tanışlıq, ekoturizm, etnik, kənd-yaşıl və tranzit turizm növləri üzrə turistlərin cəlb olunmasına imkan yaradır.

Bu gün Naxçıvan Muxtar Respublikasında mərkəz Naxçıvan şəhəri olmaqla, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Batabat, Naxçıvan-Ağbulaq, Naxçıvan-Ordubad, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar kimi istiqamətlərdə əsas turizm marşrutları fəaliyyət göstərir. Bununla yanaşı, bu marşrutların sayının daha da artırılması və yeni istiqamətlərdə satışa çıxarılan turların turistlərə təqdim olunması da mümkündür. Belə ki, gələcəkdə Naxçıvan-Kükü-Gurbulaq, Naxçıvan-Nehrəm, Naxçıvan-Sədərək, Naxçıvan-Çənnəb, Naxçıvan-Keçili, Naxçıvan-Badamlı, Naxçıvan-Haçadağ, Naxçıvan-Dırnıs, Naxçıvan-Şahbulaq, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Ordubad-Göygöl kimi perspektiv marşrutlar da turistərin marağını cəlb etməkdədir. Ayrıca olaraq, Zəngəzur dəhlizinin açılması ilə yaxın gələcəkdə tarixi torpaqlarımız olan Qərbi Zəngəzurdan keçməklə də turizm marşrutları yaradılacaq.

Naxçıvanda turizm marşrutlarının, eləcə də ümumilikdə turizmin inkişafına bir sıra amillər təsir etmişdir. Belə ki, keçmiş sovet dönəmində Naxçıvan Muxtar Respublikasının sərhədyanı bir bölgə kimi xarici turistlərin üzünə bağlı qalması, daha sonrakı dövrlərdə düşmən blokadasının ilk illərindəki ağır sosial-iqtisadi vəziyyət Naxçıvanda turizmin inkişafına mənfi təsir göstərmişdi. Bununla yanaşı, ölkəmizin bu mühüm geostrateji regionu hələ ümummilli lider Heydər Əliyevin 1990-cı illlərin əvvəlində buradakı fəaliyyəti dövründə dünyanın diqqətini cəlb etmiş, müxtəlif ölkələrdən, xüsusən qardaş Türkiyədən bölgəyə gələn tanınmış siyasətçilər, media nümayəndələri, işgüzar insanlar Naxçıvanın ilk turistləri olmuşdular. Daha sonrakı dövrdə dahi şəxsiyyətin Naxçıvana olan daimi diqqəti və ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikanın hərtərəfli inkişafı ilə bağlı verdiyi mühüm qərarlar digər sahələr kimi turizmin də inkişafını təmin etmişdir. Hazırda Naxçıvan Beynəlxalq Hava Limanı və üç gömrük-keçid məntəqəsi vasitəsilə regiona gələn turistlər buradakı turizm sənayesinin xidmətlərindən istifadə etməklə qədim diyar haqqında məlumat alırlar.

Bu gün Naxçıvana ilk dəfə səyahət edən hər bir turist üçün dünya tufanının izlərini yaşadan Haçadağın məğrurluğu nəzərdən qaçmır. Əsrlərin mübarizəsinə şahidlik etmiş Əlincəqala ilə birlikdə sanki bu torpağın daimi keşiyində dayanmış Naxçıvan dağları heç zaman, heç kimə boyun əymədən bu gün də öz əzəmətini saxlayır. Naxçıvan şəhərinin harmoniyası ilə qısaca tanış olub, ilk ziyarətini müqəddəs Əshabi-Kəhfə edən turistlər burada hər kəsin qəlbini rahatladacaq səbir, hüzur dolu saatlar yaşayır, Uca Allahın sonsuz ədalətinə sığınaraq bir gün hər cür zülmdən qurtulmağın rəhmətinə qovuşurlar. Daha sonra Ordubada hərəkət edən turist qrupunu burada unikal bir məkan gözləyir. Ordubadın qədim küçələrinin aurası, onların yüz il əvvəl olduğu kimi, indiyə qədər qalması və üzərinə heç bir əlavə olunmaması buradakı turizm ehtiyatlarımızın tanışlıq dəyərini artırır. Ordubada xas qədim qonaqpərvərlik elementlərimiz heç bir yamaq götürmədiyi kimi, Ordubadda və Naxçıvanın digər yerlərində indiyə qədər "əl gəzdirilməmiş" qalan tarixi məkanlar da turistlər tərəfindən dərin maraqla qarşılanır.

Səyahətin növbəti günündə yolunu Şahbuzun yaşıl çəmənlərinə salan turistlər təbiət gözəli Batabat, Qanlıgöl, Gurbulaq şəlaləsi, Ağbulaq dolaylarına doyunca tamaşa edib, Zorbulağın bumbuz suyundan içmək həyəcanını yaşayır, bölgəyə məxsus ləziz Naxçıvan nemətlərindən dadmaq, mineral suları yerində içmək fürsəti qazanırlar. Şəhərə qayıtdıqda Naxçıvan Duzdağı ilə tanışlıq turistlərin böyük Vətənimizin nə qədər zəngin təbii resurslara və qədim tarixə malik olduğu haqqında təəssüratlarını daha da dərinləşdirir.

Muxtar respublikadakı turizm marşrutlarının başlanğıc nöqtəsi olan Naxçıvan şəhəri sadə insanların qonaqpərvərliyi, xidmət sektorunun dürüstlüyü ilə turistlərin diqqətini cəlb edir. Şəhərin geniş küçələri və böyük şəhərlərə xas olmayan hərəkət seyrəkliyi turistlər üçün buradakı abidələr, muzeylər, kəhrizlər və mədəniyyət obyektləri ilə tanışlıq baxımından əlverişlidir. Şəhərdəki, özəl sektora aid kiçik xidmət müəssisələrinin sayı artıb, dünya təcrübəsi mənimsəndikcə müştəri məmnuniyyəti baxımından daha yaxşı servislər təqdim edib, turizmdən daha yaxşı gəlirlər əldə etmək mümkün olacaqdır.

Növbəti turizm mövsümü, qarşıdakı dövr turizm marşrutlarının daha da təkmilləşdirilməsi, ümumilikdə Naxçıvanda turizmin inkişafı istiqamətində ən əlverişli və ən məsuliyyətli dövr olacaq. Bütün dünyada turizmə ciddi zərər vurmuş məcburi məhdudiyyətlərin yumşaldığı və regionda mövcud olmuş gərəksiz qadağaların artıq acı bir tarix olduğu bir dövrdə Naxçıvanda turizm ehtiyatlarımızın cazibə gücünün daha dərindən öyrənilməsi, keçmişdən dərs çıxarılmaqla dövlətin ali maraqları və yerli əhalinin mənafeləri nəzərə alınmaqla, sahibkarlığa geniş meydan verilməsi turizm inkişafı baxımından qarşıda duran əsas vəzifələrdəndir. Beləcə, qardaş Türkiyə ilə həmsərhəd olan Naxçıvanın indiki tranzit imkanlarının da gələcəkdə genişlənərək Zəngəzur dəhlizi ilə bütün Türk dünyasına da inteqrasiya olunması onu bütün dünyaya daha yaxından tanıdacaq, insanların xoş rifahı üçün əlavə imkanlar yaranacaq.

Sabah daha gözəl olacaq!

Əli CABBAROV,

Naxçıvan.